Yayda vitamin D qəbuluna ehtiyac varmı? - Həkimdən vacib açıqlama
22 may 2026 12:34 (UTC +04:00)

Yayda vitamin D qəbuluna ehtiyac varmı? - Həkimdən vacib açıqlama

0

Vitaminin həddindən artıq qəbulu orqanizmə ciddi zərər verə bilər, buna görə normanı aşmaq olmaz. Yay aylarında elə görünür ki, günəş işığı orqanizmin vitamin D ehtiyacını tam qarşılayır. Bəs həqiqətən günəş çatışmazlığın qarşısını alırmı və yayda belə kimlər əlavələri qəbul etməyə davam etməlidir?

Lent.az xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru Sohaib Imtiaz bildirib ki, bu, vitamin D çatışmazlığı üçün fərdi risk faktorlarından asılıdır. Buraya günəş altında qalma müddəti, orqanizmdə vitamin D səviyyəsi və dəridə melanin miqdarı daxildir. Dərisində daha çox melanin olan, yəni asan qaralan və nadir hallarda günəş yanığı alan insanların orqanizmi eyni miqdarda vitamin D istehsal etmək üçün açıq dərili insanlarla müqayisədə 3-6 dəfə daha çox günəş işığına ehtiyac duyur. Bunun səbəbi melaninin “təbii günəş qoruyucusu” kimi fəaliyyət göstərməsidir. Həkimin sözlərinə görə, açıq dərili insanlar üz nahiyəsinin 10-15 dəqiqə günəş işığı alması ilə kifayət qədər vitamin D əldə edə bilərlər. Lakin dəri rəngi vitamin D səviyyəsinə təsir edən yeganə amil deyil. Piy toxuması vitamin D-nin bioəlçatanlığını azaldır. Buna görə də bədənində artıq piy olan insanlar kifayət qədər günəş işığı alsalar belə, aşağı vitamin D səviyyəsinə sahib ola bilərlər. Bəzi xəstəliklər və dərmanlar da orqanizmdə vitamin D mübadiləsinə təsir edir. Məsələn, xroniki böyrək və ya qaraciyər xəstəliyi olanlar, həmçinin steroid və ya göbələk əleyhinə dərman qəbul edən şəxslər yay aylarında belə vitamin D əlavələrinə ehtiyac duya bilərlər.

Vitamin əlavəsinə ehtiyac olub-olmadığını necə müəyyən etmək olar?

Yorğunluq və sümük ağrıları vitamin D çatışmazlığının əlaməti ola bilər. Lakin düzgün diaqnoz üçün həkimə müraciət etmək tövsiyə olunur. Vitamin D yağda həll olunan vitamindir və orqanizm onu gələcək istifadə üçün piy toxumasında saxlayır. Əksər insanlar gündə 600-800 BV (beynəlxalq vahid) vitamin D qəbul edir. Lakin gündəlik 4000 BV-dən çox qəbul etmək yan təsirlərin yaranma riskini artıra bilər. Vitamin D orqanizmdə kalsiumun mənimsənilməsinə kömək etdiyi üçün onun həddindən artıq qəbulu hiperkalsemiya — yəni qanda kalsium səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Bu hal nadir olsa da, əzələ seğirmələri və baş ağrısı kimi simptomlarla özünü göstərə bilər.

Vitamin D hansı məhsullarda var?

Vitamin D ən çox yağlı balıqlarda olur. Bunlara qızılbalıq, skumbriya, tuna və sardina daxildir. Balıq yağı, xüsusilə treska balığının qaraciyər yağı da zəngin mənbə hesab olunur. Heyvan mənşəli məhsullar arasında yumurta sarısı, xüsusilə mal qaraciyəri, həmçinin yağlı süd, pendir və kərə yağı müəyyən miqdarda vitamin D ehtiva edir. Bəzi məhsullar isə xüsusi olaraq vitamin D ilə zənginləşdirilir. Bunlara süd, bitki mənşəli içkilər (soya və ya badam südü), səhər yeməyi üçün quru məhsullar və bəzi meyvə şirələri daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar