Çox hissəsi Azərbaycan dilindən ibarət olan bir mahnının beynəlxalq arenada təmsili məndə yenidən Avroviziyaya marağı qaytarmışdı. Düşünürəm ki, əksəriyyətimizdə belə idi. Həmçinin, muğam partiyasına yer ayırılması da bu mahnını daha özəl etmişdi bir çoxlarımız üçün. Lakin mahnının yer tutacağına olan inamımız özünü doğrultmamış, mahnı “Avroviziya 2024”ün birinci yarımfinalında 15 iştirakçı arasında 14-cü yeri tutmuşdu.
Söhbət İlkin Dövlətov və Fəxri İsmayılovun səsləndirdiyi “Özünlə apar” ifasından gedir.
Baxmayaraq, mahnıya tam dəyər verilmədi, amma bu ifa muğam partiyasına xüsusi hava qatan İlkin Dövlətovun daha çox tanınmasına vəsilə oldu.
Lent.az-ın bu dəfəki müsahibi Azərbaycanın muğam ifaçısı, xanəndə İlkin Dövlətovdur.
-Öncəliklə, bütün müsahiblərimdə olduğu kimi, sizin də son sənət yaradıcılıqlarınızla bağlı məlumat alaq.
-Yeni layihələr üzərində işləyirik. Azərbaycan film sektorunda səs-küyə səbəb olacaq tarixi sənədli filmdə rol almışam. İlk dəfə olaraq aktyor olaraq özümü sınayıram. Oktyabrın əvvəlində filmin təqdimatı və qala gecəsi olacaq. Yeni mahnı üzərində işləyirik. Çalışıram ki, birbirindən rəngli, tamaşaçıların zövqünə uyğun mahnılar işləyək. Həmçinin, yaxın zamanlarda “Xilaskar” adlı mahnımızı dinləyicilərimizə təqdim etdik. Sentyabr ayının 12 və 15-i Mədəniyyət naziri Adil Kərimovla birlikdə İsveçrədə olacağıq. Orada Azərbaycan mədəniyyət günləri təşkil ediləcək.
-Bir çox mahnı müsabiqəsində iştirak etmisiniz. Buna səbəb nə idi – düşünürdünüz ki, müsabiqələrdən bu sənətə gəlmək daha rahat olacaq?
-2005-2006-cı illərdə ölkədə “Yeni Ulduz” və “Azəristar” müsabiqələri populyar idi. Baxıb görürdüm ki, burada zövqlü mahnılar oxunur, müsabiqədə yer tutan gənclər səhnəyə sevilərək gəlirlər. Ona görə də düşündüm ki, müsabiqələr insan üçün böyük stimuldur və böyük təcrübədir. Özümə sərhəd qoymadım ki, bu müsabiqəyə getdim, o birinə getməyəcəyəm. Demək olar ki, ölkədə olan bütün müsabiqələrə qatıldım. Həm də təcrübə toplamaq istəyirdim. Elə indi də gənclərə tövsiyə edirəm ki, müsabiqələrə qatılın. Məni birinci növbədə insanlara tanıdan müsabiqələr olub.
-Amma “Azəristar”dan sonra böyük bir müddət hər yerdən uzaqlaşmış və başqa sahəyə yönəlmişdiniz. Niyə?
-Bəli. “Azəristar”dan sonra böyük boşluq yarandı, efirlərə çıxmadım, başqa sahədə çalışdım, başqa təhsil aldım. Yaşım da az idi. 14 ildən sonra “Səs Azərbaycan” yarışmasına qatıldım və bu yarış da taleyimi dəyişdi.
-Kimsə sənətdən küsdürmüşdü?
-Desəm, qırğın düşəcək. Deməyim.
-Düşməz, deyin.
-Təcrübə az olub. Kimlərsə nəsə deyib, ruhdan düşməyə başlamışam. Harasa getmisən, orada səni kəsiblər. Ona görə də başqa sahəyə yönəldim. Onu da deyim ki, sevgim olmadan başqa sahəni oxumuşam. Dövlət İdarəetmə və Texnologiya kollecində təhsilimi davam etdirmişəm.
-“Səs Azərbaycan”dan sonra əvvəlki çıxışlarınız yayılmağa başladı. Bu videoları görəndə geridə qalan buraxdığınız 14 ilə təəssüflənirdiniz?
-Bəli, “Yeni ulduz”un videoları indi-indi də çıxır. Avroviziyadakı halımla o halımı müqayisə edirlər. Əlbəttə, üzəindən çox zaman keçib. Amma demək qismət belə imiş.
-Avroviziya demişkən, bir az müsabiqədən danışaq. Əslində siz seçilməmişdiniz. Nrcə oldu ki, yarışda sizin də iştirakınız istənildi?
- Mən başqa komanda ilə qatılmışdım. Amma müsabiqə zamanı Fəxri seçildi. O, “Özünlə apar” mahnısı ilə qatılmışdı. Seçimdən sonra mənə zəng gəldi və Balaş müəllim çağırdı ki, muğam partiyası var və Fəxri də istəyir ki, sən ifa edəsən. Mən şoka düşdüm ki, bir insan özü seçilibsə, başqasını niyə istəsin e yanında? Fəxrini bu seçimlərdə tanımışdım, öncədən heç bir tanışlığım yox idi. Amma o istədi ki, bərabər çıxış edək.
-Siz özünüz tək seçilsəniz, Fəxrinin etdiyini edərdiniz?
-Ehtiyac yaransa, bəli. O, xanəndə olaraq məni dəvət etmişdi. Dedi ki, İlkin, bu səndə daha yaxşı alınır. Duet olaraq getmək çox çətindir. Bunun sonrakı mərhələləri var. O dostluğu davam etdirə biləcəksənmi? Fəxri ilə qardaşlığım hələ də davam edir.
-Bəs müsabiqəyə yenidən qatılsanız, solo oxumağı seçərsiniz, yoxsa?
-Bəli, getsəm, solo olaraq gedərəm. Bu dəfə pop ifaçısı kimi də gedə bilərəm.
-Bəs sizcə, niyə mahnı gözlənilən yeri tutmadı?
-Mən birinci növbədə Azərbaycan musuiqini sevirəm. Mənə tapşırılan hər şeyin öhdəsindən layiqincə gəlməyə çalışmışam. Müsabiqədə də tapşırıq idi ki, bu şeylər olmalıdır, bunlar olmalıdır. Mənə nə tapşırıldısa, etdim. Amma finala keçə bilməmək və ya axırıncı yerlərdə olmaq... Vallah, mənim Avropada qohum-əqrabam yoxdur ki, deyəm ki, ay dayıoğlu, mənə səs ver, biz keçək. Hansı ölkə səs veribsə sağ olsun, verməyibsə də, sağ olsun. Hər kəs istəyər ki, birinci olsun. Biz də bu istəklə getmişdik. O demək deyil ki, birinci olmuruqsa, bu, bizim zəifliyimizdir. Əksinə. Hər il də müsabiqədə iştirak etməliyik.
-İnsanlar fikirləşir ki, muğam partiyası Avropa dinləyicisi üçün əvvəlki qədər maraqlı olmadığına görə, o mahnı yer tuta bilməyib. Siz necə düşünürsünüz?
- Muğam olmayan mahnılarımız da var idi də. Onları sevdilər ki? Elektron gitaranı tutub, saçını belə-belə edəndə olur? Bu, arenadır e. Hər ölkə burada öz mədəniyyətindən bir parça nümayiş etdirir və burada qınanılacaq bir şey yoxdur. Demirəm e, tar kamanla oturaq. Amma öz musiqimizdən nəsə qatmağımızda da pis bir şey yoxdur.
-Yarışmada hansı qadağalar var idi? Məsələn, geyimlə bağlı.
- Geyimlə Fariz bəy maraqlanırdı. Vərəqdə çəkirdi və deyirdi ki, bunu geyinərsən? Çünki bizim xasiyyətimizi bilirdilər. Kişi xarakterində olduğumuzu bilirdilər. Mən ora kablokla çıxıb ifa edəcək biri deyiləm. Güllü çiçəkli gedənlərin də öz işləridir. Bəzi şeylər var ki, sən özün təklif etməlisən. Sən izah etməlisən ki, niyə təklif olunanı geyinmək istəmirsən.
-“Avroviziya”ın rəsmi səhifəsini niyə izləmədən çıxartmışdınız?
-Əslində “İnstagram”ımı sıfırlamışdım. Həm də orada bir az əsəbiləşdim. Səhnə də yaxşı idi, mahnı da yaxşı idi, Neçə ildir finala çıxa bilmədik deyə gərgin idim. Sən demə, Fəxri də izləmədən çıxarıbmış.
-Ümumiyyətlə, sizcə muğamla bağlı hansı yeni nəfəs olmalıdır ki, gənclərin də sevgisi yaransın?
