Telli Pənahqızı: “İstəmişəm məni dəli kimi sevsinlər...” – QIZ-QIZA
29 may 2013 16:00 (UTC +04:00)

Telli Pənahqızı: “İstəmişəm məni dəli kimi sevsinlər...” – QIZ-QIZA

Gənclər xatırlamaz, nə zamansa evlərin ən hörmətli və mühüm əşyası televizor idi. Onda hələ kompüter, internet icad olunmamışdı və bizə maraqlı olan hər şey, eləcə də qəzet, jurnal, hətta televiziya belə kompüterə yerləşməmişdi. O zamanlar birmənalı şəkildə televizorun yeri evin yuxarı başı idi. Ailə üzvləri isə böyüklü-kiçikli evin aşağı başından düzülüb gözünü o qutuya dikirdi. Gəlinin gətirdiyi cehiz süfrələrin içindən ən zövqlüsünü seçib televizorun üzərinə sərərdilər. Evin ən bahalı əşyasını par-par parıldadıb televizorun üstünə qoyardılar... Bəzən də içində 3-5 süni qızılgüllər olan büllur vaza. Bizim insanlarda doğmaları çərçivəyə salmaq adəti olmadığından doğmaların şəklini çərçivəsiz-zadsız servanta düzər, o doğmalar ölən kimi şəkillərini çərçivəyə salıb lap yuxarı başa, yəni televizor olan divarın üstünə vurardılar...

 

Efirdən gördüyün insanlar da əlçatmaz idi. İnsanların efirdən gördüyü bir jurnalistə anında facebookda dostluq təklifi göndərmək kimi lüksü yox idi. Hamı efirdəki insanlardan danışmaq, geyinmək öyrənirdi.

 

Bu gün Lent.az-ın qonağı həmin dövrlərin televiziyasından tanınan ən zəhmli qadınlardan biridir. Əməkdar telejurnalist, şairə, publisist, nasir Telli Pənahqızı. Söhbətə “S+” Qadın Klubunun dizaynı ilə başlayırıq. “Gözəlliyə baxın, o saat hiss edirsən ki, qadın əli dəyib. Qadın gözəllik yaratmaq üçündür” deyir. Efirdən nə qədər zəhmli görünürsə, həyatda bir o qədər mülayim və mehribandır. Söhbətimiz televiziyalı və şeirli olur. Xəsislik etməyib mənə oxuduğu şeirləri müsahibənin üstünə səpəcəm. Söhbətə uyğun olmaya bilər, televiziyada da reklamlar verilişə uyğun olmur. Nəzərə alın ki, bu, təpədən-dırnağa söz adamının müsahibəsidir.

 

Mən ruh adamıyam, söz adamıyam,

Bir ilıq baxışlı göz adamıyam,

Mən elə Tanrının öz adamıyam,

Sən məni bəs kimə tapşıracaqsan?

 

Telefonuna durmadan zəng gəlir. Hamısına da eyni cavabı verir: “Hələ bilmirəm, deyəcəm”.

 

