Uşaqlıqda olanları niyə böyüyəndə xatırlamırıq?
24 aprel 2026 12:09 (UTC +04:00)

Uşaqlıqda olanları niyə böyüyəndə xatırlamırıq?

0

Alimlər müəyyən ediblər ki, uşaqlıqda baş verən hadisələrin böyüklük dövründə xatırlanmamasının əsas səbəbi yaddaşın silinməsi deyil, ona çıxışın itirilməsidir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, insanların əksəriyyəti körpəlik dövrünü xatırlamır və həyatın ilk illərinə aid xatirələr çox zəif olur. Bu hal elmdə uşaq amneziyası adlanır.

Araşdırmalara görə, insan adətən üç yaşına qədər baş verən hadisələri xatırlaya bilmir, altı yaşa qədər olan dövrə aid xatirələr isə parçalı və qeyri-müəyyən olur.

Alimlər vurğulayırlar ki, məsələ körpələrin yaddaş formalaşdıra bilməməsində deyil. Əksinə, tədqiqatlar göstərir ki, hətta südəmər uşaqlar belə xatirələr yarada bilir və onların beyni ətrafda baş verənləri aktiv şəkildə yadda saxlayır.

Problem ondan ibarətdir ki, insan böyüdükcə bu erkən xatirələrə çıxış imkanını itirir. Sara Pauer adlı tədqiqatçı Maks Plank İnsan İnkişafı İnstitutunda bu prosesi öyrənmək üçün maraqlı eksperimentlər aparıb. Xüsusi oyun otağında oyuncaqlar gizlədilib və 1,5-2 yaşlı uşaqların müəyyən müddətdən sonra onların yerini xatırlayıb-xatırlamadığı yoxlanılıb.

Nəticələr göstərib ki, uşaqlar bu cür hadisələri yaxşı yadda saxlayır. Lakin yaş artdıqca həmin xatirələrə çıxış tədricən zəifləyir.

Digər bir araşdırmada isə üç yaşlı uşaqlardan valideynləri ilə birlikdə müəyyən hadisələri danışmaları istənilib. Bir neçə il sonra alimlər bu xatirələrin nə qədərinin qorunduğunu yoxlayıblar. Məlum olub ki, 5-7 yaşlı uşaqlar bu hadisələrin təxminən 60 faizini xatırlayır, lakin 8-9 yaşa çatdıqda bu göstərici 40 faizə qədər azalır.

Mütəxəssislər qeyd edirlər ki, valideynlərin uşaqlarla birlikdə hadisələri müzakirə etməsi, suallar verməsi və detalları artırması xatirələrin daha yaxşı yadda qalmasına kömək edir.

Alimlər həmçinin beynin inkişafında mühüm rol oynayan mikroqlia hüceyrələrini də araşdırıblar. Bu hüceyrələr neyron əlaqələrini yenidən qurur və lazımsız əlaqələri aradan qaldırır.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, mikroqlianın aktivliyi azaldıqda erkən xatirələr daha uzun müddət saxlanıla bilir. Bu isə həmin hüceyrələrin uşaqlıq xatirələrinə çıxışın itirilməsində mühüm rol oynadığını göstərir.

Tədqiqatçılar hesab edirlər ki, bu cür unutma prosesi beynin normal inkişafı üçün vacibdir. Bu, daha dayanıqlı və əhəmiyyətli xatirələrin formalaşmasına şərait yaradır və insanın yetkin yaşda daha effektiv yaddaşa malik olmasına kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar