Mis sikkənin güllərin ömrünü uzatdığı barədə fikir müəyyən elmi əsaslara malikdir. Mis ionları həqiqətən antibakterial xüsusiyyətlərə sahibdir və vazadakı mikroorqanizmlərin çoxalmasını zəiflədir. Lakin nəzərəçarpacaq effekt üçün həqiqi mis lazımdır. Müasir sikkələrdə isə misin miqdarı çox azdır. Ən yaxşı nəticə 1981-ci ildən əvvəl zərb edilmiş sikkələr və ya xüsusi çiçək qidaları ilə əldə olunur.
Lent.az xarici mediaya istinadla məlumat verir ki, sikkənin işləməməsinin əsas səbəbi müasir pullardır. 1981-ci ilə qədər bəzi sikkələr demək olar ki, tam misdən hazırlanırdı. Sonralar isə onların tərkibi dəyişdirilərək əsasən sink və ya poladdan hazırlanmağa başlanıb, üzəri isə nazik mis təbəqə ilə örtülür. Belə sikkələr demək olar ki, heç bir fayda vermir.
Bundan əlavə, köhnə mis sikkələr də oksid, kir və əl yağı ilə örtülü olur. Onlar təmizlənməsə, kifayət qədər aktiv mis ionu buraxmır. Mütəxəssislər istifadə etməzdən əvvəl sikkəni diş məcunu ilə təmizləməyi tövsiyə edir.
Hətta təmiz mis sikkə belə zəif antiseptikdir. Floristlərin verdiyi xüsusi qida qarışıqları isə daha effektlidir. Onların tərkibində şəkər (qidalanma üçün), turşu (suyun pH səviyyəsini azaltmaq üçün) və güclü antibakterial maddələr olur. Bu baxımdan mis onların yanında zəif qalır.
Sikkədən daha effektiv üsullar da var. Güldana bir xörək qaşığı şəkər və bir neçə damcı xlor əlavə etmək olar. Şəkər gülləri qidalandırır, xlor isə bakteriyaları məhv edir. Amma miqdara diqqət etmək lazımdır. 3 litr suya təxminən bir çay qaşığı kifayətdir.
Suyu mütəmadi olaraq dəyişmək, gövdəni iti bıçaqla suyun içində yenidən kəsmək, aşağı yarpaqları təmizləmək və buketi günəş şüasından, küləkdən və yetişmiş meyvələrdən uzaq saxlamaq da çox vacibdir.
Əgər mütləq sikkədən istifadə etmək istəyirsinizsə, köhnə və təmizlənmiş mis sikkə seçin və onu digər üsullarla birlikdə tətbiq edin. Təkbaşına sikkə buketi xilas etməyəcək, amma düzgün qulluqla birlikdə güllərin ömrünü bir-iki gün uzada bilər. Bir ay isə reallıqdan uzaqdır.