Məşhur repçi Rüzgar Lent.az-a danışdı
18 avqust 2022 20:15 (UTC +04:00)

Məşhur repçi Rüzgar Lent.az-a danışdı

“Bakı "partlayacaq"...” – Məşhur repçi Rüzgar Lent.az-a danışdı

Lent.az məşhur repçi Rüzgarla (Aydın Hüseynov) müsahibəni təqdim edir:


- Kimdir Rüzgar?

- Rüzgar müasir Azərbaycan musiqisinin və Azərbaycan repinin önəmli sənətçilərindən biri, birincisidir! 

- Döymələriniz maraqlı görünür, mənaları nədir?

- İlk döyməmi 17 yaşında etdirmişəm. Ailəmin reaksiyası heç də yaxşı olmayıb. Məsələn, üzümdəki 3 nöqtənin mənası “gangster” deməkdir. Sağ qolumun üstündəki döymənin mənası odur ki, hər qaranın üzərində bir həyat var. Daşın içindən gül bitir. Bu biri qırılan zəncir döyməsi isə azadlıq deməkdir. Bunu həbsdən çıxanda etdirmişəm. 

- Azadlığınıza düşkünsünüz? 

- Azadlıq çox böyükdür. Hələ də özümü tam azad ifadə edə bilmirəm. Mane olmurlar, amma daha da yaxşı ola bilər hər şey. 

- İllər əvvəl həbs olundunuz. Necə baş verdi bu?

- Trekimdəki sözün mənasına görə həbs edilmişdim. Məni yanlış anlayıb haqqımda yanlış hökm çıxardılar. O anları yaşamaq mənim üçün həyat təcrübəsi oldu. Məni sevənlərin nə qədər çox olduğunun şahidi oldum. Hətta məni sevməyənlər də birləşib azadlığa çıxmağım üçün addımlar atmışdılar. 

- İlan döyməsi diqqətimi daha çox çəkdi. Kimə aiddir bu?

- Bu, “saxta insanlardan ehtiyatlı olun!” mənasını verir. Yəni mənə tez-tez deyir ki, ehtiyatlı olmalısan. Bunu həyatda qarşıma çıxan ilk saxta insanlara görə etdirmişəm. Uzun illər əvvəl etdirdim, deyəsən, çox hisslərə qapılmışdım. Böyüdükcə dedim ki, boş vermək lazımdır. 

- Bəs əlinizin üstündəki rəqəmlər nəyi ifadə edir? 

- Albomlarımdır. “Sərt əsinti” adlı birinci, ikinci və üçüncü albomlarım. Üçüncü albom Azərbaycan musiqisinə sözün həqiqi mənasında yön verdi və bu, Azərbaycan repini dəyişib. Azərbaycanda ilk “trap konsert” mənə məxsusdur. 2016-cı ildə baş tutub. Bir ildə dörd konsert verdim. Albomum Azərbaycan repini yüksək mərtəbəyə qaldırıb.  

- Repçi Rüzgarı başa düşmək çətindir? 

- Məni bu ölkədə başa düşən az insan var. Mən özümü 20-30 il, bəlkə də lap çox irəlidə görürəm. Onların qulağı və gözü açıq, zövqlü və özəl insanlar olduğuna inanıram. Hesab edirəm ki, indi məni başa düşməyənlər hər şeyi zamanla anlayacaqlar. 

- Ailəniz repçi olduğunuza görə sizə həmişə dəstək olub? 

- Ailəmə məqsədlərimdən söz açmışdım. İşlərimə qarışmır və daima mənə uğurlar diləyirlər. Onlar nə qədər bu həyatdadırlar mən özümü daha güclü hiss edirəm. Mənim üçün bundan böyük dəstək ola bilməz.

- Bəs şəxsi həyatda xoşbəxtsiniz? Ailə quracaqsınız?

- Şəxsi həyatla bağlı sualları cavablandırmağı sevmirəm, ancaq şəxsi həyatımda hər şey əladır. Kariyeramın yaxşı zamanlarını yaşayıram deyə bir gün nə vaxtsa, evlənəcəyəm. Niyə də yox?! 

- “Namizəd” var? 

- Var. 

- Sənətə görə nələrisə qurban vermisiniz? 

- Bəli, münasibətlərimi sənətə qurban vermişəm. Nişanlımdan da ayrılmışam. 

- İlham mənbəyiniz nələrdir?

- Yaşadığım hər gündən ilham alıram. Yerin və göyün sahibindən, təbiətdən, musiqidən, ətrafımdakı insanlardan, kitablardan ilham alıram. 

- Sonuncu dəfə hansı kitabı oxumusunuz? 

- Mihay Çiksentmihayın “Axın” adlı kitabını oxudum. Həyatdakı harmoniyanı tutmaq və axında itib-batmaqdan bəhs edir. Çox maraqlı kitabdır, tövsiyə edirəm. Fəlsəfidir.

