Azərbaycan nümayəndə heyəti AŞPA-da mühüm məsələlər qaldıracaq
07 aprel 2011 18:32 (UTC +04:00)

Azərbaycan nümayəndə heyəti AŞPA-da mühüm məsələlər qaldıracaq

Bu barədə APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva bildirib.

Q. Paşayeva faktların sənədlərlə əsaslandırılmış şəkildə avropalı parlamentarilərin diqqətinə çatdırılacağını deyib: “Biz Ermənistanın işğal etdiyi Azərbaycan şəhəri olan Xankəndində qanunsuz olaraq hava limanı tikməsi məsələsini qaldıracağıq. Çünki bu, bütün beynəlxalq hüquq normalarına, eyni zamanda BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, Ermənistanın AŞPA qarşısında götürdüyü öhdəliklərə və AŞPA-nın qəbul etdiyi qərarlara ziddir”.

Millət vəkili bildirib ki, AŞPA-nın qətnaməsində Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilməsi, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması birmənalı şəkildə vurğulanıb: “Biz orada bir daha bu məsələni qaldıracağıq ki, Ermənistan AŞPA-nın qətnamələrinə nəinki riayət etmir, eyni zamanda işğal olunmuş ərazilərdə qeyri-qanuni olaraq aeroport tikir. Bununla yanaşı, Ermənistan prezidentinin Xankəndinə uçan təyyarənin ilk sərnişini olacağı barədə səsləndirdiyi fikirləri də orada qaldıracaq, Ermənistan rəhbərliyinin beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını, bununla da münaqişəni dərinləşdirdiyini diqqətə çatdıracağıq. Beynəlxalq təşkilatdan buna qiymət verməyi, qəbul edilmiş qərarların icrası üçün Ermənistana təsir göstərməyi tələb edəcəyik. Ermənistan bu cür addımları dayandırmasa, Azərbaycan tərəfinin bunun qarşısını almaq üçün digər suveren imkanlardan istifadə edəcəyini bildirəcəyik”.

Q. Paşayeva sessiya çərçivəsində müzakirə olunan bütün məsələlərdə aktiv iştirak edəcəyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar