İsrafil İsrafilov Milana səfər edəcək
14 fevral 2011 12:01 (UTC +04:00)

İsrafil İsrafilov Milana səfər edəcək

Cari ildə də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Akademik Milli Dram Teatrında bir sıra beynəlxalq layihələr gerçəkləşəcək. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, teatrın direktoru İsrafil İsrafilov K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrının baş müdiri Ekaterina Mazmişvilinin dəvəti ilə Gürcüstanın Tbilisi şəhərində işgüzar səfərdə olacaq. Səfərdə qarşılıqlı əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq. Yaxın zamanlarda K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrının bədii rəhbəri Levan Çuladzenin Akademik Milli Dram Teatrında tamaşa hazırlaması planlaşdırılır. Görüşdə bu məsələnin detalları ilə bağlı müzakirələr də keçiriləcək.


Tbilisidən qayıtdıqdan sonra İsrafil İsrafilovun İtaliyanın Milan şəhərinə işgüzar səfəri planlaşdırılır. Sözügedən səfər 20-28 fevral tarixlərində reallaşacaq. Akademik Milli Dram Teatrının direktoru Milana “Pikkolo” teatrının rəhbəri Luka Ronkoni ilə görüşmək və qarşılıqlı əməkdaşlıqla bağlı bəzi məsələləri müzakirə etmək məqsədi ilə yollanır. 2012-ci ildə Luka Ronkoninin Akademik Milli Dram Teatrının səhnəsində Covanni Verqanın “Dişi canavar” əsəri əsasında tamaşa hazırlaması planlaşdırılır. Bu barədə danışıqlar və onun yeni tamaşaları ilə tanışlıq İ.İsrafiovun Milan səfərinin əsas məqsədidir.

Xəyalə
# 667

Oxşar yazılar