Son günlər səhnə şouları ilə gündəmdən düşməyən Hadisə Açıkgöz, bu dəfə “Fırtınam” adlı yeni mahnısının klipi ilə gündəmə gəlib.
Lent.az xarici mediaya istinadən bildirir ki, məşhur müğənni klip çəkilişlərində heç bir filtr və fotoshop istifadə etmədən kamera qarşısına keçib.
Klipdə Hadisənin üzündəki mimika cizgiləri, göz ətrafındakı qırışıqlıqlar və güclü makiyajı diqqət çəkib. Sosial şəbəkələrdə bəzi istifadəçilər “Üzündəki qırışıqlıqlar çox aydın görünür”, “Hadisə qocalıb!”, “Bu klipdə onun yaşlandığını hiss etdim” kimi rəylər paylaşıblar.
Gələn tənqidlərə səssiz qalmayan Hadisə, klip üçün çəkilmiş fotoları paylaşaraq belə bildirib:
“Arıqlayarıq – mühakimə olunarıq. Kökələrik – yenə mühakimə olunarıq. Filtr istifadə edərik – “gerçək deyil” deyərlər.
Cizgilərimizi göstərərik – “qocalmısan” deyərlər. Qadın olmaq – hər halınla mühakiməyə açıq olmaq demək sanırlar. Amma mən heç vaxt bu qaydalara görə yaşamamışam. Nə səhnədə, nə aynada…”
Hadisə açıqlamasının davamında azadlıq vurğusu edərək deyib:
“Bu fotoda da mənəm. Cizgilərim də mənimdir. Sözüm də, bədənim də, səhnəm də mənimdir. Və bu azadlığı heç kimə izah etmək məcburiyyətində deyiləm. Qorxmadım. Qorxmaram. Qorxuda da bilməzsiniz”.
Hadisənin bu cəsarətli çıxışı sosial mediada geniş əks-səda doğurub. Bir çox pərəstişkarı onun filtrsiz duruşunu və verdiyi mesajı dəstəkləyib.