“Atam anamın qarşısında diz çökməyib, mən də çökmərəm” - Rəşad Kəsəmənli ilə MÜSAHİBƏ
11 noyabr 2026 14:10 (UTC +04:00)

“Atam anamın qarşısında diz çökməyib, mən də çökmərəm” - Rəşad Kəsəmənli ilə MÜSAHİBƏ

0

Hər müsahibənin öz hekayəsi olur. Bəzən müsahibənin maraqlı tərəfi həmin söhbətə gedən yolda yaşanan kiçik hadisələrdə gizlənir. Əvvəlcədən qurulan planlar dəyişir, gözlənilməz gecikmələr yaranır, bəzən isə bir görüşə çatmaq üçün nəzərdə tutduğun vaxtdan daha çoxunu sərf etməli olursan. Bu dəfə mənim üçün müsahibə elə ilk dəqiqələrdən kiçik bir gözləmə hekayəsinə çevrilir.

Müsahibə üçün həftələr öncə danışsaq da, futbolda ayağında yaranmış zədə səbəbilə görüşümüz baş tutmur. Nəhayət, hər ikimiz üçün uyğun gün və vaxt qərarlaşdıra bilirik. Fotoqrafımızla birlikdə danışdığımız ünvana doğru yollanıram. Hər şey qaydasında görünür, ta ki görüşə cəmi beş dəqiqə qalmış telefonuma zəng gələnə qədər. Danışdığımız saatda müsahibənin mümkün olmadığı, tamaşanın yenidən məşqində iştirak etməli olduğunu bildirir. Bir neçə saniyəlik tərəddüddən sonra gözləməyə qərar verirəm. Çünki artıq öz işlərimi də bu görüşə uyğun qururam və müsahibəni başqa günə keçirmək, yenidən vaxt müəyyənləşdirmək mənə o qədər də məntiqli görünmür.

Bir qədər sonra telefon yenidən zəng çalır. Bu dəfə 15 dəqiqə sonra məşqdən çıxacağını bildirir. Fotoqrafımızla Rus Dram Teatrının qarşısında gözləyirik. Bir tərəfdən vaxtın necə keçdiyini izləyir, digər tərəfdən həm fotoqraf, həm də söhbətimiz üçün uyğun yer axtarırıq.

Bakıya xas olan, amma heç sevmədiyim külək də üzümüzü-gözümüzü tozla doldurur, barmaqlarım soyuqdan öz rəngindən çıxıb qızarır.

Nəhayət, müsahibimiz əvvəlcədən razılaşdırdığımız görüşə görə tamaşanın məşqini yarımçıq qoyub gəlir. Beləcə, bir qədər əvvəl yaşanan tələskənlik və məkan axtarışı geridə qalır, söhbətimiz müsahibədən öncə başlayır.

-Nə yaxşı, tez gələ bildiniz?

-İnanırsınız, tez çıxdım. Qaçıb gəlmişəm.

-Nəsə deməzlər?

-Bu, onsuz da ikinci məşqimizdir. Sizi də çox gözlətmək istəmədim.

Onu ilk dəfə “Küləklər şəhəri” serialındakı Rəcəb obrazı ilə tanımışam. Həmin vaxtlar aktyorun tanınmış şair Nüsrət Kəsəmənlinin oğlu olduğundan xəbərim olmur. Rəcəb obrazı ilə tamaşaçıların yaddaşında özünə yer edən aktyorun ailə bağları haqqında sonradan məlumat alıram. Beləliklə, ekrandan tanıdığım obrazın arxasındakı insanı, onun sənət yolunu və bir şairin oğlu kimi yaşadığı təcrübələri daha yaxından tanımaq istəyirəm.

Lent.az-ın budəfəki müsahibi Bakı Bələdiyyə Teatrının aktyoru Rəşad Kəsəmənlidir.

-Rəşad bəy, yaradıcılığınızda nə kimi yeniliklər var, işləriniz necə gedir?

-Hazırda çalışdığım Bakı Bələdiyyə Teatrında yeni tamaşalar hazırlanmağa başlayır. Bu yaxınlarda “Ötən günlərin xatirəsi” adlı özbək tamaşasını oynayacağıq. 10 gün əvvəl isə “Şuşa, ürəyim qaldı” tamaşasını oynadıq. Orada Hüseynqulu xanın obrazını canlandırırdım. Həmçinin yaxın günlərdə qeyd etdiyim “Ötən günlərin xatirəsi” tamaşasının oynanılması üçün Özbəkistana səfərimiz var.

-Hər iki tamaşada tarixi obrazları canlandırmısınız. Bundan öncə, "Şekspir" tamaşasında İosif Stalini oynamısınız. Bu kimi tamaşalarda ssenaridən əlavə, nələri araşdırırsınız?

-Hansısa tarixi şəxsiyyəti oynayacağamsa, ondan əvvəl araşdırma aparıram, haqqında öyrənirəm. Aktyor bir obrazı canlandırmadan öncə onu təhlil etməlidir. Deyək ki, hansısa tarixi şəxs üzdən mülayim, daxilən qəddardırsa, onu oynamadan öncə niyə belə davrandığının psixoloji mənbəyini tapmalısan. Mənbəni tapa bilsən, həmin insana çevirilə biləcəksən. Yoxsa xaricən qaşlarımı çatım, amma daxilən kimisə öldürməyə hazır olum – bu, həmin obraza çevirilmək deyil. Sən elədiyin hərəkətin niyəsini bilmirsən. Ona görə də mütləq şəkildə araşdırıb, təhlil edib, mənimsəməlisən. Mənimsədikdən sonra isə icra etməlisən.

-Sizdən əvvəl həmin rolda çıxış edənləri izləyirsiniz bəs?

-Xeyr, əsla izləmirəm. Çünki istəsən də, istəməsən də, o obrazın hərəkətləri səndə “oturur”. Obrazı canlandıranda artıq həmin aktyorun etdiklərindən bir parça qatmağa başlayırsan. Dediyim kimi, bu istəmədən baş verir. Mən isə bunu istəmirəm. Sən obrazın ana xəttini saxlamaqla, öz çalarlarını qatmalısan. Amma tamaşa bitdikdən sonra aktyorların oyunlarını izləyirəm.

-Hətta mən və tamaşaçıların çoxu sizi “Küləklər şəhəri”ndəki Rəcəb obrazı ilə tanıyıb. Bildiyim qədərilə, bu rol elə məhz sizin üçün yazılıb.

-Rejissor Samir Qulamov o vaxt Rəcəb obrazını yazanda beynində məni tutmuşdu. Dedi ki, Rəşad, belə bir obraz yaradıram, o obraza sənin xarakterini qoyacağam, gəl, özün oyna. Mən də razılaşdım. O dövr üçün səs gətirdi və tamaşaçılar tərəfindən sevildi.

-Amma yəqin, bir qədər dəyişikliklər olub. Məsələn, mafiya üzvü olmağınız kimi.

-Təbii ki, orada şişirdilmələr olub. Mən heç bir mafiya üzvü deyiləm (gülür). Sadəcə xarakter olaraq, mənim üzərimdən yazılmışdı.

-Bəzi zamanlarda rejissorlardan şikayətlərinizi görürəm. Kimlərin iş təkliflərini geri çevirirsiniz?

-Onlara rejissor demirəm. İmtina etməyimin səbəbi ümumiyyətlə, rejissor olmamalarıdır. İmtina etdiklərimin təhsili, istedadı, film, kino anlayışı yoxlarıdır. Kino nədir, bilmirlər. Sadəcə pul tapıblar, baxırsan ki, aktyor olaraq səni və başqa bir-iki nəfəri seçib, qalanları bilinməyən, tanınmayan, sıradan adamlardır, onlardan da pul alıb, yığıb ora. Mən həyatım boyu buna razı olmaram axı. Bu, özünü ucuzlaşdırmaqdır.

-Kimlər?

-Ad çəksəm, onlara reklam olar.

-Həm təhsil, həm də istedadları yoxdur? Ya ikisindən biri var?

-İndi deyəcəklər ki, əsas istedaddır. Əlbəttə, istedad əsasdır. Amma təhsilsiz istedadın özü torpağın altında yatmış almaz kimidir. Bilirsən ki, orada var, amma onu təmizləmək lazımdır. Təhsil o təmizlikdir. İstedad almazdır, cilallanmalıdır ki, brilyanta çevirilsin. O brilyant isə təhsildir. Cilal mütləqdir, cilalsız mümkün deyil. Sən qaydaları bilməlisən, səhnə danışığın olmalıdır. Nə qədər gözəl oynayırsan, oyna, əgər səhnədə danışığını bilmirsənsə, Azərbaycan dili qaydalarından düzgün istifadəni bilmirsənsə, çox bərbad görünəcək. Daxili aləmini, istedadını açmaq üçün təhsil önəmlidir.

