Yapon alimləri uzun illər davam edən genişmiqyaslı araşdırmanın nəticələrini təqdim ediblər. Onların əldə etdiyi nəticələr arıq insanların daha uzunömürlü olduğu fikrini şübhə altına alır. Tədqiqat çərçivəsində alimlər 10 il ərzində 40 yaşdan yuxarı təxminən 350 min kişi və qadını müşahidə ediblər. Məqsəd bədən çəkisinin ömür uzunluğuna necə təsir etdiyini müəyyənləşdirmək olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ən uzun ömürlülük bir qədər çox çəkiyə sahib insanlarda müşahidə edilib
Araşdırma zamanı alimlər üç fərqli hipotezanı yoxlayıb və nəticədə məlum olub ki, vaxtından əvvəl ölüm riski ən aşağı olan qrup, bədən kütlə indeksi (BKİ) bir qədər yüksək olan insanlardır.
Qadınlarda minimal ölüm riski BKİ 23–24,9 aralığında müşahidə olunub. Kişilərdə isə ən optimal göstərici BKİ 25–26,9 aralığında olub. Bu o deməkdir ki, yetkin yaşda bir qədər artıq çəki normal və ya aşağı çəkiyə nisbətən daha uzunömürlülüklə əlaqəli ola bilər.
Artıq çəki hələ də risk faktorudur
Alimlər qeyd edirlər ki, söhbət piylənmənin faydalı olmasından getmir. Həddindən artıq artıq çəki hələ də ürək-damar xəstəlikləri, diabet və xroniki problemlər üçün əsas risk faktorudur. Eyni zamanda, həddindən artıq arıqlıq da sağlamlığa zərər verə bilər, xüsusən də yaşlı insanlarda.
Orta yaşda balanslı qidalanma həyati əhəmiyyət daşıyır
Araşdırmanın müəlliflərindən biri, professor Cun Sasaki bildirib ki, yaş artdıqca tam və balanslı qidalanma əzələ kütləsinin qorunması və orqanizmin gücünü saxlamaq üçün vacibdir.
Onun sözlərinə görə, yaşlılıqda az miqdarda artıq çəki insanı fiziki zəiflikdən və idrak enməsindən qorumağa kömək edə bilər.