1997-ci ildə ekranlara çıxan “Titanik” filmi qısa zamanda təkcə rejissorluq sənətinin möhtəşəm nümunəsinə deyil, həm də XX əsrin ən yaddaqalan ekran əsərlərindən birinə çevrilib. Lakin milyonlarla tamaşaçını təsirləndirən bu filmin çəkilişləri heç də asan başa gəlməyib. Aktyorların üzləşdiyi çətinliklər, rejissorun sərt tələbləri və çəkiliş meydançasında yaşanan hadisələr bu gün də maraq doğurur.
Lent.az xəbər verir ki, Ceyms Kemeronun rejissorluğu ilə ərsəyə gələn “Titanik” kino tarixinin ən böyük və iddialı layihələrindən biri hesab olunur. Filmin mümkün qədər real görünməsi üçün yaradıcı heyət qeyri-adi üsullara əl atıb, aktyorlar isə bəzən sağlamlıqlarını təhlükəyə atmalı olublar.
Bəs “Titanik” necə çəkilib, məşhur səhnələrin arxasında hansı sirlər gizlənir?
Rozanın portretini Leonardo Di Kaprio yox, rejissor çəkib
Filmin ən məşhur səhnələrindən biri Cek Dousonun Rozanın portretini çəkməsidir. Ekranda bu rəsmi Leonardo Di Kaprionun canlandırdığı obraz çəksə də, əslində portretin müəllifi rejissor Ceyms Kemerondur. Rejissor yalnız rəsmi çəkməklə kifayətlənməyib. Karandaşın hərəkət etdiyi yaxın planlarda görünən əl də ona məxsusdur.
Kemeron bununla rəsmin kompozisiyasını və üslubunu şəxsən nəzarətdə saxlamaq istəyib. Burada maraqlı bir məqam da var. Kemeron solaxay, Leonardo Di Kaprio isə sağ əllidir. Çəkiliş zamanı bu fərqin tamaşaçıların diqqətini çəkməməsi üçün rəsm səhnələri sonradan güzgü effekti ilə əks istiqamətə çevrilib.
Keyt Uinslet çəkilişlər zamanı xəstələnib
“Titanik”in ən çətin səhnələri gəminin batması və sərnişinlərin soyuq suda həyatda qalmağa çalışması ilə bağlı olub.
Bəzi səhnələrin çəkilişi zamanı suyun temperaturu 10 dərəcədən aşağı düşüb. Aktyorları soyuqdan qorumaq üçün onların geyimlərinin altından xüsusi hidrokostyumlar geyindirilib. Bu qoruyucu geyimlər kamera qarşısında görünməyib. Lakin Roza obrazını canlandıran Keyt Uinsletin belə qoruyucu geyimdən imtina etdiyi bildirilir. Aktrisa obrazının yaşadığı qorxu və çarəsizliyi daha təbii göstərmək istəyib.
Məqalədə qeyd olunur ki, bu qərar onun səhhətinə ciddi təsir edib. Uinslet sətəlcəmə tutulub və müəyyən müddət xəstə olmasına baxmayaraq çəkilişlərə davam edib.
Ölümü birlikdə gözləyən yaşlı cütlük həqiqətən mövcud olub
Filmin ən təsirli səhnələrindən biri yaşlı ər-arvadın gəmi batarkən çarpayıda bir-birinə sarılaraq ölümü gözləməsidir. Bu səhnədəki obrazlar real insanların həyatından götürülüb. Onların prototipləri “Titanik”in sərnişinləri olan İsidоr və İda Ştrausdur. Tarixi məlumatlara görə, gəmi batarkən yaşlı cütlüyə xilasetmə qayığına minmək imkanı yaradılıb. Lakin İsidоr gəmidə qadınlar və uşaqlar qaldığı müddətdə oranı tərk etmək istəməyib.
İda isə həyat yoldaşından ayrılmaqdan imtina edib. Onun ərinə dediyi bildirilən sözlər illər keçsə də, unudulmayıb: “Biz bu qədər ili birlikdə yaşamışıq. Sən hara gedirsənsə, mən də ora gedəcəyəm”. Ceyms Kemeron onların ayrılıq anını əks etdirən əlavə səhnə də çəkib. Lakin həmin görüntülər filmin yekun versiyasına daxil edilməyib.
Rejissor aktyorlara sudan çıxmağa icazə verməyib
Xilasetmə qayıqları ilə bağlı səhnələr aktyorlar üçün xüsusilə ağır keçib. Onlar saatlarla soyuq suda qalmalı, texniki fasilələr zamanı isə çəkilişlərin davam etməsini gözləməli olublar. Büdcənin getdikcə artması və çəkiliş qrafikinin gərginliyi rejissorun tələblərini daha da sərtləşdirib.
Çəkiliş iştirakçılarının sözlərinə görə, Kemeron vaxt itkisinə yol verməmək üçün aktyorların fasilələr zamanı belə sudan çıxmasını qadağan edib. Hətta onun tualetə getmək üçün sudan çıxan şəxsləri işdən uzaqlaşdırmaqla hədələdiyi iddia olunur. Bu yanaşma çəkiliş meydançasında narazılıqlara səbəb olsa da, rejissor filmin planlaşdırılmış müddətdə tamamlanmasına çalışıb.
Kütləvi səhnələrdə 150-dən çox insan iştirak edib
Gəminin batması zamanı yaranan təşvişi və sərnişinlərin çarəsizliyini göstərmək üçün 150-dən çox kütləvi səhnə aktyoru çəkilişlərə cəlb olunub. Ceyms Kemeron onların sadəcə kamera qarşısında görünməsini istəməyib. Rejissor hər bir iştirakçı üçün ayrıca ad, həyat hekayəsi və taleyin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirib. Məqsəd tamaşaçıya ekrandakı insanların həqiqətən 1912-ci ildə yaşamış sərnişinlər olduğu hissini vermək idi. Bununla yanaşı, kütləvi səhnə iştirakçılarına XX əsrin əvvəllərində insanların necə davrandığı, hansı jestlərdən istifadə etdiyi və ictimai yerlərdə özlərini necə apardığı öyrədilib. Bu məqsədlə xoreoqraf Linn Hokninin rəhbərliyi altında xüsusi məşğələlər təşkil olunub.
Aktyorların geyimləri bir il ərzində hazırlanıb
“Titanik”in uğurunda geyim rəssamlarının da böyük rolu olub. Filmdə istifadə edilən kostyumların hazırlanmasına təxminən bir il sərf edilib. Hər bir geyim XX əsrin əvvəllərinin dəbinə uyğun hazırlanıb. Parçaların seçimi, biçim, düymələr və digər xırda detallar həmin dövrün geyim mədəniyyətini mümkün qədər dəqiq əks etdirməli idi. Kemeron bu iş üçün böyük vəsait xərcləməkdən çəkinməyib. Lakin bahalı kostyumların qorunması onun üçün əsas məsələ olmayıb. Aktyorlar bəzən saatlarla suyun içərisində həmin geyimlərlə çəkilişlərə qatılıblar. Rejissor hesab edirdi ki, filmin inandırıcılığı istifadə edilən kostyumların maddi dəyərindən daha vacibdir.
“Titanik”in çəkilişlərinə nə qədər pul xərclənib?
“Titanik” 1997-ci ildə 200 milyon dollarlıq istehsal büdcəsi ilə dövrünün ən bahalı filmlərindən biri olub. Reklam və tanıtım xərcləri də nəzərə alındıqda layihəyə sərf olunan ümumi məbləğin 285 milyon dollara çatdığı bildirilir. Filmin çəkilişləri 1996-cı ilin iyulundan 1997-ci ilin martına qədər davam edib. Ekran əsərinin ABŞ-də premyerası isə 19 dekabr 1997-ci ildə baş tutub. Çəkiliş dövründə xərclərin sürətlə artması filmin maliyyə baxımından uğursuz ola biləcəyi ilə bağlı narahatlıq yaradıb. Lakin nəticə bütün gözləntiləri üstələyib. “Titanik” dünya üzrə 2,2 milyard dollardan çox gəlir əldə edərək kino tarixinin ən çox gəlir gətirən ekran əsərlərindən birinə çevrilib.
Filmdə hansı məşhur aktyorlar rol alıb?
“Titanik”in uğurunun əsas səbəblərindən biri də güclü aktyor heyəti olub. Leonardo Di Kaprio təsadüf nəticəsində gəmi bileti qazanan və varlı ailədən olan qıza aşiq olan kasıb rəssam Cek Dousonu canlandırıb. Keyt Uinslet ailəsinin təzyiqlərindən qurtulmağa və öz həyatını müstəqil qurmağa çalışan gənc aristokrat Roza obrazını yaradıb. Billi Zeyn Rouzun varlı və hökmran nişanlısı Kaledon Hokli rolunda çıxış edib. Keti Beyts isə Cekə yüksək cəmiyyətin qaydalarını öyrənməkdə kömək edən varlı sərnişin Molli Braunu canlandırıb. Frensis Fişer Rouzun anası Rut, Qloriya Stüart yaşlı Rouz, Bill Pekston xəzinə axtarışına rəhbərlik edən Brok Lovett obrazında çəkilib. Bernard Hill gəminin kapitanı Edvard Con Smiti, Viktor Qarber laynerin konstruktoru Tomas Endryusu, Devid Uorner isə Kaledon Hoklinin mühafizəçisi Spayser Lavcoyu canlandırıb.
“Titanik” yalnız möhtəşəm dekorasiyaları və təsirli sevgi hekayəsi ilə deyil, həm də çəkiliş prosesində göstərilən böyük zəhmətlə kino tarixinə düşüb. Filmin ərsəyə gəlməsindən onilliklər keçməsinə baxmayaraq, onun pərdəarxası hadisələri hələ də tamaşaçıların marağına səbəb olur.