Türkiyənin əsas müxalifət düşərgəsində siyasi ayrılıq rəsmiləşib. Cümhuriyyət Xalq Partiyasının (CHP) vəzifəsindən uzaqlaşdırılmış sədri Özgür Özel partiyanın Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısında CHP ilə vidalaşaraq yeni siyasi təşkilatın yaradıldığını açıqlayıb.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Özgür Özel toplantı salonuna daxil olarkən “Hər son yeni bir başlanğıcdır” sözlərini işlədib. Onun çıxışı partiya üzvlərinin alqışları və “Özgür başqan, azad gələcək” şüarları ilə müşayiət olunub.
Yeni partiyanın yaradıldığını elan etdi
Özgür Özel çıxışında keçmiş komandasının üzvləri, partiyanın seçilmiş vilayət sədrləri, əvvəlki rəhbərlikdə təmsil olunan şəxslər və millət vəkilləri ilə görüşlərin keçiriləcəyini bildirib.
O, texniki prosedurlar tamamlandıqdan sonra yeni siyasi təşkilatın Türkiyə Böyük Millət Məclisində əsas müxalifət partiyasına çevriləcəyini iddia edib.
“Millət vəkillərimizlə birlikdə yeni partiyanın yaradılması istiqamətində ilk addımı atırıq. Texniki işlər başa çatdıqdan sonra yeni partiyamız böyük fərqlə parlamentin əsas müxalifət qüvvəsi olacaq”, – deyə Özel bildirib.
“Bu günləri unutmayacağıq”
Özgür Özel CHP qrupundakı vida çıxışında son illərdə yaşanan hadisələrin Türkiyənin siyasi tarixində mühüm yer tutacağını söyləyib. O, siyasi mübarizəni fərqli təşkilat daxilində davam etdirəcəklərini vurğulayıb.
Özel bildirib ki, baş verənlər sona çatdıqdan sonra bu prosesdə kimin hansı mövqe tutduğunu unutmayacaqlar. Onun sözlərinə görə, siyasi mübarizədə məsuliyyətdən qaçanlar və mübarizəyə dəstək verənlər tarixdə fərqli qiymətləndiriləcəklər.
Keçmiş CHP sədri çıxışında “Tarix hər kəsi bu günlərdə necə dayanıbsa, elə yazacaq” deyib. “Medyaradar” yazır ki, Özel nitqində CHP-də rəhbərliyə gəldiyi 2023-cü ildən sonra yaşanan hadisələri də xatırladıb.
Partiyanın adı “Yeni Parti” olacaq
Türkiyə mediasının yaydığı məlumata əsasən, Özgür Özelin rəhbərlik edəcəyi siyasi təşkilatın “Yeni Parti” adlandırılması planlaşdırılır. Partiyanın təsis sənədlərinin iyulun 27-də Türkiyənin Daxili İşlər Nazirliyinə təqdim ediləcəyi iddia olunur.
Yeni təşkilatın təsisçilər heyətinin əsasən millət vəkillərindən formalaşacağı bildirilir. Siyasi kulislərdə Özelə dəstək verən azı 80 deputatın yeni partiyaya keçə biləcəyi irəli sürülür. Lakin partiyanın parlamentdə əsas müxalifət qüvvəsi olması üçün hazırkı CHP deputatlarının yarıdan çoxunun yeni təşkilata qoşulması lazımdır. Bu rəqəmlər hələlik rəsmi şəkildə açıqlanmayıb.
CHP-də böhran necə başladı?
Özgür Özel 2023-cü ildə keçirilən CHP qurultayında Kemal Kılıçdaroğlunu məğlub edərək partiyanın sədri seçilmişdi. Lakin məhkəmə qurultayın nəticələrini etibarsız sayaraq Özelin rəhbərlikdən uzaqlaşdırılması və Kılıçdaroğlunun vəzifəyə qaytarılması barədə qərar çıxarmışdı.
Məhkəmə qərarından sonra Özgür Özel CHP millət vəkilləri tərəfindən partiyanın parlament qrupunun sədri seçilmişdi. O, bundan əvvəl yeni partiyanın yaradılmasını “B planı” adlandırmış və hüquqi mübarizənin nəticəsiz qalacağı təqdirdə bu addımın atılacağını bildirmişdi.