“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub
18 mart 2024 23:19 (UTC +04:00)

“İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı olub

Martın 18-də Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı (FHNİHİ) tərəfindən hazırlanmış “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitabın təqdimatı keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Lent.az-a bildiriblər ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə giriş nitqi ilə çıxış edən AHİK sədrinin müavini Aqil Dadaşov kitabın əhəmiyyətindən söz açıb və nəşrin oxucuların marağına səbəb olacağını bildirib.

FHNİHİ-nin sədri Mehman İsmayılov isə kitabın hazırlanması zərurətindən danışıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsi dövründə informasiya məkanında gedən müharibədə böyük əzmlə, dəyanətlə mübarizə apardığın, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırdığını vurğulayıb. Vətən müharibəsi dövründə Orduya və xalqa verilən mənəvi ruh yüksəkliyinin arxasında Ali Baş Komandanın çıxışlarının dayandığını deyən M.İsmayılov bildirib: “Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə dünyanın 11 aparıcı ölkəsinin 26 media qurumuna müsahibə verərək Ermənistanın qanunsuz silahlandırılmasını, bu ölkədə və işğal olunmuş ərazilərimizdə beynəlxalq terrorizm ocaqlarının fəaliyyət göstərdiyini, Azərbaycanın tarixi irsinə aid mədəni abidələrin erməni barbarlığı nəticəsində məhv edildiyini, hüquqi baxımdan Azərbaycana məxsus olan işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırmanı, münaqişənin sülh yolu ilə həllinə məsul Qərb ölkələrinin ikili yanaşmasını, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin ədalətsiz və qeyri-adekvat mövqelərini ifşaedici dəlillərlə sübuta yetirərək informasiya müharibəsində də ölkəmizin qalib gəldiyini reallaşdırdı”.

Digər çıxış edənlər - AHİK sədrinin müavini Musa Mirzəyev, Akademiyanın rektoru Hüseyn Qaraşov, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının sədri Cahangir Əliyev və Kənd Təsərrüfatı və Qida Sənayesi İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədr müavini Təhmasib Əliyev kitabın ictimaiyyət tərəfindən maraqla qarşılanacağını bildirib və dövlətimizin başçısının çoxşaxəli fəaliyyətindən danışıblar.
Çıxışlardan sonra FHNİHİ tərəfindən hazırlanmış “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı film nümayiş olunub.

Qeyd edək ki, FHNİHİ-nin sədri Mehman İsmayılov tərəfindən Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin dünyanın aparıcı media orqanlarına verdiyi müsahibələri özündə əks etdirən “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı kitab üç dildə - Azərbaycan, rus, ingilis dillərində hazırlanıb, Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqının maliyyə vəsaiti hesabına çap olunub.

Bu kitabla yanaşı, müsahibələrin videogörüntülü səsləndirmə versiyası, Azərbaycan, rus, ingilis dillərində elektron yaddaş daşıyıcısı (flash card), “İnformasiya müharibəsində qələbə-Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev” adlı film və virtual aləmdə geniş oxucu kütləsini bu məlumatlarla daha yaxından əlaqələndirmək məqsədilə müsahibələrin Azərbaycan, rus, ingilis dillərində videoları və mətnləri özündə əks etdirən sayt da (www.informvictory.az, www.informvictory.az/ru/, www.informvictory.az/en/) hazırlanıb.

Kitabda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə ölkəmizin haqq işini dünya ictimaiyyətinə çatdırmaq, erməni qəsbkarlığını və vandalizmini bir daha dəlillərlə ifşa edərək dünyaya göstərmək, xüsusən müharibə dövründə cəbhədəki hərbi əməliyyatlarla paralel olaraq gedən informasiya müharibəsində də qalib gəlmək məqsədilə dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr toplanıb.

Kitab siyasətçilər, məmurlar, diplomatik nümayəndəliklərin əməkdaşları, həmçinin Azərbaycanı sevən hər bir vətənpərvər üçün nəzərdə tutulub.

# 2091
avatar

Oxşar yazılar