Türkiyənin məşhur müğənnisi Demet Akalın sənətçi Hülya Avşarın mirasla bağlı açıqlamalarına sərt reaksiya verib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hülya Avşarın varlı insanların sağlığında miraslarını ailə üzvləri arasında bölüşdürməli olduqlarını deməsi maqazin gündəmində müzakirələrə səbəb olub.
Konsertdən əvvəl jurnalistlərin suallarını cavablandıran Hülya Avşar məşhur şəxslərin ölümündən sonra ailələrində yaşanan miras qalmaqallarına münasibət bildirib. Sənətçi böyük sərvətə sahib insanların mal-mülklərini əvvəlcədən ədalətli şəkildə bölüşdürmələrinin vacib olduğunu vurğulayıb. “Əgər çox varlısansa, pulun, malın-mülkün varsa, müəyyən müddətdən sonra oturub bunları bölüşdürmək lazımdır. Birinə çox, digərinə az vermək və ya kimisə tamamilə mirasdan məhrum etmək ailədə ciddi problemlər yaradır. Hər kəsin haqqı ədalətli şəkildə verilməlidir”, – deyə Avşar bildirib.
O, miras bölgüsünün hüquqi qaydada rəsmiləşdirilməsinin də vacibliyini qeyd edib. “Hər şeyi əvvəlcədən ədalətlə bölüşdürüb rəsmiləşdirəcəksən, vəkilə verəcəksən. Deyəcəksən ki, mənim vəsiyyətim budur. Ondan sonra nə qədər istəyirlər, mübahisə etsinlər”, – sənətçi əlavə edib.
Lakin Hülya Avşarın bu fikirləri Demet Akalının xoşuna gəlməyib. Məşhur müğənni sosial şəbəkədə Avşarın açıqlamasının yayımlandığı videoya şərh yazaraq ona etiraz edib. “Nə axmaq fikirdir! Sağlığımda istəsəm, verərəm! Vaxtilə kimsə məndən ‘Acsan, yoxsa toxsan?’ deyə soruşub ki?” – Akalın bildirib. İki məşhur sənətçinin mirasın bölüşdürülməsi ilə bağlı fərqli mövqeləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.