Miqrenin yaranma səbəbi ARAŞDIRILIR - HƏKİM DANIŞDI
07 fevral 2023 17:21 (UTC +04:00)

Miqrenin yaranma səbəbi ARAŞDIRILIR - HƏKİM DANIŞDI

Miqren periodik olaraq narahatçılıq yaradan və başın yarı hissəsini əhatə edən baş ağrılarıdır. Miqren zamanı ağrılar əsəsən başın bir yarısında olur və ürəkbulanma, qusma, işıqdan qorxma, küyə qarşı dözümsüzlük kimi əlamətlərlə müşayət olunur. 

Maraqlıdır, miqrenin yaranma səbəbi nədir və xəstəliyin müalicəsi varmı?

Lent.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyə Məmmədova deyir ki, hazırda miqrenin tam yaranma səbəbinin araşdırlması üzərində aktiv tədqiqatlar gedir:

"Ən çox yayılmış nəzəriyyələrdən biri beyin damarların spazmı ilə əlaqəli olduğuna əsaslanır. Əlbəttə ki, irsi meyillilik mövcuddur, xüsusilə qadınlar arasında daha çox rast gəlinir. Bu səbəbdən valideynlər əgər baş ağrılardan əziyyət çəkirsə, yüksək ehtimal ilə onların övladlarında da hansısa bir baş ağrı növü qeyd edilə bilər.

Baş ağrılarının müalicəsində medikamentoz müalicə ilə yanaşı həm də qeyri-medikamentoz müalicə üsullarından da istifadə olunur. Qeyri-medikamentoz müalicə üsulunda əsasən həyat tərzinin dəyişdirilməsi tövsiyə olunur.

Belə ki, sağlam həyat tərzinin formalaşmasında insanın sağlamlığına müsbət təsir edən amillərin, xüsusilə gündəlik iş rejiminin, səmərəli qidalanmanın, normal yuxu rejiminin böyük təsiri var.

Medikamentoz müalicə isə kəskin baş ağrılarının idarəedilməsi və preventiv metodlardan ibarətdir. Kəskin baş ağrıları zamanı müxtəlif ağrıkəsicilərdən istifadə edilir. Bunlardan əksəriyəti reseptsiz buraxıldığı üçün pasientlər asanlıqla apteklərdən əldə edə bilirlər. Pasientlərdə ağrılar dözülməz olduğu təqdirdə onlara preventiv müalicə təyin edilir. Burada xüsusi və yalnız reseptlə buraxılan dərmanlar qeyd olunur".

# 1557
avatar

Fidan İlqar

Oxşar yazılar