Heydər Əliyevi devirmək üçün Türkiyədən gələn gizli plan – 90-cı illərin sensasion çevriliş dosyesi
14 oktyabr 2026 15:25 (UTC +04:00)

Heydər Əliyevi devirmək üçün Türkiyədən gələn gizli plan – 90-cı illərin sensasion çevriliş dosyesi

0

Bakıda çevriliş planı, Ankarada gizli əlaqələr: Türkiyənin bəzi dövlət rəsmiləri Heydər Əliyevi necə devirmək istəyirdilər?

1990-cı illərdə Azərbaycan müstəqilliyini qorumaq, Ermənistanın hərbi təcavüzü ilə mübarizə aparmaq və daxili siyasi sabitliyi bərpa etmək uğrunda ağır sınaqlardan keçirdi. Lakin həmin illərin az araşdırılmış hadisələrindən biri ölkənin ən yaxın müttəfiqlərindən sayılan Türkiyənin müəyyən siyasi və təhlükəsizlik dairələrinin Azərbaycandakı hakimiyyət dəyişikliyi planlarında adlarının hallanması oldu.

1995-ci ilin martında Heydər Əliyevə qarşı baş vermiş silahlı dövlət çevrilişi cəhdi təkcə Azərbaycanın daxili siyasi mübarizəsi deyildi. Sonradan Türkiyədə aparılan araşdırmalar, bu ölkənin mətbuatında dərc olunan materiallar və Heydər Əliyevin öz açıqlamaları hadisənin arxasında daha mürəkkəb siyasi əlaqələrin dayandığını ortaya qoydu.

Ən diqqətçəkən məqam isə budur: Heydər Əliyev 1997-ci ildə Türkiyənin özündə, bu ölkənin parlament üzvləri qarşısında çıxış edərkən 1995-ci il çevrilişində Türkiyə vətəndaşlarının və bəzi vəzifəli şəxslərin iştirak etdiyini açıq şəkildə bildirmişdi.

Bu, sonradan ortaya atılmış anonim ittiham deyildi. Azərbaycan dövlət başçısının Türkiyə səfəri zamanı verdiyi, bu gün də onun rəsmi irsini qoruyan elektron kitabxanada saxlanılan açıqlamadır.

1993-cü ildən sonra başlayan siyasi mübarizə

1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması ölkənin siyasi həyatında ciddi dönüş yaratdı. Həmin dövrdə Azərbaycan həm Qarabağ müharibəsinin ağır nəticələri, həm də daxildə silahlı qruplaşmaların dövlət institutlarına təzyiqi ilə üzləşmişdi.

Yeni hakimiyyətin qarşısında duran əsas məsələlərdən biri müstəqil silahlı dəstələri dövlətin nəzarətinə qaytarmaq, mərkəzi idarəetməni bərpa etmək idi.

Bu proses isə müəyyən siyasi və hərbi qüvvələrin müqaviməti ilə qarşılaşdı. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında hakimiyyətə qarşı ciddi çevriliş cəhdləri baş verdi.

1995-ci ilin martı: Bakıda hakimiyyəti ələ keçirmək planı

1995-ci il martın 13–17-də Azərbaycan növbəti silahlı qarşıdurma ilə üzləşdi. Rövşən Cavadovun rəhbərlik etdiyi OMON-un bir hissəsi mərkəzi hakimiyyətə qarşı çıxdı.

Hadisələr getdikcə genişləndi. Silahlı dəstələr tərksilah olunmaqdan imtina etdi, vəziyyət Bakıda açıq qarşıdurmaya çevrildi.

1995-ci il martın 18-də ABŞ-ın nüfuzlu "Los Angeles Times" qəzeti Bakıda baş verənlər barədə ətraflı məlumat yayımladı. Nəşrin məlumatına görə, hökumət qüvvələri təxminən 700 silahlı polis əməkdaşının yerləşdiyi binaya hücum etmiş, saatlarla davam edən döyüşlər nəticəsində azı 30 nəfər həlak olmuş, 60 nəfər yaralanmışdı.

Həmin dövrün müxalifət nümayəndələri isə qarşıdurmanın siyasi və kriminal hakimiyyət mübarizəsi olduğunu bildirir, hökumətin hadisələr barədə təqdim etdiyi izahın bəzi hissələrini mübahisələndirirdilər.

Lakin iki il sonra Heydər Əliyevin Türkiyədə açıqladığı məlumatlar bu hadisənin xarici əlaqələri barədə daha ciddi suallar doğurdu.

Heydər Əliyevin tarixi etirafı: “Türkiyənin bir sıra vəzifəli şəxsləri də bu işdə iştirak etmişdilər”

1997-ci il mayın 6-da Heydər Əliyev Türkiyənin NTV televiziyasına müsahibəsində olduqca ciddi açıqlama verdi.

O, 1995-ci ilin mart çevrilişindən danışarkən Türkiyə vətəndaşlarının hadisədə iştirak etdiyini bildirdi. Prezidentin sözlərinə görə, məsələ yalnız Türkiyədən gəlmiş ayrı-ayrı şəxslərlə məhdudlaşmırdı:

“Çox təəssüf ki, Türkiyənin bir sıra vəzifəli şəxsləri də bu işdə iştirak etmişdilər.”

Hadisələrin ən müəmmalı fiqurlarından biri Türkiyə vətəndaşı Fərman Dəmirqol idi.

Fərman Dəmirqol kim idi və Bakıda nə iş görürdü?

Fərman Dəmirqol Azərbaycana Əbülfəz Elçibəyin hakimiyyəti dövründə gəlmişdi.

O, müxtəlif vaxtlarda Azərbaycan parlamentində müşavir, universitetdə müəllim kimi fəaliyyət göstərmiş, həmçinin Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyi — TİKA ilə əlaqəli olmuşdu.

Dəmirqol rəsmi vəzifələrindən daha çox siyasi əlaqələrin qurulması və silahlı çevrilişin hazırlanması ilə məşğul idi.

Dəmirqol çevrilişdən əvvəl Türkiyəyə gedərək müəyyən təlimatlar almış, daha sonra Naxçıvanın Kələki kəndində Əbülfəz Elçibəylə görüşmüşdü. Həmin görüşdə hakimiyyətin devrilməsindən sonra yaradılacaq idarəetmə qurumunun tərkibi də müzakirə olunmuşdu.

Türkiyənin adının bu qalmaqalda hallanmaması və iki ölkə münasibətlərinin zədələnməməsi üçün məsələ əvvəlcə ictimailəşdirilməmişdi. Lakin sonradan vəziyyətin ciddiliyi nəzərə alınaraq bu məlumatlar açıqlanmalı oldu. 

Hətta həmin hadisələrə görə, bir Türkiyə vətəndaşı - Kənan Gürel həbs edilmişdi.  

Beləliklə, 1995-ci il hadisələrində Türkiyə dairələrinin iştirakı məhkəmə müstəvisində də sübut edilmiş olur.

Türkiyənin “Susurluk” qalmaqalı Bakıya uzanan əlaqələri üzə çıxardı

1996-cı ildə Türkiyədə baş verən Susurluk avtomobil qəzası ölkənin siyasi tarixində böyük qalmaqala səbəb olmuşdu. Hadisədən sonra dövlət təhlükəsizlik strukturları, siyasətçilər və mütəşəkkil cinayətkar şəbəkələr arasındakı əlaqələr ictimai müzakirəyə çıxarıldı. 1998-ci ildə Türkiyənin Baş nazirlik Təftiş Şurasının rəhbəri Kutlu Savaşın hazırladığı hesabat bu qalmaqalın əsas sənədlərindən birinə çevrildi. Hesabat dövlət strukturlarında qanunsuz fəaliyyət, təhlükəsizlik orqanlarının cinayətkar şəxslərlə əməkdaşlığı və xaricdə aparılan gizli əməliyyatlarla bağlı ciddi məlumatları əhatə edirdi.

