İlham Əliyev Davosda bir sıra görüşlər keçirdi - YENİLƏNİB
20 yanvar 2026 15:43 (UTC +04:00)

İlham Əliyev Davosda bir sıra görüşlər keçirdi - YENİLƏNİB

0

Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb.

Lent.az verir ki, dövlət başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondu və ölkəmizin digər qurumları ilə “J.P. Morgan” arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq, bunun uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını vurğulayıb.

Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirən Ceymi Daymon ölkəmizdə sabit investisiya mühitinin olduğunu deyib. O, həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd edib. Ceymi Daymon rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və makroiqtisadi çağırışlar ətrafında fikir mübadiləsi aparılıb, qlobal iqtisadi proseslər fonunda institusional investorlar üçün formalaşan imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olunub.

Qeyd edək ki, idarə etdiyi aktivlərin həcmi 4 trilyon ABŞ dollarından çox olan “J.P. Morgan” şirkəti bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərir. Tarixi 200 ildən artıq dövrü əhatə edən şirkət hazırda dünyanın ən böyük və şaxələndirilmiş maliyyə institutları sırasında yer alır.

***
14:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.

Lent.az-ın məlumatına görə, söhbət zamanı Azərbaycan və Finlandiya prezidentlərinin əvvəlki görüşləri məmnunluqla xatırlanıb, həmin görüşlər zamanı ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığı vurğulanıb.

Görüşdə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb, “Nordic-Baltic Eight” qrupuna üzv ölkələrlə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə toxunulub. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri qeyd edilib.

***
13:56

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.

Lent.az xəbər verir ki, Məsrur Bərzani İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Salamlara görə minnətdarlığını bildirən dövlətimizin başçısı onun da salamlarını Neçirvan Bərzaniyə çatdırmağı xahiş etdi.

Söhbət zamanı Məsrur Bərzaninin ölkəmizə səfərləri və Prezident İlham Əliyevlə görüşləri məmnunluqla xatırlandı.

Görüşdə iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar