Kartof nə zaman sağlamlığa təhlükə yaradır?
08 may 2021 09:54 (UTC +04:00)

Kartof nə zaman sağlamlığa təhlükə yaradır?

Gün işığı və istilik kartofun tərkibində solanin maddəsinin yaranmasına şərait yaradır. Solanin artıq miqdarda qəbul edildikdə zəhərlənmə, mədə bulantısı, qusma, boğazda yanma, baş ağrısı və baş dönməsi yaradır. Buna görə də rəngi yaşıllaşmış və cücərmiş kartof insan sağlamlığı üçün olduqca təhlükəlidir.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun  mütəxəssisi Səidə Zeynalovanın kartofun saxlanma qaydaları, kartof xəstəlikləri, bunun qarşısını almaq yolları barədə hazırladığı məqalədə bildirilib. Məqaləni təqdim edirik:

Kartof əhalinin qidalanmasında mühüm rol oynayan çoxillik ot bitkisidir. Kartofun tərkibində orta hesabla 76,3 % su, 23,7 % quru maddə, o cümlədən 17,5 % nişasta, 0,5 % şəkər, 1-2 % zülal, 1 %-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və kapotinoidlər vardır. Qeyd edək ki, 0-1° C temperaturda saxlandıqda tənəffüs ləngidiyindən kartof yumrularında 2-2,5 % şəkər toplanır, bu da ona şirin dad verir.

Kartofun keyfiyyəti onun sortundan, yetişdirildiyi şəraitdən, daşınma və saxlanma şəraitindən asılıdır. Kartof düzgün şəraitdə saxlanmadıqda orqanoleptik xüsusiyyətində və tərkibindəki qida maddələrində baş verən dəyişikliklərlə yanaşı, bir çox göbələk xəstəlikləri də yaranır.

Ən çox rast gəlinən göbələk xəstəliklərindən biri kartofun qara çürüməsidir. Xəstəliyin törədicisi olan göbələklərin inkişafı nəticəsində məhsulun üzərində 55-160 mkm diametrli, qara rəngli, şarşəkilli piknidlər və birhüceyrəli, rəngsiz konidilər formalaşır. Qeyd edək ki, Phoma andigena göbələyi kartof bitkisinin yarpaqlarında qırmızımtıl rəngli, kiçik diametrli (2.5-10 mm) konsentrik ləkələr əmələ gətirir. Müəyyən vaxt keçdikdən sonra bu ləkələr qaralmağa başlayır.

Adi dəmgil də kartofda geniş yayılmış xəstəliklərdəndir. Streptomyces scabies göbələyi ilə yoluxma nəticəsində kartof yumrusunun səthində qeyri-düzgün formalı, diametri bir neçə millimetrdən 1 sm və daha artıq olan, getdikcə ölçüləri böyüyən və mantarlaşan yaralar meydana çıxır. Əsas zərər məhsulun istehlak keyfiyyətinin aşağı düşməsi ilə səciyyələnir. Belə ki, göbələklərin yaratdığı müxtəlif yaralar, ləkələr məhsulun əmtəəlik görünüşünün itməsinə, məhsuldarlığın kəskin azalmasına səbəb olur. Dəmgillə yoluxmuş kartof yumrularının cücərmə qabiliyyəti aşağı olduğundan əkin üçün də yararsız hesab edilir.

Qanqren (Phoma exigua var.foveata) xəstəliyinin törədicisi isə bitkinin ən çox gövdə və yumrularında inkişaf edir. Yoluxmuş kartof yumrusunda və gövdədə açıq-qəhvəyidən tünd-qəhvəyi rəngə qədər çaları olan piknidilər əmələ gəlir. Gövdədə xəstəliyin simptomları bitkinin çiçəkləmə fazasında uzunsov, qeyri-müəyyən ləkələrin formalaşması ilə müşahidə olunur. Sirayətlənmiş kartof yumrularını eninə kəsdikdə tünd haşiyəli, açıq rəngli toxuma müşahidə olunur. Bu simptom göbələyin ifraz etdiyi toksinin əlamətidir.