Ən mühüm məsələlərdən biri isə Azərbaycanın adı idi. 1998-ci il yanvarın 14-də Türkiyənin Cumhuriyet qəzetində dərc olunan hesabatda bəzi dövlət məmurlarının Heydər Əliyev əleyhinə çevriliş cəhdinə qarışması barədə məlumatların yer aldığı bildirilirdi. Başqa sözlə, Azərbaycan tərəfinin bir neçə il əvvəl səsləndirdiyi ittihamlar artıq Türkiyənin özündə hazırlanmış rəsmi araşdırmanın mövzusuna çevrilmişdi.

Türkiyə mətbuatında yayılan məlumatlarda həmin dövrün baş naziri Tansu Çillər, dövlət naziri Ayvaz Gökdemir, polis rəhbərliyində çalışmış Mehmet Ağar, xüsusi əməliyyatlarla əlaqələndirilən Korkut Eken və İbrahim Şahin kimi şəxslərin adları hallanırdı.

Bəzi araşdırma və nəşrlərdə Türkiyənin millətçi siyasi dairələrinin də çevriliş planları ilə əlaqələri olduğu iddia edilirdi.

Süleyman Dəmirəl Heydər Əliyevin həyatını necə xilas etdi?

1995-ci il hadisələrinin ən diqqətçəkən məqamlarından biri Türkiyə Prezidenti Süleyman Dəmirəlin mövqeyi oldu.

Belə ki, 1995-ci ilin martında Kopenhagendə beynəlxalq toplantıda iştirak edərkən Süleyman Dəmirəl Heydər Əliyevə gözlənilən təhlükə barədə xəbərdarlıq edir.

Dəmirəl ona Azərbaycana qayıtdığı zamanı hava limanında sui-qəsdə məruz qala biləcəyini deyir. 

Dəmirəlin xəbərdarlığından sonra Azərbaycan Prezidenti Bakıya nəzərdə tutulan vaxtdan əvvəl qayıdır.

Çevrilişin arxasında hansı maraqlar dayanırdı?

1990-cı illərin ortalarında Azərbaycan təkcə daxili hakimiyyət mübarizəsinin yox, həm də böyük geosiyasi rəqabətin mərkəzində idi. 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” Xəzər neftinin beynəlxalq enerji bazarlarına çıxarılması üçün yeni imkanlar yaratmışdı. Azərbaycanın enerji resursları, onların daşınma marşrutları və Cənubi Qafqazın gələcək siyasi istiqaməti regional güclər üçün strateji əhəmiyyət daşıyırdı. Türkiyə də bu prosesin mühüm iştirakçılarından idi. Təsadüfi deyil ki, çevriliş cəhdindən bir ay keçməmiş, 1995-ci il aprelin 12-də Tansu Çillər Bakıya səfər edir, iki ölkə arasında neft sektorunda əməkdaşlıq üzrə razılaşma imzalanır.

Azərbaycanın müstəqilliyinə yönəlmiş təhlükə və tarixin verdiyi dərs

1995-ci ilin mart hadisələri Azərbaycanın müstəqillik tarixinin ən ağır siyasi böhranlarından biri idi. Dövlət başçısına qarşı sui-qəsd iddiaları, silahlı birləşmələrin mərkəzi hakimiyyətə tabe olmaması və xarici əlaqələr barədə ortaya çıxan məlumatlar ölkə suverenliyinin nə qədər ciddi təhlükələrlə üzləşdiyini göstərirdi.

Bu hadisələrin Türkiyə ilə bağlı tərəfi isə Azərbaycanı dövlətini çox üzmüşdü. Xalqımz qardaş ölkədən aldığımız bu zərbəni bir yara kimi ürəyində hələ də saxlayır.  

1990-cı illərin bu hadisələri müstəqil Azərbaycanın tarixində vacib bir dərs olaraq qalır: dövlətlər arasında dostluq nə qədər güclü olsa da, hər bir ölkənin öz siyasi qərarlarını müstəqil qəbul etmək, dövlət hakimiyyətini və suverenliyini qorumaq hüququ müzakirə predmeti ola bilməz!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar