Asan nəfəs alın: Tıxanmış burnu  təmizləməyin 7 yolu
26 noyabr 2025 09:52 (UTC +04:00)

Asan nəfəs alın: Tıxanmış burnu təmizləməyin 7 yolu

0

Burun tutulması həm gecə yuxusunu, həm də gündəlik həyatı çətinləşdirə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, soyuqlama zamanı burun tutulmasını azaltmaq üçün bir sıra təsirli üsullar mövcuddur.

Hava nəmləndiricisindən istifadə edin

Yataq otağında hava nəmləndiricisinin işlədilməsi havanın rütubətini artırır və burunu qıcıqlandıra bilən quru havanı aradan qaldırır. Bu isə tutulmanı xeyli yüngülləşdirir.

Nəmləndiricini yataqdan 1–2 metr məsafədə yerləşdirmək tövsiyə olunur. Cihazı çox uzun müddət işlətməmək və otaqdakı səthlərin quru və təmiz olmasına nəzarət etmək vacibdir. Çünki nəm səthlərdə kif və göbələk yarana bilər ki, bu da tənəffüs problemlərinə səbəb ola bilər.

Burnu duzlu məhlulla yuyun

Duzlu su ilə burun yollarını yumaq tutulmanı azalda bilər. Məhlulu hazırlayarkən yalnız distillə olunmuş, steril və ya əvvəlcədən qaynadılmış sudan istifadə etmək lazımdır.

Krandan gələn su buruna zərərli bakteriya və digər mikroorqanizmlərin düşməsi riskini artırır və bu, ciddi bəzən ölümcül infeksiyalara səbəb ola bilər.

Boğazı duzlu su ilə qarqara edin

Duzlu su ilə qarqara etmək boğaz ağrısını yüngülləşdirir və burun tutulması zamanı da faydalı ola bilər. Əlamətlərin başlanmasından sonrakı ilk 48 saatda qarqara etmək xəstəliyin müddətini iki günədək qısalda bilər, dərman qəbulunu azaldır və virusların yayılma riskini minimuma endirir.

Bəzi qidaların qəbulunu məhdudlaşdırın

Çoxlu miqdarda süd məhsulları, histamin və rafinə edilmiş şəkər qəbul etmək selik ifrazını artırır və burun tutulmasını gücləndirə bilər. Şəkərin çox qəbulu iltihabın artması və burun ciblərində (pazuq) problemlərlə əlaqələndirilir.

Yatarkən başınızı qaldırın

Burun tutulması uzanmış vəziyyətdə daha da ağırlaşa bilər. Yatarkən bir əlavə yastıqdan istifadə edərək başınızı bir qədər hündürdə saxlamaq seliyin yığılmadan axmasına kömək edir və bu da tənəffüsü yüngülləşdirir.

Buxar vannası edin

Su qaynadıb bir qaba tökün. Buxar bir qədər soyuduqdan sonra başınızı dəsmalla örtüb qaba yaxın əyilərək buxarı nəfəsə çəkin. Buxar burun keçidlərini genişləndirərək tutulmanı azalda bilər. 

İsti suya isladılmış və sıxılmış dəsmalı üzə qoymaq da burun yollarını rahatlaşdırır və simptomları müvəqqəti yüngülləşdirir.

Aromaterapiyadan istifadə edin

Milli Holistik Aromaterapiya Assosiasiyasının məlumatına görə, efir yağları burun tutulmasını azaltmağa və daha rahat yuxuya kömək edə bilər. Üz masajı zamanı efir yağları iltihabı, baş ağrısını və burun ciblərində təzyiqi yüngülləşdirir.

Burun tutulmasına kömək edən əsas efir yağları: evkalipt, çay ağacı, limon, çobanyastığı.

Hansı hallarda həkimə müraciət etmək lazımdır?

Aşağıdakı əlamətlər burun tutulması ilə müşayiət olunursa, mütləq həkim məsləhəti alınmalıdır: üz nahiyəsində şişkinlik, görmənin qeyri-sərrast olması, boğaz ağrısı, sarı və ya yaşıl selik, davamlı öskürək, tez-tez baş ağrıları.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar