"Nabat” tammetrajlı bədii filminin Amerikada 50-ci Çikaqo Beynəlxalq Film Festivalında (The Chicago İnternational Film Festival) premyerası baş tutub. Kinostudiyadan Lent.az-a verilən məlumata görə, təqdimatda filmin rejissoru və ssenari həmmüəllifi Elçin Musaoğlu iştirak edib. Ekran əsəri Amerika və beynəlxalq kinoauditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.
Azərbaycanın ilk dəfə təmsil olunduğu Çikaqo Beynəlxalq Film Festivalının oktyabrın 9-da təmtəraqlı açılışı olub və oktyabrın 23-dək davam edəcək. Festivalda artıq iki dəfə nümayiş olunan “Nabat” filminin növbəti təqdimatı 22 oktyabr tarixində ABŞ-ın ən məşhur kinoteatrlarından biri olan “AMC Theatres - River East 21”də baş tutacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında bu il istehsal olunan “Nabat” filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.