Fiziki aktivlik insan sağlamlığının qorunmasında mühüm rol oynayan əsas amillərdən biridir. Müasir dövrdə bu sahənin əhəmiyyəti daha da artır.
Lent.az Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Fidan Piriyevanın müsahibəsini təqdim edir.
– Fiziki aktivliyin insan orqanizmi üçün nə kimi müsbət təsirləri var?
– Fiziki aktivlik gündəlik həyatımızda skelet əzələlərinin iştirakı ilə həyata keçirilən, ürək-damar və tənəffüs sistemlərinin fəaliyyətini gücləndirən və enerji sərfi ilə müşayiət olunan hərəkətlərdir. Onun həm fiziki sağlamlıq, həm də emosional durum üçün böyük əhəmiyyəti var. Fiziki aktivlik ürək-damar sisteminin işini tənzimləyir, damarlarda durğunluğu azaldır, tənəffüs funksiyalarını və qan dövranını yaxşılaşdırır, infarkt, insult və yüksək təzyiq riskini azaldır. Eyni zamanda əzələ və sümük sistemini möhkəmləndirir, yaşla əlaqədar yaranan sümük-qığırdaq deformasiyalarının qarşısını alır, maddələr mübadiləsini stimullaşdırır, immuniteti gücləndirir. Həzm və ifrazat sistemlərinə müsbət təsir edərək piylənmənin qarşısını alır. Bununla yanaşı, diqqət və yaddaşı gücləndirir, stress və narahatlığı azaldır, depressiya riskini aşağı salır və ümumi əhval-ruhiyyəni yaxşılaşdırır.
– Hamiləlik zamanı fiziki aktivliyin rolu varmı?
– Bəli, hamiləlik dövründə fiziki aktivlik həm ananın, həm də dölün sağlamlığı üçün xüsusi əhəmiyyət daşıyır. Bu, anada bel ağrılarının qarşısını alır, qan dövranını yaxşılaşdırır, hamiləliyin daha rahat keçməsinə kömək edir, çəki artımını tənzimləyir, ödemin və damar problemlərinin qarşısını alır, çanaq əzələlərini möhkəmləndirir. Həmçinin həyəcanı azaldaraq hamiləlik və zahılıq depressiyasının qarşısını alır və ananı psixoloji cəhətdən doğuşa hazırlayır. Eyni zamanda dölün qan dövranını yaxşılaşdırır və inkişafını stimullaşdırır. Lakin hər bir hamilə qadın fiziki aktivliyə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidir.
– Nevroloji xəstəliklərdə fiziki reabilitasiyanın məqsədi nədir?
– Nevroloji xəstəliklərdən sonra insanlarda müxtəlif funksiyaların itməsi müşahidə oluna bilər. Bu zaman reabilitasiya tədbirləri həmin funksiyaların bərpasına yönəldilir. Fiziki reabilitasiya hərəkət, balans, koordinasiya, nitq, udma, yeriş və müvazinətin bərpasına, əzələ tonusunun normallaşdırılmasına, deformasiyaların qarşısının alınmasına və ağrının azaldılmasına xidmət edir. Məqsəd sinir sistemi zədələnməsi nəticəsində yaranan funksional pozğunluqları azaltmaq və xəstənin mümkün qədər müstəqil həyat sürməsinə kömək etməkdir.
Bu reabilitasiya insult, beyin və onurğa beyni zədələri, Parkinson xəstəliyi, uşaq serebral iflici və periferik sinir zədələri zamanı geniş tətbiq olunur. Xüsusi məşqlər vasitəsilə əzələlərin gücü artırılır, hərəkət amplitudası bərpa edilir və xəstənin gündəlik fəaliyyətləri yenidən yerinə yetirməsi təmin olunur. Eyni zamanda balans və koordinasiya məşqləri yıxılma riskini azaldır. Reabilitasiya yalnız fiziki deyil, psixoloji baxımdan da faydalıdır, motivasiyanı artırır və depressiya riskini azaldır.
– Hansı xəstələrdə reabilitasiyadan istifadə olunmur?
– Bəzi hallarda reabilitasiya qəti əks göstərişdir. Bunlara kəskin iltihabi və infeksion xəstəliklər, yüksək hərarət, irinli proseslər, travmaların erkən mərhələləri, yeni sınıqlar, bağ və vətər qopmaları, kəskin ürək çatışmazlığı, yeni baş vermiş miokard infarktı, ağır aritmiyalar, arterial təzyiqin kəskin dəyişməsi, qanda şəkərin kəskin artması, beyin qan dövranının kəskin pozulması, qanaxmalar, tromboz və tromboemboliya riskləri, tənəffüs çatışmazlığı və psixi xəstəliklərin kəskinləşmə dövrü daxildir. Bu hallarda qərarı mütləq fizioterapevt və reabilitoloq verməlidir.
– Ev şəraitində fiziki aktiv olmaq mümkündürmü?
– Bəli, bu həm mümkündür, həm də effektivdir. İdman zalına getmədən də aktiv qalmaq olar. Aktiv məişət fəaliyyəti ilə yanaşı, evdə yoqa, pilates, nəfəs məşqləri, yüngül fiziki hərəkətlər və rəqs kimi fəaliyyətlər həyata keçirilə bilər. Əsas şərt məşqlərin düzgün və davamlı şəkildə yerinə yetirilməsidir.
– Fiziki aktivliyin azalması uşaqların sağlamlığına və akademik uğurlarına necə təsir edir?
– Uşaqlarda fiziki aktivliyin azalması artıq çəki və piylənmə riskini artırır, əzələ və sümük inkişafını zəiflədir, onurğa problemlərinə səbəb olur. Eyni zamanda ürək-damar sistemi zəifləyir, tez yorulma və tez-tez xəstələnmə halları müşahidə olunur. Bu, diqqət və yaddaşın zəifləməsinə, öyrənmə çətinliklərinə, yuxu pozğunluqlarına və emosional problemlərə səbəb olur. Nəticədə akademik göstəricilər də aşağı düşür. Müntəzəm fiziki aktivlik isə uşaqlarda həm diqqətin cəmlənməsinə, həm də öyrənmə bacarıqlarının inkişafına müsbət təsir göstərir.