“ATƏT konfliktlə idarə edən sistemdən başqa bir şey deyildi”.
Lent.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masada çıxışı zamanı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
"Azərbaycan müstəqilliyini yeni qazanandan sonra o vaxtkı ATƏT-ə müraciət etmişdi. Biz inanırdıq ki, bu təşkilat öz prinsiplərinə uyğun davranış sərgiləyəcək, lakin təəssüf ki, bu, belə olmadı. Sonrakı illərdə başa düşdük ki, bu bir növ konfliktlə idarə edilən qurumdur. Təcrübə onu göstərdi ki, onlar münaqişəni həll etmək yox, onun vasitəsilə həm Azərbaycana, həm də Ermənistana təsir etmək istəyirlərmiş.
Bunun nəticəsində onillərlə bizə qarşı hərbi təcavüz baş verməsinə baxmayaraq, işğalçılar heç bir təzyiqə məruz qalmırdılar, əksinə, onların fəaliyyətinə dəstək verirdilər, Rusiya silahla, Qərb isə maliyyə yardımı ilə. 2020-ci ildə gördük ki, Azərbaycan dövləti beynəlxalq qanunlara uyğun olaraq, işğalçıya cavab vermək hüququndan istifadə edib, işğalı və onun qalıqlarını Azərbaycandan rədd etdi.
Bu beynəlxalq sistemi Azərbaycan dövləti dağıtdı. 2020-ci ildən sonra da böyük oyunquranlar müxtəlif vasitələrlə bizə qarşı planlar qururdular, ocaq yaradaraq fəaliyyətlərini davam etdirməyi düşünürdülər”.