Fitoftora xəstəliyinin törədicisi Phytophthora infestans patogenidir. Xəstəliyin inkubasiya dövrü havanın istiliyindən asılıdır. Göbələyin mitselisinin inkişafı üçün minimal temperatur 1-3° C, maksimum temperatur isə 30° C hesab edilir. Fitoftora bitkinin həm yarpaqlarını, həm də yumrularını zədələyir. Sahələrdə əvvəlcə kartofların üzərində tək-tək (seyrək), yaxud külli miqdarda əzilmiş ləkələr əmələ gəlir. Ləkəli hissə kəsildikdə onların altında boz, yaxud qonurlaşmış sahələr görünür. Kartof anbarda saxlandığı dövrdə onun toxumasının zədələnmiş yerləri çürüməyə başlayır. Kəskin zədələnmələr zamanı kartofun səthi codlaşır, rəngi isə bozumtul-qonur olur. Qeyd edək ki, bu, göbələk pomidor və badımcanın da xəstəlik törədicisidir.

Kartof xərçəngi (Synchytrium endobioticum) məhsuldarlığın 40-60 %-dək azalmasına səbəb olur. Synchytrium endobioticum göbələyi kartof bitkisinin yumrularını, stalonlarını, bəzən gövdə və yarpaqlarını da yoluxdurur. Göbələk stalon və yumrularda açıq-qəhvəyidən tünd-qonur rəngə qədər müxtəlif ölçülü şişlər, fırlar əmələ gətirir.

Sürmə xəstəliyi (Thecaphora solani) ilə sirayətlənmiş bitkinin yerüstü hissəsində heç bir əlamət müşahidə olunmur. Xəstəliyə yoluxmuş kartof yumrularında çoxsaylı qəhvəyi və qara rəngli ləkələr müşahidə edilir. Ləkələrin diametri 1-4 mm-ə qədər olub, göbələyin spor yığımından ibarətdir. Yoluxmuş kartof yumruları bir müddət sonra qəhvəyi rəngli, tozabənzər, çoxsaylı spor yığımından ibarət kütləyə çevrilir.

 

Sadalanan xəstəliklərin kartofun keyfiyyətinə mənfi təsirinin qarşısını almaq üçün məhsulun saxlanma şəraitinə və temperatur rejiminə nəzarət olunmalıdır.

 

Kartofun qaranlıq yerdə saxlanması vacibdir. Məhsulu polietilen torbalarda da saxlamaq olmaz. Kartofu hava keçirən kisələrdə, səbətlərdə və ya qutularda saxlamaq lazımdır. Karton qutularda saxlandığı təqdirdə qutunun divarlarında hava dəlikləri açılmalıdır. Bundan başqa, kartofu rütubətli şəraitdə, həmçinin soğan və ya sarımsaqla eyni və ya yaxın qutularda saxlamaq tövsiyə olunmur. Əks halda kartof qısa müddətdə cücərməyə başlayacaqdır. Məhsulu mümkün qədər sərin və quru şəraitdə saxlamaq lazımdır. Qeyd edək ki, kartof saxlanan yerdə rütubət 85-90 % olmalıdır. Günəş işığı altında kartofun saxlanması üçün 21-22° C temperatur və 35 % - 43 % rütubət tələb olunur. Qaranlıq və havalandırılmayan otaq şəraitində kartofun saxlanması üçün 20-21o C temperatur və 55 % - 83 % rütubət təmin edilməlidir. Qaranlıq soyuducuda məhsulun saxlanması zamanı temperatur 4-6° C, rütubət 22 % - 39 %, işıq altında isə 22-23° C və 33 % - 47 % rütubət olmalıdır.

Məhsulun xarab olmasının qarşısını almaq üçün vaxtaşırı zədəli kartofları seçib kənarlaşdırmaq lazımdır. Çünki bir kartofda yaranan zədə digərlərinin də çürüməsinə səbəb olacaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4551
avatar

Oxşar yazılar