Üzümüzdə yaşayan  canlılar - ARAŞDIRMA
08 iyul 2026 17:47 (UTC +04:00)

Üzümüzdə yaşayan canlılar - ARAŞDIRMA

0

İnsanların əksəriyyəti fərqində olmasa da, üz dərisində mikroskopik ölçülü gənələr yaşayır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, alimlər bu canlıların genomunu araşdıraraq onların insan orqanizminə necə uyğunlaşdığını və hansı funksiyanı yerinə yetirdiyini müəyyən ediblər.

Bu mikroskopik canlılar harada yaşayır?

Söhbət Demodeks follikulorum adlı mikroskopik gənələrdən gedir. Onlar əsasən üz nahiyəsində yerləşən tük follikullarında yaşayırlar.

Bu canlılar demək olar ki, bütün həyatlarını insan bədənində keçirirlər. Burada doğulur, qidalanır, çoxalır və həyat dövrlərini tamamlayırlar. Onların əsas qida mənbəyi isə ölmüş dəri hüceyrələridir.

İnsan orqanizminə tam uyğunlaşıblar

Əvvəlki araşdırmalar göstərirdi ki, Demodeks follikulorum insan orqanizmindən o qədər asılı vəziyyətə gəlib ki, artıq tədricən parazit həyat tərzindən qarşılıqlı faydalı birgəyaşayışa, simbioza keçid mərhələsində ola bilər.

Başqa sözlə, alimlər hesab edirlər ki, bu gənələr zaman keçdikcə insan bədəninə o qədər uyğunlaşıblar ki, artıq ondan kənarda yaşamaq qabiliyyətlərini itirirlər.

Genetik quruluşlarında qeyri-adi dəyişikliklər aşkarlanıb

Tədqiqat çərçivəsində alimlər bu mikroskopik canlıların genomunu deşifrə ediblər.

Araşdırmanın həmmüəllifi, Alejandra Perotti bildirib ki, gənələrin bədən hissələrinin formalaşmasına cavabdeh olan genlərin yerləşməsi digər qohum növlərdən əhəmiyyətli dərəcədə fərqlənir.

Alimlərin fikrincə, bu dəyişikliklər onların uzun illər ərzində insan dərisinin məsamələrində qorunan mühitdə yaşamağa uyğunlaşmasının nəticəsidir.

Gecələr aktiv olurlar

Tədqiqatçılar bildirirlər ki, Demodeks follikulorum gənələrinin həyat dövrü təxminən üç həftə davam edir.

Onlar əsasən gecə saatlarında dərinin səthinə çıxaraq qida və cütləşmək üçün tərəfdaş axtarırlar. Sonra isə yenidən tük follikullarının dərinliklərinə qayıdırlar.

Uzunluğu cəmi 0,3 millimetr olan bu canlıların uzunsov bədən quruluşu məhz tük follikullarında yaşamaq üçün uyğunlaşıb.

Genomu minimuma enib

Alimlərin sözlərinə görə, bu gənələr uzun müddət sabit mühitdə və təbii düşmənlər olmadan yaşadıqları üçün onların genomu zamanla xeyli kiçilib.

Belə ki, hər ayağını hərəkət etdirmək üçün cəmi üç əzələ hüceyrəsi kifayət edir. Bundan başqa, zülalların sintezinə cavabdeh genlərin sayı da qohum növlərlə müqayisədə rekord dərəcədə azdır.

Mütəxəssislər hesab edirlər ki, bu canlılar təkamül prosesində yalnız yaşamaq üçün zəruri olan genləri qoruyub saxlayıblar.

Qeyd olunur ki, Demodex follikulorum gənələrinin insan dərisində yaşaması əksər hallarda normal hesab olunur və onlar sağlam insanlarda adətən heç bir problem yaratmırlar. Lakin bəzi hallarda saylarının həddindən artıq artması dəri xəstəlikləri və iltihabi proseslərlə əlaqəli ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar