İkinci Ramzesin  3000 illik heykəlləri tapıldı
14 oktyabr 2026 15:02 (UTC +04:00)

İkinci Ramzesin 3000 illik heykəlləri tapıldı

0

Misirin Nil deltası ərazisində yerləşən Behbeyt əl-Həcər kəndində firon II Ramzesə aid iki nəhəng heykəlin qalıqları aşkar edilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Misirin Turizm və Qədim Abidələr Nazirliyindən verilən məlumata əsasən, heykəllərin təxminən 3000 yaşı var.

Ən əsas tapıntılardan biri II Ramzesin təxminən 1,6 metr hündürlüyündə olan nəhəng baş heykəlidir. Firon Yuxarı və Aşağı Misirin birləşməsini simvolizə edən ikiqat tacla təsvir olunub. Mütəxəssislərin hesablamalarına görə, abidənin ilkin hündürlüyü postamenti ilə birlikdə təxminən 8,5 metr olub.

İkinci heykəl daha böyükdür. Onun uzunluğu təxminən 2,4 metrdir, lakin ayaqları və aşağı hissəsi yoxdur. Yaşına baxmayaraq, heykəlin üz cizgiləri təəccüblü dərəcədə yaxşı qorunub saxlanılıb.

Qazıntılar zamanı II Ramzeslə əlaqəli titulların heroqliflərlə həkk olunduğu çəhrayı qranit blok da tapılıb.

Rəsmilər bu mühüm kəşfə səbəb olan fermerin operativ davranışını yüksək qiymətləndirərək onun hərəkətinin Misirin mədəni irsinin mühüm bir hissəsinin qorunmasına kömək etdiyini bildiriblər.

Arxeoloqlar hesab edirlər ki, tapıntılar vaxtilə bu ərazidə mövcud olmuş qədim məbəd kompleksi və onun II Ramzesin hakimiyyəti dövründəki rolu haqqında dəyərli məlumatlar verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar