Bu balıqları yemək olmaz -  təhlükəli növlər
17 iyun 2026 18:24 (UTC +04:00)

Bu balıqları yemək olmaz - təhlükəli növlər

0

Marketlərdə və balıq mağazalarında müxtəlif növ dəniz məhsulları satılsa da, onların hamısı sağlamlıq üçün eyni dərəcədə faydalı hesab edilmir. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi balıq növləri yüksək miqdarda civə, qurğuşun və digər ağır metalları toplayaraq insan sağlamlığı üçün risk yarada bilər.

Lent.az xəbər verir ki, araşdırmalara görə, uzunömürlü və qida zəncirinin yuxarı pilləsində yerləşən yırtıcı balıqlar ətraf mühitdəki toksinləri daha çox toplayır.

Bu maddələr sinir sistemi, qaraciyər və ürək-damar sağlamlığına mənfi təsir göstərə bilər. Xüsusilə uşaqlar və hamilə qadınlar üçün belə balıqların müntəzəm istehlakı təhlükəli sayılır.

Ən çox ağır metal toplayan balıqlar

Mütəxəssislərin məlumatına əsasən, aşağıdakı balıq növlərində civə və digər zərərli maddələrin səviyyəsi daha yüksək olur:

Köpəkbalığı – uzun ömür sürdüyü və yırtıcı olduğu üçün ən çox çirklənmiş balıqlardan biri hesab olunur.

Qılınc balığı  – yüksək civə səviyyəsinə görə riskli balıqlar sırasındadır.

Kral skumbriyası – bir çox hallarda təhlükəsiz norma həddini aşan toksinlər daşıyır.

İri gözlü ton balığı – yüksək miqdarda civə ehtiva edə bilər.

Niyə bu balıqlar satışdan çıxarılmır?

Mütəxəssislər bildirirlər ki, bu balıqların satışda qalmasının bir neçə səbəbi var. İlk növbədə, ton balığı və qılınc balığı bir çox ölkədə delikates hesab olunur və alıcılar arasında yüksək tələbat görür. Digər tərəfdən, bir çox ölkədə civə səviyyəsinə nəzarət edilsə də, bu, həmin məhsulların tam qadağan olunması anlamına gəlmir.

Həmçinin müxtəlif ölkələrdə ağır metallar üçün icazə verilən norma fərqli olduğundan, bir bazarda satılan məhsul başqa ölkədə məhdudlaşdırıla bilər. Alıcıların əksəriyyəti isə hansı balığın daha təhlükəli olduğunu bilmədiyi üçün bu məhsulları almağa davam edir.

Daha təhlükəsiz balıq növləri hansılardır?

Sağlam qidalanmaq istəyənlərə civə səviyyəsi aşağı olan və daha qısa ömür sürən balıqları seçmək tövsiyə olunur.

Ən təhlükəsiz variantlar bunlardır:

Sardina – omeqa-3 ilə zəngindir və toksinləri minimum səviyyədə toplayır.

Qızılbalıq – xüsusilə vəhşi qızılbalıq müntəzəm istehlak üçün ən yaxşı seçimlərdən biridir.

Siyənək – həm əlçatan, həm də təhlükəsiz balıq növüdür.

Ançous – kiçik ölçülü olduğundan ağır metalları az toplayır.

Forel – gündəlik qidalanmada istifadə oluna bilən təhlükəsiz alternativlərdəndir.

Balıq nə qədər yeyilməlidir?

Hətta təhlükəsiz hesab edilən balıqların da normadan artıq istehlakı məsləhət görülmür. Mütəxəssislər böyüklərə həftədə iki-üç porsiya balıq yeməyi tövsiyə edirlər.

Hamilə qadınlar və uşaqlar yalnız civə səviyyəsi aşağı olan balıqlara üstünlük verməlidirlər. Ton balığı və iri yırtıcı balıqların isə həftədə bir dəfədən çox yeyilməsi məsləhət görülmür.

Mütəxəssislər qeyd edirlər ki, müxtəlif balıq növlərini növbəli şəkildə istehlak etmək orqanizmdə ağır metalların yığılma riskini azaltmağa kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 32

Oxşar yazılar