"Tabutun qapağını qaldırdım, gördüm Əzəmi gülür" - ŞƏHİD ƏMANƏTİ
08 avqust 2022 20:15 (UTC +04:00)

"Tabutun qapağını qaldırdım, gördüm Əzəmi gülür" - ŞƏHİD ƏMANƏTİ

Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı 44 günlük Vətən müharibəsi şəhidi Əzəmi Əli oğlu Hüseynov haqqındadır.

Əzəmi Əli oğlu Hüseynov 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. 1999-2010-cu illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə isə Mingəçevir Dövlət Universitetində (MDU) ali təhsil alıb. 

2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarıda müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Əzəmi Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əzəmi Hüseynov oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əzəmi Hüseynov ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

İki ay adsız yaşamaq...

Növbəti yazım üçün şəhid ailəsi axtaran zaman internetdə Əzəminin şəkilləri ilə qarşılaşdım. Onun nigaran, bir qüssəli, amma eyni zamanda da cəsarətli baxışlarını görəndə, haqqında araşdırma aparmağa başladım. Əzəminin əslən şuşalı olduğunu, ancaq Mingəçevirdə doğulduğunu biləndə, mütəəssir oldum. Şuşa hər birimizin zəif nöqtəsi idi, eləcə də mənim. Üstəlik Əzəminin ən böyük arzusu Şuşaya bayraq sancan insanlardan biri olmaq imiş. Bu günə qədər Şuşa şəhidləri haqqında bircə yazı hazırlamışdım. O, da əfsanəvi Ramiz Qəmbərov haqqında idi. 

Əzəminin ailəsini də tapmaq o qədər çətin olmadı. Ancaq, ailə Mingəçevirdə yaşadığından onlarla telefon vasitəsi ilə əlaqə yaratmalı oldum. Şəhidin bacısı Elnarə xanım zəngimdən xeyli mütəəssir olmuş, qardaşı haqqında danışmağa hazır olduğunu bildirmişdi. Vədələşdiyimiz zaman da onu səsindəki həyəcan yeni özünü büruzə verdi:

- Əzəmi haqqında hər şeyi danışacam, şəkillərini, videolarını da göndərəcəm. Təki, hər kəs onun qəhrəmanlıqlarından xəbərdar olsun. 

Biz əslən Şuşadanıq. Vaqifin heykəlinin arxasındakı küçədə yaşayırdıq. Sonradan Mingəçevirə qaçqın kimi gəlmişik. Elə ora gələn ilin avqust ayında Əzəmi anadan oldu. Onda anam ağır xəstə idi. Doğulandan sonra həkim dedi ki, bu uşaq yaşamayacaq. Ona görə də Əzəmi iki ay adsız yaşadı. Sonra atamla mən, məscidə gedib, onun adını “Quran”dan çıxardıq. Əzəmi ucalıq, yüksəklik deməkdir. 

Biz ailədə üç bacı, bir qardaş olmuşuq. Əzəmi bizim sonbeşiyimiz idi. Biz evdə heç vaxt Allaha, Qurana and içmirik. Həmişə Əzəminin adına and içirdik. Hərbi xidmətdən gələndən sonra Əzəmi öz xahişi ilə Zaqatalada yerləşən hərbi hissədə hərbi həkim kimi işə düzəldi. Üç il orda işləyəndən sonra iş yerini Mingəçevirə dəyişdi. Çünki anam artıq yaşlanmışdı, Əzəmi tez-tez onunla görüşə bilmirdi. Mən ondan on üç yaş böyükəm. Onu demək olar ki, mən böyütmüşəm, ona ikinci ana olmuşam. O, çox fağır, sakit təbiətli uşaq idi. Orta məktəbdə nümunəvi şagird idi. Uşaqlıqdan namaz qılıb, içki, siqaret dilinə dəymədi. Həmişə allahın yolunu qoruyurdu. Din müəllimləri deyirlər ki, adamlar namaz qılıb özünə ev, maşın arzulayanda, Əzəmi dua edirdi ki, Allah ona şəhidlik qismət eləsin. Əzəmi öz arzusuna çatdı. Torpağa qoyulanda da, azan səsi ilə qoyuldu. 

Atasızlıq...

- Əzəmi evdə, ailədə necə idi? 

- Çox ağayana uşaq idi. Bizim evin ağsaqqalı o idi. Çünki biz atamızı 52 yaşında itirmişdik. Əzəmi bizim ata əvəzimiz idi. O, ata alan paltarı geyməyib, çörəyi yeməyib. Əzəminin altı yaşı olanda, biz atamızı itirdik. Qardaşımın nə atası, nə əmisi, nə dayısı olub. O, çatdığı mərtəbəyə öz ayaqları üzərində dayanaraq çatıb. 

- Hərb sahəsinə marağı necə yarandı?

- Burada bir az da mən günahkaram. Çünki mənim atam da atasını İkinci dünya müharibəsində itirmişdi. Mən babam haqqında, Qarabağ müharibəsi, Şuşa haqqında ona o qədər danışmışdım ki, Əzəmi həmin ovqatla böyüdü. Onun oyuncağı yox idi, babamın medalları ilə oynayırdı, oturub saatlarla onlara baxırdı. Sonra da böyüdü, Qarabağ hadisələrini dərindən öyrəndi, bir gün də dedi ki, mən anamın arzusu ilə universitet oxudum, indi də öz arzumla hərbçi olacam. 

Elnarə xanım deyir ki, Əzəmi gənc yaşda ailə həyatı qurub. Minayə adlı xanımla o, on bir il bir sinifdə, dörd il isə universitetdə birgə oxuyublar, sonra da ailə qurmaq qərarına gəliblər. İki il yarım ailəli olan Əzəmi Minayə xanımla bir-birlərini dərin məhəbbətlə seviblər. Bu sevgidə ilk addım atan isə Minayə xanım olub:

Sevgi

Minayə atanın ananın bir qızıdır. Orta məktəbdə oxuyanda, bacıma Əzəmini sevdiyini demişdi. Elə o vaxtdan o, bizim ürəyimizə yatmışdı. Sonra da anam Əzəmiyə dedi ki, o qızı sənə alacam. Əzəmi də dedi ki, ana, sən hansı qızı desən, mən onunla da ailə quracam. O, elə bir oğul idi ki, onun üçün ananın, bacının sözü qanun idi. Əzəminin anasından və üç bacısından başqa heç imi yox idi. Ona görə də bəy kostyumunu almağa gedəndə, dedi anamla, sən gedək bacı. Onun şəkillərinə indi baxıram, görürəm ki, bütün taleyi gözlərindədir. Baxışları o qədər nisgillidir ki... Şəkilərinə baxmaq olmur. Toy şəkillərində də görürəm ki, o, heç bəyə oxşamır, çox kədərli düşüb. 

- Sizcə nə ilə bağlı idi onun bu kədəri?

- Yəqin ki, atasızlığı ilə bağlıydı (ağlayır). O, heç vaxt bu barədə danışmazdı. Həmişə evə girəndə, deyirdi ki, mən xoşbəxtəm ki, mənim iki anam var. Biri sənsən, biri də məni dünyaya gətirən qadın. Mənim anamdan sonra ikinci anam sənsən. Deyirdim, yox, sən mənim atamsan, hər şeyimsən (ağlayır). O, bütün sirlərini mənimlə bölüşərdi. Bu gün mən bir qardaş yox, həm də bir dost itirmişəm. 

Söhbətimizin bu yerində Əzəminin ömür gün yoldaşı Minayə xanım bizim söhbətimizə qoşulur. Hiss edirəm ki, Əzəmi haqqında ürəyi dolu olan bu gənc qadın, danışdıqca, danışmaq istəyir:

- Əzəmiylə mən orta məktəbdə də, universitetdə də bir yerdə oxumuşam amma münasibətimiz universiteti bitirdikdən sonra yaranıb. Ailə başçısı kimi mükəmməl biriydi. Hörmətcil ailəsinə həmişə hörmət edən biri olub. Ondan bir həyat yoldaşı kimi çox razı idim. Əzəmi əvəzolunmaz insan idi. O, dindar idi, namaz qılırdı. Mən də 14 ildir ki, hicabdayam. 

Hərb həyatının çətinliyini çox yaxşı bilirəm. Əzəmi hərb həyatıyla bağlı hər şeyi mənimlə bölüşürdü. Təzə ailə qurmuşduq. Övladımız yox idi. Mən həkimə getməliydim. Bir neçə dəfə Bakıya həkimə gedəcəkdik, amma hər dəfə nə isə bu gedişimizə mane olurdu. Sonra da müharibə başlandı. Əzəminin şəhid olması ilə bizim bütün arzu və ümidlərimiz sona çatdı. 

Yuxular...

- Əzəminin şəhid olma xəbərini necə bildiniz?

- Müharibənin başlanacağını əvvəldən bilirdik. Hər dəfə onunla danışanda, deyirdim, Əzəmi özündən muğayat ol. O, da deyirdi ki, narahat olma, mənə heç nə olmayacaq, sağ-salamat qayıdıb gələcəm. Amma ürəyimə dammışdı ki, Əzəmiyə nəsə olacaq. Şəhid olmamışdan bir gün əvvəl də onu yuxuda görmüşdüm. 

Yuxuda ona yalvarırdım ki, özünü qorusun. Sonra da o qara xəbər gəldi. Bizim arzularımız həddindən artıq çox idi. Ancaq təəssüf ki, hamısı arzu olaraq qaldı. Onu tez-tez yuxuda görürəm. Özümü narahat hiss edəndə, Əzəmi mənim yuxularıma girir. Bizim aramızdakı sevgi o qədər təmiz, hörmətli olub ki, sanki indi də bir-birimizdən ayrı deyilik. Həmişə onu yanımda, yaxınlığımda hiss edirəm. Ondan sonra hər şeydən, hamıdan uzaqlaşmışam. Bu həyatda nə bacım, nə qardaşım vardı. Bir tək Əzəmi vardı, onu da müharibə əlimdən aldı. Hər dəfə ona deyirdim sən mənim üçün hamıdan, hər şeydən dəyərli və qiymətlisən. İndi düşünürəm ki, Əzəmi mənim üçün elə o dəyərdə də qalıb.  

Əzəmi müharibə başlanandan bir gün əvvəl evlərinə gedir, daha sonra Elnarə xanımgilin qonağı olub. Onunla da halallaşır:

Sentyabrın 25-də bizə gəldi, təlaşlı və narahat idi. Dedi, bacı, müharibə olacaq, anama heç nə demə. Mən könüllü kimi ön cəbhəyə yazılmışam. Dedim, ay atam, niyə belə elədin? Axı sən həmişə mənə deyirdin ki, arxadayam, narahat olma. Dedi, bacı, mənim ən böyük arzum odur ki, Şuşaya birinci daxil olum, öz əllərimlə evimizə bayrağımızı sancım. Onun toyunda yellənən bayraqlar mənim evimdə idi. Bu sözləri deyəndən sonra çevrilib bayraqlara baxdı. Dedi, onları yaxşı saxla, Şuşaya evimizə aparacağıq. Sonra əlavə etdi ki, hərbi hissəmizə çoxlu tabut gətirilib, bu gün bütün günü onları bayraqla bəzəmişik. Evdən bel götürüb getdi. Dedi, səngər qazmalıyıq. Ertəsi gün də şəhid olma xəbəri gəldi. Onu öz əli ilə hazırladığı tabutlardan birinə qoyub evimizə gətirdilər. Həmin toyunda yellənən bayraqları da mən onun dəfnində çiynimə örtdüm (ağlayır). 

Ölüm

Mənə deyirdi ki, bacı imamların qırxında çoxlu halva çal, elə burda da nə qədər şəhidlərimiz var. Şəhid olan gün səhər çağı namazını qılıb, sonra Suqovuşandan yaralı, şəhid çıxarmağa gedəndə, özü də orda şəhid olur. Qarın boşluğundan yaralanır, qanaxma başlayır, onun qanını saxlaya bilmirlər. O, şəhid olması ilə neçə insanın həyatını xilas edir, amma təəssüf ki, onu xilas edə bilmirlər. 

- Xəbəri sizə kim verdi? 

- Xəbəri qayınatasına zəng vurub demişdilər. Xəbər vermişdilər ki, Əzəmi şəhid olub, hazırlaşın, onu evinizə göndəririk. Həmin gün onların hərbi hissəsində 200 yüz hərbçi şəhid olmuşdu.
Onu evimizə gətirəndə, mən dedim, açıb üzünə baxacam. O, mənə söz vermişdi ki, qalacaq. Axı o, bilirdi ki, bizim ondan başqa heç kimimiz yoxdur. Tabutun qapağını qaldırdım, gördüm Əzəmi gülür. Dedim, nəyə gülürsən, şəhid olub, arzuna çatdın? (ağlayır). Bir saat onun tabutunu evdə saxlayandan sonra apardılar. Gördüm tabutu çiyinlərdə quş kimi uçur. Dedim, ay Əzəmi, hara qaçırsan? Bir gecə qonağım olardın heç olmasa. Onu məzara qoyanda yaxınlıqdakı məsciddə azan verildi. Hamı bu möcüzədən dəhşətə gəlmişdi. 

Deyilməmiş vəsiyyət

- Sizin ağlınıza gələrdi, o, şəhid olar?

- Yox. Çünki o, həmişə məni arxayın deyirdi ki, mən arxa cəbhədəyəm. Şəhid olmazdan əvvəl dostunu götürüb gedib çay içməyə. Ona deyib ki, sənə bir vəsiyyətim var. Sonra ona zəng gəlib, o, tələsik çıxıb gedib. Dostu da deyir ki, özümü hələ də bağışlaya bilmirəm. Gərək öyrənəydim, görüm, onun vəsiyyəti nə idi. 

Şəhid olmazdan əvvəl evimizə bazarlıq elədi. O, heç vaxt bazarlıq etmirdi, həmişə özümüz edirdi. İlk dəfə etdi, aldığı yağla, unla onun öz məclisinə halva çaldılar. İndi onun məzarı üstünə gələn dostları, tanışları hamısı onun məzar daşından öpüb deyirlər ki, biz həyatımızı ona borcluyuq. Hamısı deyir ki, o, ən böyük arzusuna, şəhidlik məqamına çatdı.  

Şuşa işğaldan azad olunandan sonra Elnarə xanıma qardaşının getmək, bayraq sancmaq istədiyi Şuşaya göz yaşları ilə girir. Şuşanın girişində o, divara qardaşının adının yazıldığını görür. Kədər qarışıq fəxarət hissindən yaranan göz yaşları evlərini tapana qədər davam edir. 

- Onun adını divarda görəndə, elə bildim ki, Əzəmi qollarını açıb mənə xoş gəldin, bacı deyir. Şuşada Əzəminin ruhunu yanımda hiss etdim. Onun ən böyük arzusu idi, Şuşanın işğaldan azad olunması.  

 

# 11184
avatar

Samirə Əşrəf

Oxşar yazılar