  • - Sabah ad günümdür. Ona görə də hamı bir-bir zəng edib soruşur ki, harda edəcəksən?
  •  
  • - Təbrik edirəm. Mən də soruşum, harda edəcəksiz?
  •  
  • - Hələ bilmirəm. Bacım uşaqları deyir bağa gedək. Onda da yol uzun olur. Həmişə restoranda keçirmişik, son illər evdə yığışırıq, ola bilsin sabah da elə etdik.
  •  
  • - Belə günlərdə mətbəxə bacı uşaqları girir, yoxsa...
  •  
  • - Yox! Özüm bişirəcəm.
  •  
  • - Nə bişirəcəksiz?
  •  
  • - Badımcan dolması bişirəcəm. Çox güman ki, plov və dovğa da olacaq.
  •  
  • - Yaş kompleksi var?
  •  
  • - Bəzi şeylərdə hə.
  •  
  • - Nələrdə?
  •  
  • - Məsələn, cavan oğlanlar facebookda məktub yazanda mən onlara sübut edə bilmirəm ki, bunlardan çox yaşlıyam. Deyirlər axı gözəl şəkil qoymusan, elə bil 15 yaşın var.
  •  
  • - “İnbox”a girilməz, amma bilmək istədim, adətən nə yazırlar?
  •  
  • - Tanış olmaq istəyirlər... Çox cılızdılar, çox. Heç birinə başa salmaq mümkün deyil ki, tanımadığın insana “sən” yazmazlar...
  •  
  • - Qadın qadından yaş soruşa bilər?
  •  
  • - Oyy, oyyy... Çox olur, çox. Əllini ötmüşəm. Şükür edirəm ki, bu illəri yaşamışam. O qədər yolda yarımçıq qoyub gəldiyim adamlar var ki...
  •  
  • - Yaşdan danışanda məni ən çox o ağrıdır ki, bizim insan özünü çox tez dəfn edir.
  •  
  • - Hə, bizim insan tənbəldir. Bəlli bir yaşdan sonra evdən çıxmağa tənbəllik edirlər. Özümdən danışım, bütün ömrünü ora-bura qaçan adam axşam evə gedib dördüncü mərtəbəyə çıxandan sonra deyirəm, artıq aşağı düşməyim. Amma sonra özümü məcbur edirəm ki, düşüm stadionda gəzişim. Bəlli bir yaşdan sonra qayğılar da çoxalır, xəstəliklər də... Bir də son vaxtlar çox yayılmış, məni də sarsıdan insanların qəfil işdən getməsi məsələsi var. Təqaüdə getmək normaldır, amma insanı bir dəstə gül, ya bir qutu konfetlə də yola salmaq olar. Axı o da insandır. Onu məhv edib birdən birə get demək olmaz. Bu mənada da insanlar bir az həyatdan incikdir. Daha çox da qayğılar. Hətta ömrü boyu evdar olan qadınlar belə müəyyən bir yaşdan sonra evdən çıxmırlar ki, mənim harama yaraşıb?
  •  
  •  - Özü də hamı belə deyir. Ali təhsillisi də, cahili də. Məndə artıq bir xof yaranıb ki, illərlə məndə elə olacam...
  •  
  • - Bəlkə də sən elə olmayacaqsan. Çünki sizin dövrün insanları fərqlidir...

 

 

Mən də dəniz olmaq istəyirəm,

İçim, çölüm mas-mavi su...

Ürəyimdə bir dünyanı,

Bir də səni qucmaq arzusu...

 

 

  • - Sizin vaxtınızda gözəllik salonları bu qədər deyildi. Efirə necə çıxırdız?
  • - Öz gücümüzə. Mən uzun müddət xəbərlər proqramını aparmışam. O vaxtlar xəbərlərdə tel sallamaq, “çolka” tökmək yox idi. Rus kanallarından nümunə götürərdik. Çox səliqə-sahmanlı idilər. Mən uzun saçlarımı həmişə arxadan yığıb bağlayırdım. Bu doğrudan da çox səliqəli görünürdü.
  •  
  • - Saçları açmağa icazə vermirdilər, yoxsa?
  •  
  • - Fikirləşirdim ki, bəlkə mənim saçımın üzümə, çiynimə düşməsi tamaşaçının diqqətini yayındıra bilər. Bilirsən, sən efirdə olanda insanlar sənin içini görürlər və mən həmişə içimin görünməyindən razı qalmışam. Ona görə də neçə ildir ki, efirdə deyiləm və hələ də məni yolda saxlayıb “necəsiz” soruşurlar. İndi xəbərləri oxuyan birinin saçları çiyinlərinə tökülür, özü də yapışdırma saçları. Üstəlik də hər gün bir rəngə boyayırlar və bundan da utanıb xəcalət çəkmirlər ki, bu başqasının saçlarıdır.
  •  
  • - Mən Sizi heç qısa saçlarda görməmişəm. Saçlarınız həmişə uzun olub?
  •  
  • - Elə məktəbdən uzatdığımdır, anam saçlarımı kəsməyə qoymurdu. İndi isə onun ruhuna xəyanət etmək istəmirəm. Amma xeyli tökülüb, çox uzun saçlarım var idi...
  •  
  • - Xüsusi qulluq edirsiz?
  •  
  • - Düşəndə bir... Saça ən yaxşı qulluq xınadır. Deyirlər qatıqla yumaq çox yaxşıdır. Bir də bir ara mənə yaxşı resept vermişdilər. Soğan-sarımsaq suyu, konyak, gənəgərçək və ayı pəncəsi yağları, bunları qarışdırmalı...
  •  
  • - Çox qəliz oldu ki... Bütün bunları hazırlamaq da, yuyub təmizləmək də xeyli vaxt istəyir. Mən sizə daha asan və ən effektli resepti deyim. Hər dəfə saçlarınızı yumazdan əvvəl bir ədəd aspirini əzib şampununuza qatın, saçlarınızı dibindən ucuna qədər müalicə edəcək.

 

 

Mən çoxdan demişəm sevməyə “tövbə!”

O dəli... sevgiyçün gözləyir növbə...

Hər gün dilə tutur, yalvarır ”sev də!”

Mənimsə sevgiylə... ünsiyyətim yox!

 

  •  
  • - Bayaq işdə danışırıq. Deyirəm bizim televiziyalara baxanda adamı adam cildində görürsən, əyər-əksiyi, kəm-kəsiri ilə. Xarici kanallara baxanda isə elə işıq qururlar ki, deyirsən bunlar nə gözəldir. Bizdə nə işıq qura bilirlər, nə makiyaj edə bilirlər, nə də fərli-başlı geyim zövqləri var. Elə bilirlər elə ətək qısaldıqca gözəl olur. Zövqsüzlük baş alıb gedir. Belə olmaz. Yay gəldi və oğlanlar yenə də çirkli dırnaqları, ayaqları ilə vyetnamka geyinib işə gələcəklər. Adam sadəcə iyrənir. Şükür, artıq hamının xarici ölkələrə yolu açılıb. Mən Avstriyada, Almaniyada, İngiltərədə olanda insanların geyiminə heyran qalırdım. Bizim kimi beş yüz manatlıq mal axtarmırlar, beş manatlıq cinsi adi tişörtlə elə gözəl uyğunlaşdırıb geyinirlər ki... Orda qara geyinən yoxdur. 80-90 yaşlı adamlar da rəngli, bərbəzəkli geyinirlər, elə bil çiçək açıblar.
  •  
  • - Sizcə bizdə niyə qara rəngə çox üstünlük veririk?
  •  
  • - Qara tənbəllərin rəngidir, çirki bilinmir. Beş-altı dəfə geyinir...
  •  
  • - Küçəyə çıxanda, televiziyaya baxanda hamı qaraya boyanıb...
  •  
  • - Hələ toya gedəndə...
  •  
  • - Demək hamı pintidir?
  •  
  • - Pintilik söhbəti deyil, mən bunu zarafatla dedim. Bizim ticarət sistemimizin gətirdiyi paltarlar hamısı qaradır. Hərdən ərkim çatan mağazaya girəndə deyirəm bəsdir bu camaatı qaraya bürüdüz. Bezdik qara geyimlərdən.
  •  
  • - Amma rəng seçə bilən adam tapır geyinir...
  •  
  • - Hə, son vaxtlar geyinirlər. Şükür, son vaxtlar insanlar yavaş-yavaş qaradan çıxmağa başlayıblar. Bu bir az 20 yanvar faciəsindən irəli gələn şeylər idi...
  •  
  • - Əvvəllər kapron corabını qara geyinən qadını erməni qadınına bənzədirdilər...
  •  
  • - Hə, elə bir şey var idi. Onlar qara sevirdilər. Bir də dırnaqlarını qıpqırmızı boyayardılar. Mən dırnağına qırmızı lak çəkmiş adama deyirəm ki, erməni konduktorlarına oxşayırsız.

 

 

İlahi! Var-dövlət istəmirəm mən,

Bir ovuc məhəbbət versən, bəsimdir!

Demirəm dostların sayı çox olsun,

Olana sədaqət versən bəsimdir!

 

  •  
  • - Əşyapərəst adamları xoşlamıram. Mənə nə yaraşır odur. Adam var ki, Habil Əliyevin sözü olmasın, “rajok”la girir şalvarın içinə, bir kənardan özünə baxmır ki, bu ona yaraşır ya yox.
  •  
  •  - İçlərində şəxsi senzorları yoxdur hə?
  •  
  • - ...(Gülür)
  •  
  • - Düz demədim? Redaktor deməliydim hə?
  •  
  • - Yox, elə düz dedin, senzordur... Biz axı sovetin şinelindən çıxan adamlarıq. Gərək Musa peyğəmbər kimi 50 il bu milləti arxamızca salıb səhranı gəzdirək ki, köhnələr getsin, təzələri də təzə kimi tərbiyə edək. Amma təzələr də tərbiyə olunmaq istəmir. Bu şerimizdə də belədir, geyimimizdə də, danışığımızda da. Bir tendensiya yaranıb, böyüklü-kiçikli, evdarı da alimi də eyni sözü deyir, “belə deyək də”. Bu nə deməkdi? Özü də bunu bir cümlənin içində üç dəfə deyirlər...
  •  
  • - İndi savadlı ilə savadsızı danışığından ayırd etmək olmur hə?
  •  
  • - Pis bilirik e dilmizi, çox pis bilirik... Bu saat hər şey reytinqin başındadır. Keçən dəfə tanınan aparıcılardan birinə zəng etmişəm. Qız uşaqlarını verilişə çıxardıb, uşaqlar ağlayır, ata-ana onları atıb gedib, qalıblar nənə-baba ümidinə, sonra da şampun reklam etdilər... Zəng etdim ki, bu dörddə-beşdə oxuyan qızları çıxartmısan efirə, doqquz milyon da gördü ki, bu iki qız uşağı sahibsizdi. Sabah da alçağın biri...  Bu insanlıqdan uzaqdır. Jurnalistika budur?
  •  
  • - Niyə bu haqda heç nə yazmırsız?
  •  
  • - Təəssüf ki, yazı yazmıram. Çünki saytlarla tanış deyiləm, heç biri ilə əlaqəm yoxdur. Yoxsa istəyirəm köşəm olsun.

 

 

Azdırdım içimdə özümü bu gün,

Axtarıb tapmağa heç niyyətim yox!

Nəyimə gərək e... o-eşqə düşgün,

Mənimsə bu eşqdə hürriyyətim yox!

 

 

Məşhur rus jurnalisti Ozerov deyirdi ki, məni böyük bir idarəyə rəhbər təyin etsələr, bütün səlahiyyətlərimi müavinimə verib gedərəm reportaj hazırlamağa. Bu hələ də mənim həyat devizimdir. Bir də hər axşam oxuyuram. Bu saat çarpayımın yanında üç kitab var. Elçin Mirzəbəyli yeni kitabını verib, onun şeirlərini oxuyuram. Vaqif Bəhmənlinin təzə kitabı çıxıb, onu oxuyuram və hər axşam mütləq Qurani-Kərimi oxuyuram.

  •  
  • - Mən bilən siz həcc ziyarətində də olmusuz...
  •  
  • - Üç dəfə həcc ziyarətində olmuşam.
  •  
  • - Bu günlərdə özünüzün də yeni kitabınız çıxır. Satışda nə vaxtdan olacaq?
  •  
  • - Təhsil nəşriyyatında “Yaddaşım qaval daşı” adlı kitabım çıxıb. Mən kitablarımı satmağa utanıram. Həmişə elə dost-tanışa pay verirəm.
  •  
  • - Hekayələr?
  •  
  • - Yox, hələ hekayələrim qalıb. Bu şeirlərimdir.

 

 

Sən gedən yerlərdə indi soyuqdur,

Ünvanını de, ürəyimi göndərim...

 

 

  • - Məktəbi bitirəndən sonra rayondan çıxmısız. Bu mətbəxinizə də təsir edib? Yoxsa ancaq öz bölgənizin xörəklərin hazırlayırsız?
  •  
  • - Xaricdə bir yeməyi bəyənən kimi tərkibi ilə maraqlanıram. Gəlib evdə hazırlayıram, xoşlarına gəlir. Amma özümüzün o kənddən, qədimdən gələn reseptlərin yerini heç nə verməz.
  •  
  • - Mən çox adam tanıyıram ki, nənədən qalma reseptləri müasirləşdirir...
  •  
  • - Onda yeməkdə o dad qalmır. Məsələn, bizdə əriştə var. Əriştə aşı yox, əriştənin sulu variantı. Soyuqda yeyirik. Ona umac deyirik. Umacı çox sevirəm. Anam çox gözəl bişirirdi, çalışıram mən də elə bişirəm...
  •  
  • - Umacı özünüz ovub, əriştəni özünüz kəsirsiz?
  •  
  • - Ancaq özüm! Mən çox gözəl yuxa açıram. Xəmir eləməyi bacarmıram. Bacarmıram deyəndə ki, əlimə yapışır, ətim çimçəşir.
  •  
  • - Əlcəklə qatın...
  •  
  • - Yox, əlcəklə qata bilmirəm. Əlcəklə nə ləzzəti olur? Gərək əl xəmirə dəysin. Amma xəmir yoğrulandan sonra onu kəsim, kündələyim, yayım, yuxa da açım, əriştə də kəsim, xəngəl də. Hələ qəşəng-qəşəng düşbərə də bükürəm.
  •  
  • - Bir qaşığa neçə düşbərə yerləşdirirsiz?
  •  
  • - On dənə yerləşdirə bilirəm. Çox kiçik eləmirəm. Sonra, balıq yeməklərini xoşlayıram. Məsələn, balığı yayda pomidorla, bibərlə basdırma etməyi sevirəm. Badımcanı qozla hazırlamağı sevirəm. Badımcandan kükü hazırlayıram, çox dadlı olur. Türkiyədə yedim, bəyəndim, gəldim burda da elədim. Ümumiyyətlə mənim xörəkdə kaprizim yoxdur. Yetər ki, dadlı və yağsız olsun, bir də duzu çox olmasın.

 

 

Sevdim insanları dəlicəsinə,

Məni dəli kimi sevən olmadı.

 

  •  
  • - Həyatınızda yetərincə sevgi olub?
  •  
  • - İnsanların sevgisi olub, amma şəxsi sevgim olmayıb. Mən həmişə sevmişəm. Çox istəmişəm ki, məni dəli kimi sevsinlər. İstəyənlər çox olub, amma mən o sevgiləri həmişə yarımçıq görmüşəm. Bir dəfə üstünə gedən kimi qorxublar, çəkiniblər...
  •  
  • - Siz efirdən həddindən artıq zəhmli görünürdüz, bəlkə buna görə...
  •  
  • - Hə, ola bilər. Bu da insanları qorxudub. Axı mən elə adam deyiləm...
  •  
  • - İndi qarşımda oturan mülayim, istiqanlı qadın o efirdəki qadından çox fərqlidir.
  •  
  • - Hə.
  •  
  • - Bu şəxsi həyata təsir etdi?
  •  
  • - Çox.
  •  
  • - Yenidən başlamaq istəyərdiz?
  •  
  • - İstəyərdim. Amma yenə də belə yaşayardım. Səmimi deyirəm, mən bu həyatımla xoşbəxtəm. Hərdən nədəsə özümü qınayıram, sonra isə deyirəm ki, mənim alın yazım budur.
  •  
  • - İnsandan yuxarıda olan bircə alnıdır. Bircə ora əli çatmır, bircə ora müdaxilə edə bilmir...
  •  
  • - Hə, bircə onu dəyişə bilmirik... Bəlkə də ailə qursam məndən xoşbəxt və qayğıkeş qadın olmazdı, amma allah belə istədi. Allahdan zorla heç nə almaq olmur. Bəlkə də mən özümü sevmədiyimə görə Allah mənə sevgi qismət etməyib. Həmişə içimdəki sevgini, duyğuları, əlimdə-ovcumda olanları kiməsə verməyə çalışmışam. Allah isə özünü sevməyənləri sevməz.

 

Olmuşam Torpaq kimi,

Yelpiyim yarpaq kimi,

Möhkəm tut əllərimi,

Sən tutsan... ölməm, Allah!

# 5582
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar