Merilin Monronun Kennedi üçün  oxuduğu mahnı -  Maraqlı faktlar
13 may 2026 16:26 (UTC +04:00)

Merilin Monronun Kennedi üçün oxuduğu mahnı - Maraqlı faktlar

0

Merilin Monronun "Happy Birthday" (Ad günün mübarək) mahnısını oxumaq üçün "Madison Square Garden" səhnəsinə çıxmasından bir neçə an əvvəl ağlından bu fikir keçmişdi: "Həyatımda edəcəyim son şey olsa belə, mən bu mahnını oxuyacağam".

Lent.az xarici mediaya istinadla xəbər verir ki, aktrisanın 19 may 1962-ci ildə, Bob Makinin dizayn etdiyi demək olar ki, şəffaf libasda Con Kennedini təbrik etdiyi həmin məşhur gecəyə dair bu nadir sözlər, onun "Life" jurnalının redaktoru Riçard Merimanla apardığı səmimi müsahibədə yer alıb.

Hazırda bu materiallar "Marilyn: The Lost Photographs, The Last Interview" (Merilin: İtirilmiş fotoşəkillər, son müsahibə) adlı yeni kitabın əsasını təşkil edib və həmin kitabdan bəzi hissələr "PEOPLE" jurnalında dərc olunub.

"Zalda sükut hökm sürürdü", – Monro xatırlayırdı. "Ümumiyyətlə, nəsə deyə biləcəyimi düşünmürdüm. Mikrofonun önünə keçəndə sadəcə bircə nəfəs aldım və birdən düşündüm: yaxşı, başladıq".

Çıxışdan sonra Con Kennedi və onun qardaşı, baş prokuror Robert Kennedi ilə söhbət edərkən görülən aktrisa qeyd edirdi: "Mən əvvəllər baş prokurorla görüşmüşdüm, ona görə də tanış və gülümsəyən sima görmək xoş idi".

Monro tədbirə həmçinin keçmiş qayınatası İsdor Milleri – 1961-ci ildə boşandığı dramaturq Artur Millerin atasını da gətirmişdi. "O, Amerikaya immiqrant kimi gəlmişdi və mən bunun onun həyatındakı ən möhtəşəm hadisə olacağını düşündüm", – o qeyd edirdi. – "İstəyirdim ki, o, bunu öz nəvələrinə danışa bilsin".

Kino prodüseri Artur Krimanın evində təşkil olunan qəbulda da Monro yenidən Con Kennedi və Robert Kennedi ilə yan-yana əyləşmişdi.

Jurnalist Merimanla bir neçə görüşü əsnasında Monro şöhrət haqqında olduqca səmimi danışmışdı: "Səndən daim nələrisə tikə-tikə qoparıb alırlar".

Seks-simvol statusu haqqında isə o, bunları demişdi: "Əgər mənə bir simvol olmaq qismət olubsa, insanların bəzən çevrilmək istədiyi digər şeylərdənsə, seks-simvol olmağı üstün tutardım".

Müsahibə "Life" jurnalının 1962-ci il avqustun 3-dəki nömrəsində dərc olunub. Cəmi iki gün sonra, 5 avqust səhəri Merilin Monro öz yatağında ölü tapılıb. Ölüm səbəbi kimi "barbituratlarla kəskin zəhərlənmə" göstərilib. Rəsmi olaraq bu, "ehtimal olunan intihar" kimi qəbul edilsə də, onun ölümünün təfərrüatları bu günə qədər mübahisə və müxtəlif nəzəriyyələrin mövzusu olaraq qalır.

Onun 100 illik yubileyi ərəfəsində sözləri və fotoqraf Allan Qrantın çəkdiyi nadir fotolar Monronu çoxşaxəli bir şəxsiyyət kimi – ağıllı, ironik, ehtiyatlı və eyni zamanda həssas bir qadın kimi üzə çıxarır.

Fotoqraf sonralar xatırlayırdı: "O, gözlədiyimdən daha arıq və zərif idi. Gülümsəyirdi, lakin mən onda hər an üzə çıxmağa hazır olan bir qəm-qüssə hiss edirdim".

"Marilyn: The Lost Photographs, The Last Interview" adlı yeni kitab müsahibənin tam mətni və əvvəllər heç yerdə yayımlanmamış fotolarla birlikdə mayın 12-də satışa çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar