Səhnədə onun başına gəlməyən qalmadı, "dəlixana"ya düşdü – Aktrisa ilə MÜSAHİBƏ
17 mart 2023 16:02 (UTC +04:00)

Səhnədə onun başına gəlməyən qalmadı, "dəlixana"ya düşdü – Aktrisa ilə MÜSAHİBƏ

 Lent.az-ın müsahibi Gənc Tamaşaçılar teatrının aktrisası Günel Məmmədovadır.

- Günel, çox zərifsiz, formanızı necə qoruyub saxlayırsınız?

-  Aktrisa olmasaydım mütləq rəqqasə olardım. Formamı qorumaq üçün rəqsə gedirəm. Beləcə əlavə enerjimi rəqslə tökürəm. Eyni zamanda onurğamda yaranmış bir problemi də rəqslə sağaltmağa çalışıram.

- Hə eşitmişdim, teatrda belinizdən zədə almışdınız...

- Mən əslində səhnədə ən çox travma alan aktrisa sayıla bilərəm (gülür). Burnum qırılıb, ayağımdan, onurğamdan travma almışam. “Oliver Tvist”  tamaşasına hazırlıqlar gedirdi, baxışa 3 gün qalmışdı, məşq zamanı çox ağır yaralandım. Tərəf müqabilim məni qolları üstünə alıb sonra tullamalıydı, əllərim üstə yuvarlanıb, yerə düşməliydim. Aktyor məni sinəsinə qədər qaldırdı, çox yüksəkdən atdı. Belim çox ağır zədələndi. Düşündüm ki, ömürlük şikəst qaldım, daha yeriyə bilməyəcəm. Əslində hələ də bunun altını çəkirəm. Rəqs bir növ onurğam üçün gimnastikadır. Burnumu qılıncla zədələmişdilər. Səhnədə rəqiblərimin biriylə qılınc oynatmalıydıq. Bilmədən burnumu qırdı. Ayağım səhnə maşinistlərinin xətası ucbatından zədələndi. Səhnədə rəqs zamanı tarım çəkilməmiş xalçaya ilişib yıxılmışdım.

- Burnunuzu estetik əməliyyat etdirdiniz zədədən sonra?

- Yox, əməliyyat olunmuş kimi görünür, amma əl dəydirmədim. Üzümə toxunmağa qorxuram. Biz aktyorlar üzümüzlə işləyirik. Botoksla, üz dərisini gərdirməklə üzünü gəncləşdirənlər var. Mən təbii qocalmanın tərəfdarıyam. Estetik əməliyyatlar, botoks üzümüzün mimikasını öldürür, sünilik yaranır, sima olaraq hamının bir-birinə bənzəməsi aktyorun işinə ziyandır, rejissorlar bunu sevmir. Təbii üz tapa bilmirlər. Xarici film kastinqlərində çox iştirak edirəm. Orda ən böyük tələb simanın estetiksiz olmasıdır, qətiyyən qəbullanmırlar. Ona görə çalışıram üzümə  toxunmayım, təbiiliyim, fərdi üz cizgilərim qalsın.
Kimsə edirsə buna pis baxmıram, insanın kompleksi varsa, etsin. 

- Xaricə çıxışınız var dediniz. Hansı ölkələrin  filmlərində çəkilmisiniz?

- Festivallarda çox olmuşam. İsveçdə tamaşa ilə iştirak etmişdim. İsveç, İtaliya, Gürcüstan, Rusiyada, Qazaxıstanda bədii filmlərə çəkilmişəm. Martın 11-dən Türkiyədə bir filmdə çəkilməyə başlamışam.

- Xarici görünüşünüzdə slavyan qızlarına bənzərlik daha çoxdur. Gendə var?

- Əslimdə qanımda slavyan qanı yoxdur. Slavyan üz tipi mənim üstünlüyümdür. Avropa simalı odluğum üçün türklər əsasən rus qızları rollarına çəkirlər. Simamın ən yaxşı cəhəti budur ki, qrimçilər onu asanlıqla dəyişə bilirlər. Yəni məni qrim ediblər, qazax qızlarından seçilməmişəm. Bunu üstünlük hesab edirlər. Qısaca, standart Azərbaycan gözəli deyiləm (gülür).

- İtaliyaya dəvət necə və kimdən gəldi? 

- 2016-cı ildə Bakıda Leyla Əliyevanın təşkilatçılığı ilə “I love Baku” layihəsi vardı. Orda italiyalı rejissor da iştirak edirdi. Bakıda olarkən aktyor və aktrisalarımızın şəkilləri ilə maraqlanmışdı və məni bəyənib tövsiyə etmişdi. Sevgi haqqında film idi. Ərindən ayrılmış tənha qadının başına gələnlər barədə əhvalat idi.

- Bəs niyə Azərbaycan tamaşaçısı onu görmədi?
-  Film İtaliya üçün çəkilmişdi. Mən o zamanlar çox paylaşımlar etməyi sevmirdim. Gənc idim, can atmırdım. Kaş ki, edəydim. Filmi çəkəndə müqavilə bağlayırlar, çox zaman öz ölkəmizdə paylaşmağa da icazə vermirlər. Ona görə belə filmlərdə çəkilən aktyorlarımızdan xəbər tutan olmur. 

- Belə çıxır ki, xaricdə çəkilən gənc aktyorlarımız çoxdur.

- Bəli çoxdur. Təəssüf ki, işıqlandırılmır. Həm də xaricə çıxış üçün kastinqlərə üz tutmaq lazımdır. Bizdə aktyorlarla işləyən agentliklər, xarici kinostudiyalarla işləyən güclü menecerlər yoxdur. Əsas problem budur. Bir də bəzən paxıllıq edirlər. Tutaq ki, hansısa rejissordan aktyoru soruşurlar, rejissor aktyora demədən onun əvəzinə cavab verir, etiraz edir, məşğuldur deyir, yolunu kəsir.

- Hansı dildə oynayırdınız?

- Rus dilliyəm. İngilis dilim də yüksək səviyyədədir. İtaliyada italyan dilini bilməyə-bilməyə italyan dilində danışıb, oynadım və filmi öz səsimlə verdilər. Əzbərləmək, intonasiyalar, fikri yadda saxlamaq heç asan deyildi. Amma deyilənə görə yaxşı danışmışammış, heç aksentim də yox imiş. İsveçdə də kastinq yolu ilə çəkildim. O film də daxili bazar üçün idi. Gürcüstanda çəkildiyim filmi vermədilər təəssüf ki.

- Xaricdə film çəkilişlər adətən nə qədər davam edir?

- İtaliyada 1 ay qaldım. Mənim iştirakımla olan hissəni çəkdilər gəldim. İsveçdə çəkilişlərim 15 günə tamam oldu. İtaliyada şans yaranmışdı ki, onların agentliyi mənə menecer ayırsın və orda qalıb işləyim. Təklifi rədd etdim. İndi təəssüf edirəm. Görünür xeyirli olan bu imiş. Ailəmi qoyub getmək istəmədim. Ailə mənim üçün çox önəmlidir

- Ailəlisiniz?

 - Yox subayam.

- Bu gözəl xanımı görməmək üçün kor olmaq lazımdır. Ya da siz çox seçicisiniz. (Gülürük)

- Yəqin işdən imkan olmur. Hər adam məni, mən də hər adamı qəbul edə bilmirəm. Aktyorla, bizim iş rejimimizə görə ailəli olmaq asan iş deyil. Mən  “ərə getdim” desinlər deyə evlənə bilmərəm. Ailə oyuncaq deyil. O qapıdan girdinsə, çıxmaq ehtimalı sıfıra bərabər olmalıdır. Ümumiyyətlə, incəsənət insanı ilə ailə qurmaq istəməzdim. 2 qoçun başı bir qazanda qaynamaz. Bir aktyor mənimlə ailə qurmaq istəmişdi, amma əsas istəyi bu idi ki, səhnədə olmayım. Bunu qəbul edə bilmədim. Sənətimi çox sevirəm. İllərlə işləyib, damla - damla qazandığım uğurlarımı itirmək istəmirəm. Həyatımdakı insanın ruhu mənə yaxın olmalıdır, sənətimə hörmət etməlidir. İndi ailəm mənə dəstək olur. İstərdim evlənəndən sonra dəstəyim o olsun. Hər tamaşadan sonra stress yaşadacaqsa, mənə lazım deyil. Həyat yoldaşı sözü gözəldir, hər adam ər ola bilər,  hər adam həyat yoldaşı ola bilməz. Sevgidən çox hörmət olmalıdır. Bu mənada xırdaçıyam, mənimlə çox çətindir.

-  Daha öncəki illərin ailə ənənələri də yavaş-yavaş aradan qalxır. Valideyn məsləhəti ilə ailə qurmaq məsələsinə necə baxırsınız?

- Valideyn sözünü eşitmək lazımdır. Onların təcrübəsi çoxdur. Mən insan tanımıram, anam kimə nə diaqnoz qoyursa, o düz çıxır. Ailəm bu günə qədər çox dəstək olub. Düzdür, sənət seçimində onların istəyini etməmişəm, onlar ingilis dili müəllimi olmağımı istəyirdilər. “Aktyor olacam” deyəndə etiraz etmədilər, dəstəklədilər. Böyüklərin kiçiklərə dəstəyi çox - çox önəmlidir. Yoxsa bu çətin işin öhdəsindən gəlmək asan olmazdı.

- Bütün aktyorlar çətindir deyirlər. Nədir çətinlik? Axı bu daş qaldırmaq deyil.

- Elə aktyor var texnikayla işləyir. Ağlamaq lazımdır, gözünə xüsusi qələm var, çəkir, göz yaşı tökür, vəssalam. Mən içimdən keçirirəm. Dəli rolu oynayanda 4 gün dəlixanada (psixiatrik xəstəxanada) qalmışam. Düzdür, ən ağır xəstələrin arasında deyil. 4 gündən çox qalmağı bacarmadım, amma onların dünyaya münasibəti və onlara olan münasibəti gördüm. Əslində çox ürəyiyumşaq insanam və rolun ağrısını çəkirəm. “Eləyə bilmərəm” sözü məndə yoxdur. Daş qaldırmırıq, amma qaldırmaqdan da çətindir. Ürək dözmür. Özün inanmalısan ki, başqasını inandırasan. Psixoloji təsir hiss edirsən. Amma bu gözəl çətinlikdir. Səhnəyə çıxanda özümü unuduram. 

- Tamaşada ən yaxşı “sevgiliniz”,  ən inandırıcı partnyorunuz kim olub?


- Elnur Kərimovla daha yaxşı alınır. Biz uşaqlıqdan demək olar ki, bir böyümüşük. Eyni gimnaziya, eyni vaxtda universitet, eyni teatr. Onunla daha rahatdır. Şövqi Hüseynovla çox möhtəşəmdir. Enerjisi çox güclüdür. Səhnədə özünü əsla itirməz, nə baş verirsə versin, səni vəziyyətdən çıxaracaq. Gözəl pas ötürəcək. Sənət dostlarım sarıdan bəxtim çox gətirib. İlk rolum komediya olub, “Çimnaz xanım yuxudadır” tamaşasında Nabat rolu. Komediya oynamağı çox istəyirəm, nədənsə məni bu rollara seçmirlər. Burdan rejissorlarıma giley edirəm (gülür). Bu gün rejissor Mehriban Ələkbərzadə ilə işləmək zövq verir. Pedaqoq rejissorlardandır. İnsanı plastilin kimi dəyişməyi bacarır. Hazır materialla işləməyi sevmir, səndən yeni bacarıqlar tələb edirlər. Bəzi rejissorlar düzünü desəm, tənbəldirlər. O bunu etmir.

-  O tənbəl rejissorların dərdindən, biz tamaşaçılar da yoruluruq. Eyni aktyor, eyni səpkili rollarda, eyni mövzularda gözümüzü yorur.

- Bəli, olur. Mənə də həmişə seriallarda mənfi qadın rollarını verirlər. Maddiyyat üçün məcburən çəkilirik. Fərqlilik istəyirəm. 

- Səhnədə aşiq olanlar da az deyil..

- Belə aktyorlar var. Şövqi müəllimlə Şəbnəm xanım evlidirlər. Həmkar kimi bir-birlərini seviblər. Amma həmkar ayrı, səhnədə tərəf müqabili ayrı. Tərəf müqabilini sevmək kimi bir şeyə inanmıram. Səhnədə Cülyettayamsa, gündə bir Romeo sevə bilmərəm. Başıma gəlməyib.

- Sosial şəbəkələrdə, xüsusən Tik - Tokda özünü aktyor kimi təqdim edənlərin sayı aşıb - daşır. Sanki hamı artist doğulubmuş, həvəs varmış. Bu mənada əsl aktyorlara çətin deyil? Bu qıcıqlandırır?

 - Mən şokdayam. Hərdən taksi sürücüsü də mənə deyir ki, biz həmkarıq. Düzdür, aktyorluq istedad, vergi işidir, bu oxumaqla olmur. Amma bir rolik buraxıb şəbəkəyə buraxan hamı deyir aktyoram. Aktyor sözünün gücünü hər adam qaldıra bilməz. Niyə bu qədər ucuz tuturlar?  Bir də bizdə “yaxşı kino, yaxşı aktyorlar yoxdur” deyəndə xətrimə dəyir, əsəbiləşirəm. Teatra gəlin, baxın görün var, ya yox? Tik -Tokdakı vaynerləri görüb, hamının adını batırmaq doğru deyil. Hansı filmə, hansı tamaşaya baxıb, hansı aktyoru tanımısan ki, “kino yoxdur” deyirsən? Bu mövzuda danışmağa başlasam susmayacam. Danışanda da deyirlər paxıllığımızı çəkirsən. Siz ortaya nə qoyursunuz ki, paxıllıq edəm? Bir də hərdən deyirlər biz xaricilər kimi çəkə bilmirik. Niyə onlara bənzəyək? Bizim böyük sənət tariximiz var. Xaricilərə biz öz etnik milli çalarlarımızla maraqlıyıq. “Əhməd haradadır?”, “Qayınana”, “7 oğul istərəm” kimi filmləri kiməsə baxıb çəkmişdilər? Festivallara gedəndə bunu nəzərə almalıyıq. Onlara onları yox, bizi göstərməliyik. Hərə öz yerində olsa, yaxşı olacaq. Bizim dərdimiz odur ki, çoxları öz yerini yox, başqasının yerini tutur.


 

# 13809
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar