1937-ci ildə çəkilmiş bir freska bu günlərdə Amerikada müzakirə mövzusuna çevrilib.
Lent.az-ın xəbərinə görə, ABŞ-ın Sprinfild şəhərində Baş Poçt İdarəsinin divarını bəzəyən freska 1937-ci ildə rəssam Umberto Romano tərəfindən çəkilib.
Şəkildə XVII əsrdə yaşamış hindular təsvir olunub. Onlardan biri əlində smartfona bənzəyən əşyaya diqqətlə baxır. Elə həmin freskanı gündəmə gətirən də məhz bu detaldır.
Bir çoxları şəklin ötən əsrə aid olmasına baxmayaraq, bu günümüzdən bir nümunə əks etdirməsini zaman yolçuluğu ilə əlaqələndiriblər.
Rəssam Umberto Romano 1982-ci ildə vəfat edib. Yəni, onun smartfonlar barədə məlumatlı olması mümkün deyildi.
Sənətşünas Deniel Kroun məsələyə aydınlıq gətirməyə çalışıb. O bildirib ki, hindunun əlində tutub diqqətlə baxdığı şey güzgüdür. Avropalılar hindularla ticarət edərkən onlara heç vaxt görmədikləri sivil məhsullardan, o cümlədən güzgü aparır, bunu xəz və dəri ilə dəyişirdilər.
