Deputat: Azərbaycanda tətbiq olunacaq peyvənd bütün sınaqlardan keçib
17 yanvar 2021 13:35 (UTC +04:00)

Deputat: Azərbaycanda tətbiq olunacaq peyvənd bütün sınaqlardan keçib

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədovun APA-ya müsahibəsi:

- Azərbaycanda COVID-19 əleyhinə peyvəndlərin tətbiqinə başlanılır. Sizcə peyvəndlərin tətbiqi koronavirusu tam şəkildə həyatımızdan çıxmasına imkan yaradacaqmı?

- Peyvəndlər epidemiya və pandemiyarla mübarizədə tibbə məlum olan ən təsirli vasitədir. Bildiyiniz kimi vaxtilə dünyada, o cümlədən bizim ölkəmizdə müxtəlif yoluxucu xəstəliklər, o cümlədən  qızılca, parotit, məxmərək, difteriya, polimelit və digər xəstəliklər çox sürətlə yayılır və insanların həyatını itirməsi ilə nəticələnirdi. Məhz peyvəndlərin sistemli formada tətbiqi, təqvimə uyğun aparılması nəticəsində bu gün Azərbaycan polimelitdən azad ölkələrdən biridir. Bundan başqa, xeyli müddətdir ki, Azərbaycanda difteriya, məxmərək, parotit, qızılca xəstəlikləri demək olar ki, qeydə alınmır. Bu məsələ Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət yetirdiyi prioritet mövzular sırasında olub. Ümummilli liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə, sonrakı dövrdə isə ölkə Prezidenti cənab İlham Əliyev, birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən göstərilən diqqət və dəstək Azərbaycanda bu xəstəliklərin yayılmasının qarşısını almağa imkan verib. Ona görə də hesab edirəm ki, optimist olmaq üçün əsaslarımız kifayət qədərdir. COVID-19 əleyhinə peyvəndlərin kütləvi şəkildə tətbiqi virusun yayılmasının qarşısını almaq üçün çox vacibdir. Hesab edirəm ki, vətəndaşlarımız da dövlətin həyata keçirdiyi tədbirin əhəmiyyətini və məqsədini düzgün qiymətləndirərək prosesə fəal dəstək verməlidirlər. Hər bir vətəndaş özünü, ailəsini, yaxınlarını qorumaq üçün peyvənd olunmağa maraq göstərməlidir. Əlbəttə ki, bu insanların könüllü seçimidir. Bildiyiniz kimi, Azərbaycanın COVID-19-a qarşı peyvənd strategiyasının əsas prinsiplərindən biri məhz könüllülükdür. Lakin qeyd etdiyim kimi, bu cür kütləvi yoluxmalarla müşayiət olunan xəstəliklərdən qorunmağın müasir tibbə məlum olan ən effektiv üsulu məhz peyvənddir. Bununla yanaş, əlbəttə ki, bir müddət müəyyən məhdudiyyətlərə, qaydalara, o cümlədən, fiziki məsafənin gözlənilməsi, tibbi qoruyucu vasitələrdən istifadə ilə bağlı təlimatlara əməl etmək lazım gələcək. Kollektiv immunitet formalaşdıqdan sonra biz koronavirusun artıq təhlükə yaratmadığına əmin ola biləcəyik.

- Azərbaycanda Çindən istehsalı olan SinoVac şirkətinin hazırladığı CoronaVac vaksinlərindən istifadə olunacaq. Bununla yanaşı, Rusiya və digər Qərb ölkələrində tətbiq edilən vaksinlərin istifadəsi planlaşdırılırmı?

- İndiyə qədər 30 vaksin klinik sınaqlar fazasına daxil olub ki, onlardan da 7-si üzərində artıq üçüncü klinik fazada sınaqlar aparılır. Almaniya və ABŞ şirkətləri birgə hazırladığı, Rusiyanın təqdim etdiyi və Britaniyada hazırlanan vaksinlər haqqında məlumatlar var. Bununla yanaşı, Çinin "Sinovac” şirkətinin istehsal etdiyi "CoronaVac” vaksini məlumdur. Azərbaycanda da bu peyvənddən istifadə olunacaq." CoronaVac" koronavirus əleyhinə peyvəndlər içərisində saxlanma temperaturu daha sadə olanıdır. Vaksinin 92 faizə yaxın effektiv olması təsdiq olunub ki, bu da kifayət qədər yüksək nəticə hesab oluna bilər. Onun əsas üstünlüklərindən biri də inaktiv üsulla hazırlanmasıdır. Bildiyiniz kimi, inaktiv vaksinlər daha təhlükəsiz hesab olunur. Qeyd edim ki, peyvəndlərin hazırlanması zamanı infeksiyaya səbəb olan törədicilər 2 metodla – attenuasiya, yəni törədicinin zəiflədilməsi və inaktivləşdirmə, yəni törədicinin öldürülməsi üsulu ilə zərərsizləşdirilir. Ölkəmizdə indiyə qədər müxtəlif xəstəliklərə qarşı peyvənd təqviminə daxil olan cədvəldə inaktiv peyvəndlər istifadə olunur. İnaktiv peyvəndlərin Azərbaycanda uzun müddət ərzində problemsiz tətbiq olunması, onların daha təhlükəsiz olduğunu söyləmək üçün əsas yaradır. Qeyd edim ki, vaksinlərin əldə olunması o qədər də asan və sadə məsələ deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə pandemiya əleyhinə vaksinlərin hazırlayan ölkələrlə, şirkətlərlə ilk günlərdən danışıqlar aparılır. Məhz aparılan uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan peyvəndin tətbiqinə başlayan ilk ölkələr arasındadır. Şübhəsiz ki, digər peyvəndlərlə bağlı da beynəlxalq təcrübə, onların tətbiqinin nəticələri diqqətlə izlənilir. Müvafiq dövlət qurumları bu məsələni daim nəzarətdə saxlayır. Zərurət yarandığı və məqsədəuyğun hesab edildiyi təqdirdə digər peyvəndlərin alınması və tətbiqi ilə bağlı müvafiq qərar veriləcək.

- GAVİ təşkilatı ilə də vaksinlə bağlı danışıqlar aparıldığı barədə məlumatlar var idi. Bununla bağll müzakirələr nə yerdədir?

- Azərbaycan GAVI təşkilatı ilə arasında peyvəndlərin imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycanın da təsdiqlənmiş peyvəndlə təmin olunması nəzərdə tutulur. Verilən məlumatlara görə, GAVİ-dən peyvəndlərin alınması aprel ayına gözlənilir. Lakin indiki situasiyada zaman olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, Azərbaycan  Çinin "Sinovac” şirkətinin istehsal etdiyi "CoronaVac” vaksinin almağa qərar verib. Vaksinlə ölkəmizə mərhələli şəkildə gətiriləcək. Artıq Çindən 2 milyon əhalini peyvənd etmək üçün kifayət edəcək sayda vaksinlərin alınacağı, bundan başqa COVAX platforması ilə əməkdaşlıq çərçivəsində daha 2 milyon nəfər üçün vaksin alınacağı açıqlanıb. Biz bu prosesə mümkün qədər tez başlamaqla, xəstəliyin ən qısa müddətdə aradan qaldırılmasına nail olmağı hədəf götürmüşük. Hesab edirəm ki, görülən tədbirlər və COVID-19-a qarşı peyvənd strategiyasının düzgün həyata keçirilməsi qarşıya qoyulmuş hədəflərə nail olmağa imkan yaradacaq.

- Soltan müəllim, peyvəndlər hələ tətbiq olunmağa başlamayıb, ancaq bəzən sosial şəbəkələrdə onların təhlükəliliyinə dair iddialar yayılır. Təbii ki, bu da insanları narahat edir. Bu iddialar nə dərəcədə əsaslıdır?

- Çox təəssüf ki, belə hallar var. İlk növbədə onu qeyd edim ki, Azərbaycanda indiyə qədər hər hansı peyvəndin ölümə səbəb olduğuna dair fakt qeydə alınmayıb. Peyvənd epidemiya və pandemiyalarla mübarizənin yeganə effektiv yoludur. Bir daha vurğulamaq istərdim ki, ölkəmizdə kütləvi ölümlərə səbəb olan bir çox xəstəliklər məhz vaksinasiya nəticəsində tamamilə aradan qaldırılıb. Azərbaycanda tətbiq olunacaq "CoronaVac” peyvəndi tələb olunan standartlara uyğun bütün sınaq mərhələlərindən keçib. Peyvəndlərin tətbiqi zamanı insanlarda müəyyən narahatlığın olması əlbəttə ki, mümkündür. Mütəxəssislər də qeyd edirlər ki, hərarətin artması, baş və əzələ ağrıları kimi hallara rast gəlinə bilər. Lakin bunlar tamamilə təbii reaksiyalardır. Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan dövləti vətəndaşların sağlamlığına kifayət qədər həssaslıqla yanaşır. Azərbaycan Prezidenti cənab İlham Əliyev də dəfələrlə vurğulayıb ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu baxımdan, dövlətimiz insanlarımızı qorumaq üçün zəruri ehtiyat tədbirlərini görür və görəcək. Müvafiq qurumlar vaksinasiyanın sistemli, ardıcıl və müvəffəqiyyətlə tətbiqinə imkan verən mexanizmin yaradılması üçün bütün addımları atır. Bu gün Azərbaycan peyvəndin tətbiqinə başlayan ilk ölkələrin sırasındadır. Bu bir daha göstərir ki, dövlətimiz insanlarımızın sağlamlığına nə qədər böyük önəm verir. Ona görə də hesab edirəm ki, narahatlıq üçün heç bir əsas yoxdur. Biz birlikdə, xalqımızın həmrəyliyi, birliyi sayəsində, qaydalara, təlimatlara əməl etməklə bu problemin də öhdəsindən gələcəyik. Mən bir daha vətəndaşlarımıza müraciət edərək, pandemiya ilə mübarizədə dövlətimizin həyata keçirdiyi işlərə dəstək olmağa çağırıram.

 

# 3369
avatar

Oxşar yazılar

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

18 may 2024 , 13:30
yağ

Bu yağlar qanda laxtalanma riskini artırır

18 may 2024 , 10:12
Elektron siqaret çəkmək  hansı xəstəliklərə   səbəb olur?

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

17 may 2024 , 19:17
Banan yeməyin  faydaları və zərərləri

Banan yeməyin faydaları və zərərləri

17 may 2024 , 16:42
Qaraciyəri  təmizləyən   qidaların SİYAHISI

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

17 may 2024 , 15:47
Şəkərli diabet

Bu vərdiş diabet riskini azaldır

17 may 2024 , 11:36
Qarın piylərindən  qurtulmağın yolu

Qarın piylərindən qurtulmağın yolu

17 may 2024 , 11:14
yuxusuzluq

Niyə yuxuya ehtiyacımız var? - Alimlər AÇIQLADI

17 may 2024 , 10:30