Pastaya ketçup əlavə etmək, balıq yeməyinin üstünə pendir səpmək və ya nahardan sonra kapuçino sifariş etmək... Bunlar bir çox ölkədə adi sayılsa da, İtaliyada yaxşı qarşılanmır. Yerli sakinlər üçün yemək sadəcə qidalanmaq deyil, əsrlərlə formalaşmış mədəniyyət və ənənədir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, italiyalılar hər yeməyin və hər içkinin öz vaxtının olduğunu hesab edirlər. Buna görə də bəzi vərdişlər xarici turistin təcrübəsiz olduğunu dərhal üzə çıxarır.
Nahardan sonra kapuçino içmirlər
İtaliya mətbəxində həzm sistemi xüsusi əhəmiyyət daşıyır. Yerli sakinlərin fikrincə, süd ağır qidadır və yalnız səhər yeməyində qəbul edilməlidir.
Kapuçino adətən səhərlər kruassan (İtaliyada "kornetto" adlanır) ilə birlikdə içilir. Günorta və ya axşam yeməyindən sonra isə kapuçino sifariş etmək qəribə qarşılanır.
İtaliyalılar düşünürlər ki, ət və ya balıq yeməyindən sonra süd tərkibli içki qəbul etmək həzmi çətinləşdirə bilər.
Buna görə nahar və şam yeməyindən sonra adətən yalnız kiçik fincanda şəkərsiz espresso içirlər. İtaliyada buna sadəcə "un caffè" – yəni "bir qəhvə" deyilir.
Balıq yeməyinin üzərinə parmezan əlavə etməyin
İtaliyada ən ciddi kulinariya qaydalarından biri balıq və pendirin birlikdə təqdim edilməməsidir.
Əgər dəniz məhsulları, midiya, krevet və ya tuna balığı ilə hazırlanan pastanın üzərinə sürtgəcdən keçirilmiş parmezan istəsəniz, bu, yerli aşpaz üçün xoş qarşılanmayacaq.
İtaliyalılar hesab edirlər ki, pendirin güclü dadı balığın zərif ətrini və ləzzətini tamamilə ört-basdır edir.
Pastaya ketçup istəməyin
İtaliyada makaron sousu ayrıca sənət hesab olunur. Pomidor, reyhan, zeytun yağı və ya uzun müddət bişirilən ət sousları saatlarla hazırlanır.
Bu səbəbdən spagettiyə ketçup əlavə etmək yerli sakinlər üçün həmin zəhmətə hörmətsizlik kimi qəbul edilir.
Onların fikrincə, ketçup daha çox fastfud mətbəxinə aid məhsuldur və ənənəvi italyan pastasında yeri yoxdur.