Hansı alma daha FAYDALIDIR  - qırmızı, yaşıl, yoxsa sarı rəngli?
15 iyul 2026 18:14 (UTC +04:00)

Hansı alma daha FAYDALIDIR - qırmızı, yaşıl, yoxsa sarı rəngli?

0

Alma ən faydalı meyvələrdən biri hesab olunur. Lakin qırmızı, yaşıl və sarı almalar təkcə dadına görə deyil, tərkibindəki faydalı maddələrə görə də bir-birindən fərqlənir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, araşdırmalar göstərir ki, almanın qabığının rəngi antioksidantların, bitki mənşəli birləşmələrin, şəkərin və lifin miqdarı barədə müəyyən məlumat verir.

Qırmızı almalar daha şirindir və antioksidantlarla zəngindir

Mütəxəssislərin sözlərinə görə, qırmızı alma növləri adətən daha şirin olur. Onların parlaq qırmızı rəngi güclü antioksidant sayılan antosianinlərlə bağlıdır. Bu maddələr gilas, albalı və müxtəlif giləmeyvələrdə də olur.

Araşdırmalar göstərir ki, almanın rəngi nə qədər tünd qırmızıdırsa, antioksidantların miqdarı da bir o qədər yüksək ola bilər. Tədqiqatlardan birinə əsasən, "Red Delicious" sortu qırmızı almalar arasında ən yüksək antioksidant tərkibinə malikdir. Onu "Royal Gala", "Fuji" və "Smitten" sortları izləyir.

Yaşıl almalar daha turşdur və daha çox lif ehtiva edir

Yaşıl almalar, xüsusilə "Granny Smith" sortu xırtıldayan quruluşu və turş dadı ilə seçilir. Yaşıl rəng xlorofil və alma turşusu ilə əlaqədardır. Bu maddələr meyvəyə turşməzə dad verir və həzm fermentlərinin fəaliyyətini dəstəkləyir.

Mütəxəssislər bildirirlər ki, yaşıl almalar:

Tərkibində daha az təbii şəkər olur;

Daha çox lif ehtiva edir;

Polifenol antioksidantlarla zəngindir.

İlkin araşdırmalar göstərir ki, bu antioksidantlar orqanizmdə iltihab proseslərinin azalmasına kömək edə bilər.

Sarı almalar yumşaq dada malikdir

"Golden Delicious" kimi sarı alma növləri dad baxımından qırmızı və yaşıl almalar arasında orta mövqe tutur. Onlar yaşıl almalardan daha az turş, qırmızı almalardan isə daha yumşaq və yüngül şirin dada malikdir. Qabığının daha açıq rəngdə olması antosianinlərin miqdarının nisbətən az olduğunu göstərsə də, sarı almalar da sağlamlıq üçün faydalı maddələrlə zəngindir. Onların tərkibində:

Lif;

C vitamini;

Karotinoidlər kimi bitki mənşəli birləşmələr mövcuddur.

Karotinoidlər yerkökündə də rast gəlinən faydalı antioksidantlardır.

"Qala" alması iltihab göstəricilərini azalda bilər

Araşdırmalardan biri göstərib ki, əsasən açıq qırmızı-sarı rəngə malik "Gala" sortu almaları müntəzəm qəbul edən insanlarda xroniki xəstəliklərlə əlaqəli iltihab göstəriciləri bu meyvəni yeməyənlərlə müqayisədə daha aşağı olub.

Hansı alma daha faydalıdır?

Mütəxəssislər vurğulayırlar ki, bütün alma növləri sağlamlıq üçün faydalıdır. Seçim isə əsasən şəxsi zövqdən və qidalanma məqsədindən asılıdır.

Şirin dad sevənlər üçün qırmızı almalar, daha az şəkər və çox lif istəyənlər üçün yaşıl almalar, balanslı və yumşaq dad axtaranlar üçün isə sarı almalar daha uyğun seçim hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar