Albalılı keks hazırlamaq olduqca sadədir. Bu reseptlə hazırlanan keks yumşaq, zərif və ətirli olur. Albalının xoş turşməzə dadı isə desertə xüsusi ləzzət qatır.
Lent.az bu keks reseptini təqdim edir:
Lazım olan ərzaqlar
200 qram buğda unu
120 qram şəkər tozu
2 ədəd yumurta
100 qram kərə yağı
110 millilitr süd
1 çay qaşığı qabartma tozu
10 qram vanilli şəkər
Bir çimdik duz
200 qram təzə albalı
Hazırlanma qaydası
Əvvəlcə albalıları yaxşıca yuyun, kağız dəsmalla qurulayın və tumlarını çıxarın. Meyvədən ayrılan suyu süzüb istifadə etməyin. Otaq temperaturunda yumşalmış kərə yağını şəkər tozu və vanilli şəkərlə birlikdə mikser vasitəsilə açıq rəng alana və krem konsistensiyasına gələnədək çalın.
Yumurtaları bir-bir əlavə edin. Hər yumurtanı əlavə etdikdən sonra qarışığı yenidən yaxşıca çalın. İlıq südü əlavə edin, bir çimdik duz səpin və qarışığı yenidən çırpın. Unu qabartma tozu ilə birlikdə ələyərək maye qarışığın üzərinə əlavə edin. Xəmiri spatula və ya qaşıqla hamar kütlə alınana qədər qarışdırın. Daha sonra hazırladığınız albalıları ehtiyatla xəmirə qatın.
Keks qəliblərini xəmirlə təxminən üçdəiki hissəsinə qədər doldurun.
Əvvəlcədən 180 dərəcəyədək qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Keksin üzəri qızılı rəng aldıqda və içinə batırdığınız taxta çöp quru çıxdıqda hazır olduğunu hesab edə bilərsiniz.
Faydalı məsləhətlər
Albalı çox sulu olarsa, onu xəmirə qatmazdan əvvəl üzərinə az miqdarda un səpmək məsləhətdir. Bu, giləmeyvələrin bişmə zamanı qəlibin dibinə çökməsinin qarşısını alacaq. İstəyə görə hazır keksin üzərinə şəkər kirşanı səpə və ya vanilli dondurma ilə birlikdə süfrəyə verə bilərsiniz.
Nuş olsun!