Türkiyənin Diyarbəkir şəhərində nəfəs darlığı şikayəti ilə özəl xəstəxanada əməliyyat olunan Mazlum İlikin əməliyyatdan sonra burnu çürüyüb.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, Mazlum İlik 2023-cü ilin dekabrında estetik burun əməliyyatı keçirib.
Təxminən iki il sonra nəfəs darlığı problemi yaşadığı üçün Diyarbəkirin Yenişehir rayonundakı özəl xəstəxanalardan birinə müraciət edib və qulaq-burun-boğaz həkiminin məsləhəti ilə ikinci dəfə əməliyyat olunub.
İlikin sözlərinə görə, əməliyyatdan təxminən 5 gün sonra burnunun ucunda qan toplanıb və nekroz yarandığı bildirilib. Bundan sonra o, hiperbarik oksigen terapiyasına yönləndirilib və 20 gün müalicə alıb.
Lakin müalicənin nəticə vermədiyini deyən İlik bildirib ki, daha sonra ona müxtəlif kremlər təyin edilib. Onların da fayda vermədiyini görən həkim burnundakı izi aradan qaldırmaq üçün yanağından toxuma götürülərək yeni əməliyyat aparılmasını təklif edib.
İlik bu təklifi qəbul etməyib və başqa həkimlərə müraciət edib.
“Diyarbəkirdə və başqa şəhərlərdə plastik cərrahlar və qulaq-burun-boğaz mütəxəssisləri ilə görüşdüm. Müalicə üçün başqa şəhərlərdəki xəstəxanalara yönləndirildim. Mənə təxminən 40 min avro xərc çıxardılar. Bu məbləği ödəyə bilmədiyim üçün xərcin həkim və xəstəxana tərəfindən qarşılanmasını istədim. Ancaq razılığa gəlmədilər”, – deyə o bildirib.
Mazlum İlik əməliyyatdan sonra üzündə iz qaldığını və bunun ona həm maddi, həm də mənəvi zərər vurduğunu deyib.
Onun vəkili Qürbet Bilbay isə xəstəxana və həkimlə bağlı hüquqi prosedura başladıqlarını bildirib. Vəkilin sözlərinə görə, məsələ ilə bağlı cinayət xarakterli şikayət verilib və malpraktis iddiası qaldırılıb.
Özəl xəstəxananın nümayəndələri isə məsələnin xəstəxana ilə deyil, əməliyyatı həyata keçirən həkimlə bağlı olduğunu bildiriblər. Həmin həkimin hazırda illik məzuniyyətdə olduğu qeyd olunub.