Xərçəng riskini  45 faiz azaldan   məhsul 
23 aprel 2024 09:09 (UTC +04:00)

Xərçəng riskini 45 faiz azaldan məhsul 

Bu məhsuldan gündə orta hesabla cəmi 18-20 qram və ya hər iki-üç gündə 50 qrama qədər qəbul etmək xəstəliyin inkişaf riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, göbələyin müntəzəm istifadəsi xərçəngin müxtəlif formalarının riskini 45 faiz azalda bilər. Bu, 19,5 mindən çox xəstənin məlumatlarını təhlil edən alimlərin qənaətidir. Bu barədə Pensilvaniya Xərçəng İnstitutunun saytında məlumat verilib.

Araşdırma, müntəzəm olaraq göbələk yeyən insanların, onları yeməyənlərlə müqayisədə xərçəngə tutulma riskinin nəzərəçarpacaq dərəcədə aşağı olduğunu göstərib.

“20 minə yaxın xərçəng xəstəliyinin təhlili əsasında məlum olub ki, gündə ən azı 18 qram göbələk istehlakı xərçəngə tutulma ehtimalını 45 faiz azaldır”, - hesabatda bildirilir.

Epidemiologiya üzrə aspirant Cibril M. Ba göbələklərin hüceyrələri qoruyan unikal və güclü antioksidant olan erqotioninlə zəngin olduğunu vurğulayır. O deyir ki, bədəndə antioksidanların səviyyəsinin artması oksidləşdirici stresslə mübarizə aparmağa və xərçəng riskini azaltmağa kömək edə bilər.

Alimlər həmçinin göbələklərin vitamin və qida maddələrində zəngin olduğunu qeyd edirlər. “Ümumiyyətlə, bizim nəticələrimiz göbələklərin xərçəngə qarşı təsirinə dair mühüm sübutlar təqdim edir”, - tədqiqatın həmmüəllifi Con Riçi əlavə edib.

Əlavə etmək lazımdır ki, göbələklərdə B vitaminləri, D vitamini, həmçinin selen, mis, kalium və fosfor kimi minerallar var.

Tərkibindəki beta-qlükan sayəsində göbələklər immunitet sistemini stimullaşdırır və orqanizmə infeksiyalarla mübarizə aparmağa kömək edir. Bundan əlavə, bəzi tədqiqatlar göbələklərin qan qlükoza səviyyəsini sabitləşdirməyə və insulin müqavimətini yaxşılaşdırmağa kömək edə biləcəyini göstərib.

# 6930
avatar

Oxşar yazılar