İran prezidentlərinin faciəvi sonu:  Terror qurbanı, ürək tutması, mühacirətdə ölüm...
22 may 2024 20:15 (UTC +04:00)

İran prezidentlərinin faciəvi sonu: Terror qurbanı, ürək tutması, mühacirətdə ölüm...

İranın sayca 8-ci prezidenti İbrahim Rəisi mayın 19-da Şərqi Azərbaycan vilayətində helikopter qəzasında həlak oldu. Amma Rəisi prezident postunda həyatını dəyişən ilk İran Prezidenti deyil.

Lent.az İranda 1979-cu ildə şah hakimiyyətinin devrilməsindən sonra təsis edilən prezident postunu tutan şəxslərin taleyinə nəzər salır.

1979-cu ildə İranda hələ prezident postu yox idi və bu funksiyanı Baş nazir yerinə yetirirdi. Mehdi Bazarqan ölkənin ilk Baş naziri və de-fakto prezidenti idi. O, bu postda 9 ay işlədi. Bazarqan tezliklə ali rəhbər Ruhulla Xomeyni ilə fikir ayrılığına görə istefa verdi, bundan sonra siyasətdən uzaqlaşdırıldı və İsveçrənin Sürix şəhərində mühacirətdə öldü.

1. İranın ilk prezidenti Əbulhəsən Bənisədr 1980-ci ilin yanvarında prezident oldu. O, ali rəhbər Ruhulla Xomeyniyə ən yaxın partiya olan “İslam Respublikası” ilə fikir ayrılıqlarından sonra səlahiyyət müddətinin bitməsinə 1,5 il qalmış parlament tərəfindən istefaya göndərildi. Bənisədr edam təhlükəsi altında İrandan qaçdı və Parisdə öldü.

2. İranın ikinci prezident olan Məhəmməd Rəcai, seçildikdən 28 gün sonra hökumət binasında bombanın partlaması nəticəsində həlak olub.

3. Üçüncü prezident Əli Xamenei 2 prezidentlik müddətini tamamladı və İslam Respublikasının birinci lideri Ruhullah Xomeyninin vəfatından sonra onun yerini keçdi. O bugünə qədər İslam Respublikasının ali rəhbəridir.

4. Dördüncü prezident Əkbər Haşimi Rəfsəncani 2 prezidentlik müddətini başa vurmuş, parlamentin spikeri və Ekspertlər Şurasının sədri kimi vəzifələrdə çalışıb. Həyatının son illərində ali liderlə münaqişəyə girib və onu tənqid edib. Siyasətdən uzaqlaşdırıldığı üçün prezident seçkilərində iştirakına icazə verilmədi və öz evində ürək tutmasından öldü.

5. Beşinci prezident Məhəmməd Hatəmi 2 prezidentlik müddətini tamamlayıb. Prezidentlikdən sonra o, informasiya boykotundadır. Hatəmini televiziyada göstərmək və qəzetlərdə dərc etdirmək, radioya dəvət etmək qadağandır.

6. Altıncı prezident, 2 prezidentlik müddətini başa vuran Mahmud Əhmədinejad Tehranda sakit həyat sürür, bəzən hakimiyyəti tənqid edən fikirlər səsləndirir.

7. Yeddinci prezident Həsən Ruhani 2 prezidentlik müddətini tamamladı, ikinci müddətin sonunda siyasətdən uzaqlaşdırıldı. Ona parlament seçkilərində iştiraka icazə verilmədi.

8. Nəhayət, səkkizinci prezident İbrahim Rəisi 3 il bu vəzifədə oldu. O, İranın ali rəhbəri yerinə potensial namizəd hesab edilsə də, 63 yaşında təyyarə qəzasında dünyasını dəyişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8340
avatar

Vüqar İsmayılov

Oxşar yazılar