- Fəlsəfə ilə maraqlanırsınız onda.

- Bəli, 2015-ci ildən. İzah edə bilmərəm nədən sonra başladım. Mənim uşaqlıqdan şahmatçı olduğumu çoxları bilmir. 

- Nəsə real həyatda sakit, təmkinli görünürsünüz. Uşaqlıqda da belə sakit olmusunuz?

- Yox (gülür). Sumqayıt uşağıyam. Şuluq uşaq olmuşam, musiqilərimdəki kimi. Hər şey balansında gözəldir. 

- Repçi Rüzgar və Aydın üçün sevgi, ailə nədir? 

- Sevməyi bacarıram. Anlayıram ki, həqiqətən dünyanı sevgi xilas edəcək. Sevgi Yaradanın lütfüdür, sevgi müqəddəs hissdir. Çox sevən insan nə edirsə və nə istəyirsə, istəyinə tez nail ola bilir. Yaradanı, ailəmi, sevgilimi, ətrafımdakı insanları, dinləyicilərimi və bu dünyadakı bütün yaxşı insanları sevirəm.

- Repçi Paster və bir neçə repçi ilə aranızdakı intriqalar necə yarandı?

- Hazırda intriqada olduğum repçi yoxdur. Mənim repçilərlə intriqa etməyə vaxtım yoxdur. Daha önəmli işlərlə məşğulam, yəni önəmli musiqilər üzərində işlər gedir. 

- Bir-birinizə göndərdiyiniz “diss”lərdən danışaq?

- Bu barədə daha danışmaq istəmirəm. Mövzu maraqlı deyil. 

- Bir zamanlar duet oxuduğunuz repçi Xpertlə aranızda soyuq küləklər əsir deyirlər. Aranız necədir onunla?

- Ümumilikdə hamı ilə münasibətim yaxşıdır. Onunla da normaldır. Düzü, heç görüşmürəm. Aramız o qədər də yaxşı deyil. 

- XXXpertlə, yoxsa Xpertlə?

- Şəhriyarla (gülür).

- Düşmən çoxdur, yoxsa dost? 

- Nə real düşmənim var, nədə ki, dostum. Ölüm, ölüm dediyin nədir ki, gülüm? Mən sevdiklərim üçün yaşamağı gözə aldım.

- Azərbaycan repində yeni və köhnə məktəb nümayəndələrindən “respect” etdikləriniz var? 

- Bəli. Azərbaycan repində özünü təsdiqləmiş bir çox sənətçi yoldaşlarıma hörmətim var. Azərbaycan repinin hansı pillədə olduğundan danışsaq, deyə bilərəm ki, onu sonuncu dəfə yüksəldən mən və ətrafımdakı musiqi prodüserləri – “Corandcrank & Yelo” oldu. Bizdən başqa, qalan kimlər varsa, mövzuya yaxşı hakim deyillər. Yəni, seçilmirlər, eyni şeyləri təkrarlayırlar. 

- Ümumiyyətlə, şayiələrə qulaq asırsınız? Reaksiyanız nə olur?

- Baxır hansı şayiələrə. Qulağıma gəlib çatır, deyirlər ki, Rüzgar narkomandır (gülür). Kim nə istəyir, fikirləşsin. Karmaya inanıram. Mən həyata çox sağlam ruhla, bədənlə yaşamağa davam edən biriyəm. Doğrudan da məni tanıyan insanlar belə bilir. Danışılanlar sadəcə şayiədir. 

- Meyxana ilə aranız necədir? Duet təklifləri almısınız? 

- Meyxana əla söhbətdir. Bu, Amerikada olsaydı, dünya şöhrətli trend idi. Söz ustaları, qafiyə maşını, heca vəznləri və s. Onu da deyim ki, Namiq Qaraçuxurludan təklif gəlsə, dəyərləndirərdim.

- Planda “battle” və ya xaricilərlə duet gözlənilir?

- “Battle” qonararımı açıqlamışam – 50 min manat. Bu, artıq məni “battle” meydanına çıxarmaq istəyənlərin öhdəliyindədir. Onlar maraqlı olmalıdır ki, məni çıxartsınlar həmin meydana. Baş tutsa, bir dəfə qatılacağam. Yəni, istənilən repçi ilə edə bilərəm. 

Bəli, xarici sənətçilərlə duet planda var, ola bilər. 

- Çoxdandır sizdən yeni nələrsə görmürük. Layihələr varmı?

- Yaxın 10-15 günə “Toxunma” adlı yeni klipim işıq üzü görəcək. Bundan başqa, daha 3 klipim də var ki, onlar da müəyyən zaman aralığında yayımlanacaq. Həmçinin, Damla ilə də “Aşiqlər” adlı yeni layihəmizi klipi ilə birlikdə tezliklə ictimaiyyətlə bölüşəcəyik. Partlayacaq Bakı! 

# 19209
avatar

Nigar Namiq

Oxşar yazılar