“Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi” - Fərid Şahbazlı
30 aprel 2025 23:05 (UTC +04:00)

“Bakı və Tehran qarşılıqlı etimada əsaslanan siyasət nümayiş etdirdi” - Fərid Şahbazlı

“İran Prezidenti Məsud Pezeşkiyanın Azərbaycana rəsmi səfəri Azərbaycan–İran münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün real siyasi əsaslar yaradıb. Bu səfər təkcə diplomatik təşəbbüs deyil, eyni zamanda regionda yaranan yeni geosiyasi düzənin diktə etdiyi tarixi zərurətdir”.

Lent.az xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, Azərbaycan xarici siyasətində qonşu dövlətlərlə münasibətlərə xüsusi önəm verir: “Türkiyə ilə müttəfiqlik, Rusiya ilə çoxşaxəli əməkdaşlıq, Gürcüstanla strateji tərəfdaşlıq formatı artıq oturuşmuş istiqamətlərdir. İranla münasibətlərin isə bu səfərdən sonra yeni məzmunla daha da dərinləşəcəyinə ciddi əsaslar yaranıb.”

Fərid Şahbazlı səfər çərçivəsində iki prezidentin bir-birinə “əziz qardaşım” deyə xitab etməsini də xüsusi qeyd edib: “Bu ifadə diplomatik nəzakətdən daha çox, xalqlar arasında ortaq tarixi, dini-mədəni və qohumluq bağlarının siyasi münasibətlərə əks olunmasının bariz nümunəsidir. Ən əsası isə bu münasibətlərdə artıq şəxsi etimad və qarşılıqlı anlayış faktoru mühüm yer tutur.”

Şərhçi xatırladıb ki, Azərbaycan–İran münasibətlərinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub və bu xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Hazırda bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün nə hüquqi, nə iqtisadi, nə də siyasi baxımdan hər hansı maneə qalmayıb. İran Prezidentinin səfəri də göstərdi ki, bu fürsət düzgün və çevik şəkildə dəyərləndirilir.”

Regionda baş verən dəyişikliklər fonunda iki ölkə arasında əməkdaşlığın dərinləşməsi zərurətini vurğulayan Fərid Şahbazlı bildirib ki, Azərbaycanın yerləşdiyi geostrateji mövqe, xüsusilə də Şimal–Cənub və Şərq–Qərb dəhlizləri fonunda tranzit imkanları İran üçün də önəmlidir: “Bu baxımdan Prezident Pezeşkiyanın səfəri zamanı strateji əməkdaşlıq planının hazırlanması təşəbbüsü çox ciddi perspektivlər vəd edir.”

Siyasi şərhçi xüsusilə qeyd edib ki, bu səfər üçüncü ölkələrin ikitərəfli münasibətləri pozmaq cəhdlərini də iflasa uğratdı: “Uzun illər bəzi regional və qlobal dairələr İranla Azərbaycan arasında münasibətləri süni şəkildə gərginləşdirməyə çalışırdı. Lakin bu səfər bir daha sübut etdi ki, Bakı ilə Tehran arasında problemlər xarici müdaxilə ilə deyil, birbaşa və qarşılıqlı hörmətə əsaslanan dialoqla həll olunur. Bu, həm də regionda sabitliyə və etibarlı qonşuluğa töhfə verən mühüm faktordur.”

Fərid Şahbazlı vurğulayıb ki, İran Prezidentinin Azərbaycana səfəri təkcə siyasi dialoqun intensivləşməsi deyil, həm də iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələyə keçidini şərtləndirəcək:
“Bu səfərdən sonra İran–Azərbaycan münasibətləri daha da möhkəmlənəcək və regional sabitliyin əsas dayaqlarından birinə çevriləcək.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520

Oxşar yazılar