-Siz həmişə, bir aktyorun istedadı olsa belə, mütləq həm də təhsil almalıdır, fikrini dəstəkləmisiniz. Həm də səhnədəki aktyorların da qabiliyyət imtahanından keçməli olduğunu yazmışdınız

-Əlbəttə. Mütləq. O fikrimdə yenə qalıram.

-Bu gün imtahan keçirilsə, hansı aktyorlar kəsilər?

-Oooo. Vallah ədalətli imtahan olsa, bu gün populyar bildiyiniz neçə aktyor kəsilər. Əgər həqiqətən imtahan güclü və ədalətli insanlar tərəfindən götürülsə.

-Kimlər?

-Yox, adlarını demərəm. Heç bir tanış-biliş olmadan qabiliyyət imtahanı götürmək lazımdır. Hətta mən deyərdim ki, teatrların özündə hər 5 ildən bir qabiliyyət imtahanı keçirilsin. Yeni gələn gənclər də ora cəlb olunsun. Kim qabiliyyətdən keçə bilməyəcəksə, uzaqlaşdırılsın, yeniləri gəlsin. O qədər Mədəniyyət və İncəsənət Universitetindən aktyor məzun olur ki. Hanı bu yazıq uşaqlar? İçlərində istedadsızları da olur, amma hamısı elə deyil axı. Hanı qalanlar? Yazıqların çoxu küçələrdə qalır, başqa işlə məşğul olur. Niyə olmalıdır? Bu adam aktyor olsun deyə, universitet oxuyub. Niyə küçədə qalmalıdır? Ondan qat-qat istedadsızları var ki, iş başındadırlar.

-Qabiliyyət imtahanı götürənlər də...(sualım yarımçıq qalır)

-Qabiliyyət imtahanını kimlərə verirlər? Mən gözümlə çox şeyi gördüm. Bəzi insanlara qarşı nifrət oyadırlar. Ədalətsizlik yaxşı şey deyil. Qabiliyyət imtahanı götürənlərin hamısı guya ədalətlidir? Elə istedadlı uşaqlar var ki, keçə bilmirlər. Amma baxırsan ki, keçməməyə bilməz, bunun qabiliyyəti var axı. Aktyorluq xəyalı ilə yaşayan bir insanın arzusunun üstündən xətt çəkirlər. İstedadlı insanın yolunu əsla kəsmərəm. Onu kəsmək günahdır.

-İllərdir səhnədə olanlar üçün də eyni fikirdəsiniz?

-Adam var ki, 20-30 ildir səhnədədir, vallah 0-dır. Bu gün gənclər var ki, səhnədə onları məhv edərlər.

-Onda məsələ tək təhsil deyil də.

-Bəli, istedad da yoxdur axı. Adamın sənət təcrübəsi var, istedadı yoxdur. Eyni dialoqu istedadlı gəncə də, ona da verim. İkisi də gəlsin, oynasın. Baxırsan ki, həmin istedadlı səsinin enmə, düşmə yerini bilir, hiss edir. 20 ildir səhnədə olan aktyor isə hiss etmir, siması ilə oynayır. Bu oxşatmağa çalışır, bu isə çevirilməyə çalışır.

-Sizin dediyiniz, dost-tanış məsələsinə gəlib çıxırıq dolayı yola.

-Bəs nə. Sənətdə rejissorun, produserin dostu anlayışı olmamalıdır.  Rejissorların 70-80 faizi mənim dostumdur. Biri gəlib desin ki, Rəşad mənə dedi ki, hər gün mənimlə oturub-durursan, yeni filmində niyə mən yoxam? Çünki birinci özümə, daha sonra rejissoruma hörmət edirəm, işinə hörmət edirəm. Mən əgər bir ekran əsərinə uyğun deyiləmsə, o ssenaridə mənim üçün rol yoxdursa, niyə məcburən oynamalıyam? Rejissor görürsə, onsuz da təklif edəcək.

-Elələri çoxdur sahənizdə?

-Əlbəttə. Nə qədər istəsəniz. Rejissorun dostu, zorla özünü salan, bütün gün yanında fırlanan, “qardaşına yəqin, bir rol var da?” deyənlər var. Onlar istedadsız, özlərinə hörmət etməyən adamlardır. 10 ildə bir dəfə çəkilərəm, amma bilərəm ki, lazımam deyə çağırılmışam. Yoxsa zorla efirdə görünmək üçün çəkilmək mənlik deyil.

-Tamaşaçılarımızın “bizdə bu sahə düzəlmir” dediyi fikirlərlə razısınız? Niyə arzuladıqları tərzdə hazırlanan ekran işləri onlara təqdim edilmir, sizcə?

-Çünki bu sahədə daha çox ssenarist qıtlığı var. Çox böyük ehtiyac var, amma azdır. Barmaqla sayılacaq qədərdir. Həm də ssenarist kimi çalışanlarımız var, çünki başqa işlərlə məşğul olurlar. Amma bizə sırf ssenaristlər lazımdır. Çünki əvvəlki kimi deyil. Ssenarist bilirdi ki, dramaturqdur, yazıçıdır, ssenari yazır, işi budur. Amma indi o işlə kim nə qədər pul qazana bilər ki, bütün iş-gücünü buraxıb peşəkarcasına bununla məşğul olsun?

-Hə, maddiyyat məsələsinə gəlib çıxdıq yenə.

-Mütləq. Ona görə də hansısa başqa işlə məşğul olur, yazmağa da həvəsi varsa, ssenarist kimi də çalışır. Elə olmaz. Kaş ki, hər kəs sevdiyi işdən onu qane edəcək qədər pul qazana. Səhər tezdən sevərək gedəsən, axşam da elə qayıdasan. Düşünməməlisən ki, mənəvi zövq alıram, görüm, maddiyyatı nə edirəm?

-Az qala, bütün aktyorlar maddi durumdan şikayətlənir. Sizdə vəziyyət necədir?

-Şükür edirəm. Amma ümumi tərəziyə qoyduqda verdiyim əmək çox ağır basır, nəinki qazancım.

Bizi Türkiyənin aktyorları ilə müqayisə edirlər. Çünki filankəsin aldığı pul elə bir məvacibdir ki... Bizim əlçatmaz bilinən aktyorları hansısa normal qiymətli çayxanada görə bilərsən. Amma görməməlisən.

-Burada nə var ki?

-Türkiyədə zirvədə olan hansısa aktyoru çayxanada görə bilməzsən. Onlar üçün xüsusi yerlər var. Sən onları görmürsən, elit məkanlarda əyləşirlər. Amma bizim aktyorlarla da o çayxanalarda görüşdükcə sənin üçün adiləşir. Onları zirvədə saxlamaq lazımdır. Bunun üçün yenə də maddiyyata gəlib çıxırıq. Azərbaycanda bu, çətin məsələdir. Ailənin qayğıları ola-ola sən əlçatmaz ola bilmirsən. Çünki sənin öz fikrin ailəni dolandırmaqdır. Gedib yuxarı təbəqələrin əyləşdiyi yerlərdə görünmək istəyin olmur. Onda gərək sənin gündəlik xərcin 600-700 manat olsun. Hanı?

-Kliplərə yenə dəvət alırsınız?

-Ümumiyyətlə, klipləri ciddi iş saymıram. Peşəkar aktyor üçün klip ciddi iş sayıla bilməz. Tanınmaq üçün, kameraya alışmaq üçün çəkilmək olar. Amma peşəkar aktyor üçün lazım deyil. Dəyərləndirmədiklərim əmin olun ki, bayağıdır.

-Hər zaman şikayətləndiyiniz məsələlərdən biri də bəzi aktyorların yaltaqlıq edərək önə getməsi fikriniz olub. Sizə gələn təkliflər son anda bu yolla əlinizdən çıxıb?

-Keçən il belə bir halla qarşılaşdım. Mən indi yerimə kimin salındığını demək istəmirəm. Çünki heç onun da xəbəri yoxdur. Hətta dostlarımdan biridir. Elə bir ssenari idi ki, rejissor 10 nəfərlə də oynadı, 9-nu çıxartdı, bir tək məni saxladı. Xarici rejissor idi.

-Kim qarşınızı kəsdi?

-Özümüzünkülər... O adamlarla daha yaxşı olurlar, gedib deyirlər ki, bu rol başqasına keçək. Min cür şey olur. Hər şey edə bilirlər.

-İllərdir aktyor kimi fəaliyyət göstərirsiniz, amma 4 ildir ki, Bakı Bələdiyyə Teatrında çalışırsınız. Niyə belə gec?

-Günahı məndə deyil. Dəfələrlə müraciət etdim.

-Bakı Bələdiyyə Teatrına?

-Hamısına. Yer yoxdur. Səni çox yaxşı tanıyırıq, amma yerimiz yoxdur. Amma burada 4 ildir hər il 3 yeni tamaşa ərsəyə gəlirsə, hər birində də varam.

-Məsələ yerin olmaması deyildi?

-Mən bilirdim ki, nə var, nə yox. Bu gün teatrlarda istedadsız aktyorlar yetərincədir.

-Ad çəkəsiniz, bəlkə?

-Yox, peşəkar adam bilir ki, kim istedadlıdır, kim yox.

-Nüsrət Kəsəmənlidən danışaq. Atanızın adının belə bəzi işlərə dəvət almanıza mane olduğunu demişdiniz. Səbəb nədir?

-Paxıllıq. Bəzən insanın ölüsünə də paxıllıq edirlər.

Elə insanlar var ki, özləri kimi valideynləri tanınmışdır, hələ də atalarının paxıllığını çəkirlər. Mən olmayan yerdə məndən danışırlar. Səni tərifləyəndə dözmürlər. Birdən ayılırlar ki, mən dostumu pisləyirəm. Mən onlara pis insan deyə bilmərəm. Sadəcə içlərindəki paxıllıqla baş edə bilmirlər. Bilirsiniz, atamın keçdiyi yol daha ağır olub. Onu şair edən bəlkə də, keçdiyi ağır yol olub.

-Atanız kimi siz də şeirlər yazırsınız. Amma həm qadın qarşısında diz çöküb gül verməyin düzgün olmadığını müdafiə edirsiniz.

-O nədir?! Sevgi şeiri yazıram, amma qadının qarşısında diz çökməli deyiləm. Qadının qarşısında diz çöküb gül verməyi üzr istəyirəm, bambılılıq sayıram. Kişi niyə diz çöküb gül verməlidir ki?

-Hər kəsin sevgi dili fərqlidir axı.

-Gərək, diz çöksün? Qollarını açsın da. Sabah boşandı, o qadın başqası ilə evləndi. Nə olacaq, bütün kişiləri diz çökdürə-çökdürə getməlidir?

-Bunu hər kəs etmir onsuz.

-Etməməlidir. Mənim atam anamın qarşısında diz çökməyib. Mənim üçün kişi qadının qarşısında diz çökürsə, kişiliyini aşağı salır. Bizim milli kökümüzdə kişinin diz çökməyi yoxdur. Bu, avropalaşmış tərəfimizdə var. Niyə diz çökməliyəm, ay başına dönüm sənin? Bu gün diz çökən heç kəs o qadına görə də ölümə getməz. Kişi kimi sevgisini bildirənlər ölümə də gedərlər. Tülkü kişilər 50 dənə qızın qarşısında diz çöküb başlarına min oyun açıb gedərdilər. Qadın əgər diz çökməklə aldanırsa, o tülkü kişilərin işidir. Şəxsiyyətsiz tülkü. Amma hədəfinə çatır. Qadın da bunu sevgi zənn edir, aldanır. Olmaz. Qadın qarşısında diz çökən kişi psixoloji olaraq, onun gözündən düşür. Qadın istəsə, istəməsə də, həmişə onu qoruyucu kimi görmək istəyir. Amma diz çökdüyü anda hər şey onun beynində bitir, ürəyində belə hiss etməsə belə.

-Sevgi onsuz daha çox ürək işidir, nəinki beyin.

Bir müddət sonra ürəyindən də düşür. Mən atamın-anamın qarşısında diz çökərəm ki, onların mənə etdiklərini qaytara bilmərəm. Allahın qarşısında diz çökərəm. Amma bir qadının qarşısında niyə diz çöküm?

-Nüsrət bəy də yəqin, etməyib.

-Əsla. Yaxşı qadın başının tacıdır, amma diz çökmək yox. Mənim atamın sevgi dili də belə deyildi. Şeirləri idi, qayğısı idi. Mən də belə görmüşəm.

-Atanızla bağlı yaddaqalan xatirənizdən danışaq...

-Sevgidən danışırıqsa, atamla bağlı ən yaddaqalan xatirələrimdən biri də budur. Anama qarşı göstərdiyi sevgi dili. Mən şeirlərin içində böyümüşəm və onları hər zaman hörmət içində görmüşəm.

-Cavidan bəy...(sualım yarımçıq qalır)

-O kimdir? Onunla bağlı suallar əbədiyyən verilməsin.


 

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 166

Oxşar yazılar