Türkiyə serialları yalnız maraqlı süjet xətləri və emosional səhnələri ilə deyil, həm də xarizmatik və istedadlı aktyorları ilə milyonlarla tamaşaçının qəlbini fəth edib.
Lent.az xarici mediaya istinadən “Qapımı döy” və “Möhtəşəm Yüzil” kimi məşhur türkiyə seriallarının baş qəhrəmanlarının - Kerem Bürsin, Halit Ergenç, Can Yaman və digərlərinin hansı təhsil aldıqları və aktyorluğa qədər hansı peşələrlə məşğul olduqları barədə məlumat verir.
Türkiyədə aktyor olmaq bir çox kişinin arzusudur - bu, təkcə bütün dünyada məşhurlaşmaq imkanı deyil, həm də böyük pullar qazanmaq deməkdir. Lakin türkiyə seriallarının bütün ulduzları əvvəldən aktyor olmağı xəyal etməyiblər. Bəziləri bu sahəyə təsadüfən gəlib.
Halit Ergenç
Halit Ergenç bütün dünyada “Möhtəşəm Yüzil” serialındakı Sultan Süleyman rolu ilə tanınıb. Bu uğurdan sonra o, çoxsaylı təkliflər alıb və peşəkar aktyor kimi davamlı məşğulluq qazanıb. Lakin o, serial ulduzu olmaya da bilərdi.
Gəncliyində Halit İstanbul Texniki Universitetinin “Gəmiqayırma və Dənizçilik” fakültəsinə daxil olub. Lakin bu sahədə bir gün belə işləməyib — yaradıcı sahəyə marağı üstün gəlib. O, əvvəlcə marketoloq, sonra operator kimi işləyib, hətta müğənni Ajda Pekkanın rəqs qrupunda da yer alıb. Yalnız bir müddət sonra aktyor olmaq istədiyini anlayıb və Mimar Sinan Gözəl Sənətlər Universitetinə keçib.
Qeyd edək ki, bəlkə də hüquq təhsili də ona faydalı olardı: bu ilin mayında İstanbul etirazlarında iştirak etdiyi üçün Ergenç 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib - yalan ifadə verdiyinə görə məhkəmə onu təqsirli bilib.
Can Yaman
“Erkenci Kuş” (Erkən quş) serialı Can Yamanı türkiyə seriallarının yeni seks-simvoluna çevirib. Maraqlıdır ki, aktyor olması az qala təsadüf nəticəsində baş verib. Can əvvəlcə İstanbulda Bilfen kollecdə təhsil alıb, daha sonra İtaliyaya köçüb və oradakı bir məktəbdə oxuyub. Həmin məktəbdə ən yüksək qiymət almış yeganə şagird olub.
İllərlə uğurla vəkil kimi çalışıb, aktyorluq kurslarına isə sadəcə əyləncə məqsədilə gedirmiş. Lakin dostları teatrda onun oyununa valeh olub və peşəsini dəyişməsini tövsiyə ediblər. Can bu yoldan gedib və peşman olmayıb. İndi o, təkcə Türkiyədə yox, İtaliyada da seriallara çəkilir, həmçinin ingilis dilində çəkilən layihələrdə də iştirak edir.
- Türkiyədə biz çox işləyirik - gündə 16 saat, hətta şənbə və bazar günləri də. Avropadakı qaydalar bizdə yoxdur. Yeddi il fasiləsiz işlədim, bu məni Türkiyədə maşın kimi formalaşdırdı. İtaliyaya gələndə isə mənə asan oldu, — deyə Yaman müsahibəsində bildirib.
Kıvanç Tatlıtuğ
“Kurt Seyit ve Şura”, “Aşk-ı Memnu” və “Kuzey Güney” seriallarının ulduzu Kıvanç Tatlıtuğ hələ uşaq yaşlarından idmanla məşğul olub və peşəkar basketbolçu olmağı arzulayıb.
Əla nəticələr göstərən aktyor əvvəlcə “Fənərbaxça”ya, sonra isə “Beşiktaş” basketbol klubuna daxil olub. Lakin dizindən aldığı zədə səbəbilə böyük idmanı tərk etməli olub. Sonra model kimi fəaliyyət göstərməyə başlayıb və eyni zamanda aktyorluq dərslərinə qatılıb.
- Mən nə model, nə də aktyor olmaq istəmişdim. Həyat təsadüflərlə doludur. 10 il basketbol oynamışam. Bu sahələrlə heç bir əlaqəm yox idi. Basketbol oynayarkən çoxları deyirdi: “Sən yaxşı idmançısan, amma mütləq aktyor və ya model ol”.
Mən isə onlara hirslənirdim: “Mən peşəkar basketbolçu olacağam, bu həyata özümü həsr etmişəm”. Hələ də basketbol haqqında danışanda gözlərim işıldayır, - Tatlıtuğ etiraf edir.
Burak Özçivit
Türkiyə seriallarının əsas seks-simvollarından biri olan Burak Özçivit də ilk başda aktyor olmayıb. O, Marmara Universitetinin kino, təsviri incəsənət və fotoqrafiya fakültəsində təhsil alıb. Uzun müddət sadə fotoqraf işləyib və model kimi də fəaliyyət göstərib. Podiumdakı uğurları nəzərə çarpıb — onu həm “Türkiyənin ən yaxşı modeli”, həm də “Dünyanın ən yaxşı modeli” seçiblər.
Gözəlliyi və cazibədarlığı ilə rejissorların diqqətini çəkən Burak, tezliklə kino dünyasına keçid edib və bu keçid uğurlu olub. Hazırda onun filmografiyasında “Möhtəşəm Yüzil”, “Çalıkuşu”, “Osman” və “Kara Sevda” kimi çoxsaylı məşhur seriallar var.
Kerem Bürsin
“Sen Çal Kapımı” serialının ulduzu Kerem Bürsin uşaqlıqda aktyor olmaq arzusunda deyildi. Valideynləri ilə birlikdə müxtəlif ölkələrdə yaşayan Kerem uzun müddət ABŞ-da qalıb. Uşaq yaşlarından yaradıcı idi - öz rok qrupunu qurmuşdu və məktəb tamaşalarında iştirak edirdi.
Lakin atası onu ciddi təhsil almağa məcbur etdi. Kerem Bostonda marketinq ixtisasına daxil olub. Bu sahə ona maraqlı gəlmədiyi üçün gizlicə aktyorluq kurslarına gedib. Nəhayət, o, Los-Ancelesə köçüb və aktyorluğa tam şəkildə yönəlib - anası onu dəstəkləyib. ABŞ-da kino ulduzu ola bilməsə də, Türkiyədə tezliklə şöhrət qazanıb.