Fidan Hacıyeva İtaliyada çıxış edəcək
28 aprel 2011 18:12 (UTC +04:00)

Fidan Hacıyeva İtaliyada çıxış edəcək

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva İtaliyada çıxış edəcək. Bu, sənətçinin vokal sənətinin vətəni sayılan İtaliyada ilk çıxışı olacaq. Fidan Hacıyevanın Lent.az-a verdiyi məlumata görə, konsert mayın 9-da Romanın ən böyük konsert salonlarından birində baş tutacaq. Sözügedən konsert Heydər Əliyevin xatirəsinə həsr ediləcək: “İtaliya səhnəsində çıxış etmək hər bir opera sənətçisinin arzusudur. Mən də bu baxımdan istisna deyiləm, lakin bunun belə tezliklə baş verəcəyini heç güman etmirdim. Buna görə də İtaliya səhnəsində ilk çıxışa çox ciddi hazırlaşıram. Konsertin proqramı çox zəngindir. Buraya Azərbaycan romansları, operalardan ariyalar, eləcə də populyar italyan və fransız ariyaları daxildir”.


Müğənninin sözlərinə görə, bu konsert Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun təşəbbüsü ilə təşkil edilir. Konsertə İtaliyanın tanınmış musiqiçiləri, impressariolar və digər mütəxəssislər dəvət olunub. Hazırda İtaliyada məşhur bir vokalçının yanında ustad dərsləri keçən Fidan Hacıyevanın Romada təşkil ediləcək solo konsertində Azərbaycan bəstəkarlarının əsərlərinin konsertmeysteri Zülfiyyə Sadıqova, italyan və fransız bəstəkarlarının əsərlərinin konsertmeysteri isə italiyalı mütəxəssisdir.


Sənətçi gələcək layihələri barədə də danışıb. Bildirib ki, mayın 25-də Azərbaycan Opera və Balet Teatrının səhnəsində “Aida” operasında məşhur gürcü tenoru ilə, iyunun 3-də isə tanınmış fransız tenoru ilə tərəf müqabili olacaq.

Xəyalə
# 727

Oxşar yazılar