-Təqdimatdan çox şey asılıdır. Birdən-birə nəyisə dəyişmək çətin olar və tamaşaçı da çətin qəbullanar. Artıq müasir dövrdür və özünün tələbləri var. Hər bir ölkənin klassikası pözulmur. Muğam da bizim klassikamızdır. Tar, kaman, xanəndənin qavalla oturması bir klassikadır. Bunu pozmadan əlavələr edə bilərsən, amma bu sistemi dəyişməyi insanları qəbullanmaz. Bununla belə, bizim ifaçılarımız da bir az dəyişikliyə can atmalıdır. Bəlkə də, bacarmır, ya da istəmirlər.
-Bu gün həmin dəyişikliklər üçün bütün imkanlar mövcuddur?
-Bizim texnikamız var, amma texnikanı işlətməyi bacaranlar çox azdır. Yaşar Baxış bu sahəyə ömrünün günün həsr etdi. Onun timsalında bir neçə səs rejisorumuz var, amma onların sayı artıq çox azdır. Onların sayını artırmaq lazımdır. Bizim ölkəyə gələnlər özü ilə birlikdə 50-60 nəfərlik komandası ilə gəlir. Həm 50-60 nəfər pul qazanır, həm təcrübə qazanır. Bunları fikirləşmək lazımdır. Yoxsa bunun pulunu 5 manat kəsim, onun pulunu 5 manat kəsim, yol pulunu verməyim, qalmağa yer verməyim – bu həm müğənnini gözdən salır, həm ölkənin mədəniyyətini. Veriliş hazırlayırlar, gətirib ora toyxana səslənməsi qururlar. Tamaşaçı da efirlərə baxmır. Çünki səsləndirmə düzgün deyil. Hər işin öz peşəkarı olmalıdır. Demirəm ki, qeyri-peşəkardırlar. İnsanları efirlərə qaytarmaq lazımdır.
- O bir az da maddi problemlərdən qaynaqlanan məsələdir.
-Başa düşürəm, hər şey maddiyyata bağlıdır. Kaş, iş adamlarımız, pullu şəxslər bir az bu şeylərə önəm versələr. Mədəniyyətimiz üçün. Guya, mənim çıxartdığım işlərin hansı toy üçündür? Hamısı Azərbaycan mədəniyyəti üçündür. Guya, hamısında cibimi fikirləşirəm? Mədəniyyətimiz üçün etmişəm.
-Bəstəkar mahnılarınız çoxdur. Siz müraciət edirsiniz, ya özləri təklif edib?
-Xanım İsmayılqızı, Aygün Səmədzadə kimi bəstəkarlardan mahnı oxumuşam. Bəstəkarlar özləri müraciət edir ki, belə bir layihəmiz var və istəyirik, iştirak edəsən. Mən də sevə-sevə iştirak etmişəm. Xanım İsmayılqızı ilə danışmışam, bu yaxınlarda yenə bir layihə ilə bağlı görüşəcəyik. Zəng edib ki, gəl-gəl, ildə bir hit verək də ölkəyə.
-Bəs həmin bəstəkar mahnılarınızın dinlənilməsi, sosial şəbəkələrdəki baxışı necə, sizi qane edir?
-Ciddi musiqilər həmişə dinlənilir və yaşayır. İfaçılar var ki, bu sənətə qeyri-ciddi yanaşırlar. Gedirlər, mənşəyi bəlli olmayan mahnılar oxuyurlar. İnsan özünü nə qədər dəyərsiz bilməlidir ki, dəyərsiz ifa səsləndirsin. İnsan birinci növbədə özünə hörmət etməlidir.
-O cür mahnılar toy üçün yazılır. Bu gün bütün müğənnilər qazanc olaraq buna müraciət edir.
-Toy sadəcə biznesdir. O gün zəng ediblər ki, aş verə-verə İlkin bəyin ifasını istəyirik. Aç bizimdir, düşmənliyim yoxdur. İlkin olmasın, başqa bir sənətçi olsun. Sən dəvət edəndə düşünmürsən ki, aş çıxanda diqqət onun üzərində olur? Bəs o ifaçı orada niyə ifa edir? Onda aş ondan dəyərli çıxır?
Sən düşünmürsən ki, bu sənətçini düzgün təqdim etməlisən. Çalışırıq ki, bizimlə bu şəkildə davranılmasın. Bəzi şeyləri düşünmək lazımdır. Yaradıcı insanalara xüsusi yanaşmaq lazımdır, diqqətlə davranmaq lazımdır. Artisti sən yerə də vura, qaldıra da bilərsən. Avropa və digər Asiya ölkələrində artistlə davranış tamamilə başqa cürdür. Adam orada özünü ulduz hiss edir. Bizdə bu, çox zəifdir.