Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Biləsuvarda törədilən dəhşətli qətllə bağlı birgə məlumat yayıb.
Lent.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, Biləsuvar rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Biləsuvar rayon İsmətli kənd sakini, 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdən öldürülməsi müəyyən edilib.
Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
***
saat 13:40
Biləsuvarın İsmətli kəndində gəlini və onun qardaşı tərəfindən öldürüldüyü ehtimal edilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın nəşinin ekshumasiyası həyata keçirilir.
Belə ki, mərhum bir neçə ay öncə dəfn olunmuşdu.
Qeyd edək ki, təzyiqdən öldüyü deyilən qadının əslində qətlə yetirildiyi ortaya çıxıb.
Lent.az İctimai TV-nin hadisə yerindən videomaterialını təqdim edir:
***
saat 10:04
Biləsuvar sakini boğularaq öldürülüb, təfərrüatlar məlum olub.
Bir müddət öncə beyindaxili təzyiqdən öldüyü deyilən 1953-cü il təvəllüdlü Almaz Cəfərovanın qətlə yetirildiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onun boğularaq öldürüldüyü məlum olub. Qətl hadisəsində şübhəli bilinən gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və gəlinin qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda araşdırma aparılır. /APA
***
saat 09:40
Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub.
Hadisə rayonun İsmətli kəndində qeydə alınıb.
Belə ki, ilkin informasiyaya görə bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Həmən vaxt onun qan təzyiqindən öldüyü bildirilib.
Dünən ortaya çıxan kamera görüntülərində onun gəlini tərəfindən boğulduğu aşkarlanıb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma başlanılıb./ APA