Alimlər belə nəticəyə gəliblər ki, insan başının mərkəzində yerləşdiyi deyilən sirli “üçüncü göz” əslində mövcud olub, lakin milyonlarla illik təkamül nəticəsində formasını dəyişib.
Lent.az xəbər verir ki, “Daily Mail” nəşrinin yazdığına görə, Böyük Britaniya və İsveç alimləri insanın ən qədim əcdadlarında həm yan tərəflərdə yerləşən gözlərin, həm də başın mərkəzində işığa həssas xüsusi strukturun mövcud olduğunu müəyyən ediblər.
Tədqiqatçılar bu qədim orqanı “əcdadların mərkəzi gözü” adlandırıblar və hesab edirlər ki, insanın mənşəyinə yaxın canlı növlər təxminən 500 milyon il əvvəl yan gözlərini itirdikdən sonra məhz bu orqana güvəniblər. Araşdırmaya görə, bu qədim onurğasız canlılar torpaq altında yuva qazır, görmə qabiliyyətini itirdikdən sonra işığı hiss etmək üçün həmin mərkəzi orqandan istifadə edirdilər.
Qədim Yunanıstan dövründən həkimlərə məlum olan epifiz vəzi (şişəbənzər vəzi) uzun müddət gözlərdən müstəqil inkişaf etmiş orqan hesab edilirdi. Lakin yeni araşdırmalar göstərib ki, bu struktur insan əcdadlarının istifadə etdiyi görmə sistemi ilə əlaqəlidir.
Bu gün həmin “üçüncü göz”ün qalıqları insan beynində epifiz vəzi formasında qalır. Artıq o, həqiqi göz sayılmasa da, pinealosit adlanan xüsusi hüceyrələrdən ibarətdir. Bu hüceyrələr melatonin hormonu ifraz edir və orqanizmə gecənin başladığını, istirahət vaxtının çatdığını bildirir.
Bu mexanizm insanın sirkadi ritmlərini (yuxu, ayıqlıq və digər fizioloji prosesləri) tənzimləyən 24 saatlıq bioloji dövrü sinxronlaşdırmağa kömək edir.
Araşdırmalara görə, epifiz vəzi reproduktiv sistemin fəaliyyəti, immun sisteminin sağlamlığı ilə də əlaqəli ola bilər. Bəzi alimlər onun insanın əhval-ruhiyyəsinə və bədən temperaturunun tənzimlənməsinə də təsir göstərə biləcəyini düşünürlər.
Tədqiqat nəticələri alimlərin bu sirli “göz” barədə təsəvvürlərini dəyişib. Məlum olub ki, tor qişa və epifiz vəzi bir-birindən ayrı deyil, eyni qədim bioloji strukturdan inkişaf edib.
Bəzi canlı növlərində isə “üçüncü göz” hələ də müşahidə olunur. Bunlardan biri Tuataradır. Bu sürünəndə həmin orqan adi gözlər kimi linza və tor qişaya malikdir.
Bu orqanın əsas funksiyası detallı görüntülər yaratmaq deyil, işıqlandırmadakı dəyişiklikləri, xüsusilə də yuxarıdan, göydən gələn işığı hiss etməkdir. Bu, Tuataraya sirkadi ritmlərini tənzimləməyə və gündəlik davranışlarını idarə etməyə kömək edir. Məsələn, nə vaxt günəş altında isinmək, nə vaxt isə gizlənmək lazım olduğunu müəyyənləşdirməyə imkan verir.