Heç bir ali təhsili olmayan 94 yaşlı qadın həyatı boyu 1658 kitab oxuyub.
Lent.az xəbər verir ki, Avstraliyada yaşamış bu qadın heç məktəbi də bitirməyib.
Maraqlısı odur ki, bunlara baxmayaraq qadın 4 dil bilir – serb, macar, ingilis və alman. O, ömrünün 80 ilində 4 dildə 1658 kitab oxumağa nail olub.
Məlumata görə, onun nəvəsi olan qadın Ben Myers hazırda Avstraliyanın Alfacrucis Universiteti tərkibində olan kollecin direktorudur. Myers 94 yaşlı nənəsinin 14 yaşından bəri oxuduğu bütün kitabların siyahısını saxlayıb. O, həmin siyahının bir hissəsini “Twitter”də şəxsi hesabında paylaşıb.
Paylaşıma isə “Bunlar demək olar ki, bir əsrlik insanın şüurunun heyrətamiz arxividir” şərhini yazıb.
Myers nənəsinin ailəsi ilə birlikdə 1945-ci ildə Yuqoslaviyadan qaçdığını bildirib.
“Əvvəlcə bir müddət Almaniyada yaşayıb, sonra isə Avstraliyaya köçüb. Almaniyada yaşayan vaxt nənəm fermada yaşayıb. O zamanlar 17 yaşlı bu qız müharibədən sonrakı dövrün çətinliklərinə baxmayaraq, hər şeylə maraqlanıb və əlindən gəldiyi qədər kitab oxuyub”, - Ben deyib.
Ben Myers nənəsinin yadında qalan bir neçə xatirəsini də onun dilindən paylaşıb:
“Mən tez bir zamanda alman dilini öyrənmək və anama yüksək səslə yaxşı kitablar oxumaq istəyirdim. Dostoyevskinin, Dümanın romanlarını xatırlayıram. Bir gün divarda gizlədilmiş kiçik bir kitab tapdım. Ferma sahiblərinin ondan xəbəri yox idi. Ancaq mən yenə də icazə aldım. Onlar kitabın məndə qala biləcəyini dedilər. Daha sonra bu kitabın Henri Drummonda məxsus "Dünyanın ən böyük şeyi" adlı əsərinin alman nəşri olduğu ortaya çıxdı. Həmin kitaba sanki aşiq olmuşdum və onu dəfələrlə oxumuşdum. Elə oradaca qərar verdim ki, həyatımı bu kitab üzərində quracağam”.
Qeyd edək ki, Myersin bu paylaşımı 80 min bəyənmə və 4,5 milyon baxış toplayıb. İnsanlar 94 yaşlı qadının təhsili olmamasına baxmayaraq, oxumağı bu qədər sevməsinə heyran olublar.