Əhməd Şəfəq: “Albomumda “Əziz dostum”un müəllifini ona görə anonim yazdım ki...”
19 sentyabr 2012 14:53 (UTC +04:00)

Əhməd Şəfəq: “Albomumda “Əziz dostum”un müəllifini ona görə anonim yazdım ki...”

“Türkiyədə bir sıra Azərbaycan mahnılarının qarşısında müəlliflərin adının yox, “anonim” sözünün yazılması tələb olunur”.
Bunu APA-ya açıqlamasında sonuncu albomunda “Əziz dostum” mahnısının qarşısında “anonim” yazılmasının səbəbinə aydınlıq gətirən Türkiyənin tanınmış müğənnisi Əhməd Şəfəq deyib.

Məlum olub ki, albomda Qulu Əsgərova məxsus olan “Əziz dostum” mahnısının müəllifinin adının yazılmasına istehsalçı şirkət icazə verməyib. Ə. Şəfəq bildirib ki, əgər müəllifin adı yazılsaydı, o zaman albom işıq üzü görməyəcəkdi: “Bu mövzunu ilk dəfə APA-ya açıqlayıram və çox təəssüflə bildirirəm ki, bu məsələ bizim içimizdə yaradır. Azərbaycanın çox dəyərli bəstəkarları Türkiyədə tanınmır, əməkdaşlıq müqavilələri olmadığı üçün bu mahnılar Türkiyədə anonim olaraq yazılır. Xahiş edirəm, bu problemi müvafiq orqanlar həll etsinlər. Bunun üçün mütləq şəkildə Azərbaycanın müvafiq qurumunun Türkiyədəki müvafiq qurumla anlaşması lazımdır. Bu məsələnin çıxış yolu və sistemi budur”.

Ə. Şəfəq “Əziz dostum”un müəllifinin Qulu Əsgərov olduğunu, amma bunu Türkiyədə təsdiq edən sənədin olmadığını vurğulayıb: “Türkiyədəki MESAM-la əlaqə qurula bilsəydi, o zaman Azərbaycanın hər mahnısına müəllif adı yazıla bilərdi. Biz bütün mahnıları MESAM-dan soruşuruq. Türkiyədə hər hansı albom çıxdığı zaman repertuar aidiyyəti qurumdan soruşulur. Oradan bizə hansı mahnının kimə aid olduğuna dair məlumatlar verilir. Özəl ödəniş edilir və o sənədlə Mədəniyyət Nazirliyinə müraciət olunur. Türkiyədə istənilən adam albom çıxara bilməz. Albom çıxarmaq üçün mütləq Mədəniyyət Nazirliyinin razılıq möhürü lazımdır. Çox təəssüfləndirici haldır ki, “Əziz dostum” Türkiyədə anonim olaraq bilinir. Albomda yer alan azərbaycanlı müəlliflərin hər birindən razılaşma sənədi aldım. Bu sənədlər MESAM, MİYAM və Mədəniyyət Nazirliyinə təqdim edilir və müəlliflərin adı yazılır. Amma “anonim” məsələsinin ortadan qaldırılması üçün Azərbaycanın müvafiq qurumu MESAM-la mütləq anlaşma əldə etməlidir. Məsələn, “Əziz dostum”un mahnı və söz yazarı MESAM-da bilinməli və bu mahnını oxumaq istəyən müğənni pul ödəməli və o pul bura da gəlməlidir. Belə anlaşma olarsa, Azərbaycan tərəfi qazanacaq”.


Daha bir problemə toxunan Əhməd Şəfəq qeyd edib ki, Türkiyədə bəzi Azərbaycan mahnıları kimlərinsə adına qeyd olunub: “Mədəniyyət Nazirliyinə müraciət edərkən Azərbaycan mahnısı olduğuna əmin olduğum bir mahnının Türkiyə vətəndaşının adına yazıldığını gördüm. Bu, məni çox təəssüfləndirir. Bizim əməyə çox böyük hörmətimiz var”.

Əhməd Şəfəq bu problemlə əlaqədar müvafiq qurumlarla görüşmək və onları xəbərdar etməyə hazır olduğunu deyib.

Sonuncu diskinin satışından da danışan sənətçi diskin satışının hazırda ləng getdiyini söyləyib: “Səbəb çox güman ki, internetdən yüklənmələrlə bağlıdır. Mənim mahnılarım çox dinlənilir. Baxmayaraq ki, albomdakı heç bir mahnıya klip çəkmədik, bu bir ay yarım müddətində leqal internet yüklənmə saytlarında mahnılarımın dinlənmə sayı 300 mindən yuxarıdır. Bu da çox sevindirici haldır. Albomda Azərbaycan müəlliflərinin mahnılarına çox yer vermişəm və bu hala artıq Türkiyədə yavaş-yavaş öyrəşirlər. İlk vaxtlar insanlar çox təəccüb içində mənim Azərbaycana marağımı soruşurdular. Çünki o zamana qədər Türkiyədə heç bir müğənni belə bir addım atmamışdı. Zaman keçdikcə sevənlərim gördülər ki, Əhməd Şəfəq Azərbaycan musiqisindən qopa bilməz. Azərbaycanı özümə doğma yer olaraq görürəm. Azərbaycanın küçələrində gəzərkən özümü çox rahat hiss edirəm, Azərbaycanın milli mədəniyyətini özümə çox yaxın sayıram”.

Ə. Şəfəq albomunda sözləri Anar Yusifoğluna məxsus olan və sevgidən bəhs edən mahnısına klip çəkməyi də planlaşdırır.
# 1791

Oxşar yazılar