Xarici İşlər Nazirliyindən xəbərdarlıq
02 avqust 2010 19:00 (UTC +04:00)

Xarici İşlər Nazirliyindən xəbərdarlıq

“Pakistana getməyin, girov götürülmə riski mövcuddur”


Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına son zamanlar Pakistan İslam Respublikasında baş vermiş hadisələrlə bağlı xəbərdarlıq edir.

Lent.az-ın Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, xəbərdarlıqda qeyd olunur ki, Pakistanda son dövrlərdə terrorçu qruplaşmalar və Pakistan ordusu arasında toqquşmalar güclənmişdir. Pakistan ərazisində terrorçu qruplaşmalar tərəfindən xarici vətəndaşların qaçırılması və girov götürülməsi hallarının sayı artıb.

Azərbaycan vətəndaşlarının Pakistanın Cənubi Vəzirstan, Svat, Bacaur, Xeybər, Xürrəm və Orakzay inzibati bölgələri ərazilərinə səyahət edərkən ehtiyatlı olmaları tövsiyə olunur. Peşəvər şəhəri və onun cənubunda olan bölgələrdə, Şimali və Qərbi Belucistana və Qetta (Quetta) şəhərinə olan səfərlər təhlükəli olaraq qalır. Buner və Aşağı Dirə Lovari yolu vasitəsilə səyahətlər də təhlükəli hesab edilir.

Şimali Vəzirstan bölgəsi Pakistanın qonşu Əfqanıstanla sərhəddə yerləşən bölgələrindən biri olaraq, mürəkkəb coğrafi əraziyə, yüksək dağ və sıx meşə zolağına malikdir. Pakistan Silahlı Qüvvələrinin son on səkkiz ay ərzində ölkənin Əfqanıstanla sərhəddə yerləşən inzibati bölgələrdə, o cümlədən Svat, Bacaur, Xeybər, Xürrəm və Orakzayda keçirdiyi geniş miqyaslı əməliyyatlar nəticəsində terrorçu qüvvələr Şimali Vəzirstan ərazisində cəmləşiblər. Bu ərazidə girov götürülmə (qaçırılma) riski də mövcuddur.

Xəbərdarlıqda vurğulanır ki, bunları nəzərə alaraq, Pakistana səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məsələləri nəzərə alsınlar və ehtiyatlı olsunlar.

Pakistanda daimi və müvəqqəti yaşayan, olan Azərbaycan vətəndaşları qeyd edilən məsələlərlə bağlı hər hansı problemlə qarşılaşdıqda, onlara daha asan yardım göstərilməsi üçün İslamabad şəhərində yerləşən Azərbaycanın Pakistan İslam Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Azərbaycan Respublikasının xarici ölkələrdəki bütün səfirlik və konsulluqlarının ünvanları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin internet səhifəsində (www.mfa.gov.az) yerləşdirilmişdir. Xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan Respublikasının vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımı kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarının səyahəti zamanı baş verə biləcək hadisələrə görə heç bir məsuliyyət daşımır. Diqqətinizə çatdırırıq ki, dünyanın heç bir regionu və ya ölkəsi terror və fövqəladə hadisə riskindən kənar deyil.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386

Oxşar yazılar