Milli qurtuluşumuz!
15 iyun 2016 15:30 (UTC +04:00)

Milli qurtuluşumuz!

0

 

1991-ci il oktyabr ayının 18-də öz dövlət müstəqilliyini bəyan etməsinə baxmayaraq, Azərbaycan ərazisinin parçalanma təhlükəsi yaranmışdı.  Bir tərəfdən daxili parçalanma meyilləri, digər tərəfdən isə belə bir fürsətdən məharətlə istifadə edən erməni sepataçıları fəallaşmağa başladılar. 1992-1993-cü illər Azərbaycanın başı üzərini yenidən dövlət müstəqilliyini itirmək təhlükəsi aldı. Xalq yaxşı anlayırdı ki, onu bu təhlükədən xilas edə biləcək yeganə şəxs məhz Heydər Əliyevdir. Belə bir vəziyyətdə, 1993-cü ilin iyunun 9-da Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi.  Xalqın bu seçimi Ümummilli liderin qayıdışının uzun müddətdir ki, gözlənildiyini bir daha sübuta yetirdi. O, dərhal Azərbaycanın başı üzərini alan təhlükənin aradan qaldırılması və dövlət müstəqilliyimizin bir daha itirilməməsi üçün bütün gücünü səfərbər etdi. 1993-cü il, iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Ali Məclisinin Sədri seçildi. Beləliklə də, o vaxtdan etibarən ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi tariximizə yazıldı. Lakin daxili qüvvələr, o cümlədən xarici müşahidəçilər, siyasətçilər də Heydər Əliyevin bu dönüşünün bir nəticə verməyəcəyi qənaətində idilər. Çox keçmədi ki,  bu fikirlərin yanlışlığı sübut olundu. İyun ayının 24-də Ə. Elçibəyin öz vəzifəsindən getməsi ilə Prezident səlahiyyətlərini həyata keçirməyə başlayan Heydər Əliyev oktyabrın 3-də prezident seçkiləri nəticəsində səs çoxluğu ilə öz rəqiblərini geridə qoydu.

Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Bununla da Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və onun dünya dövlətləri sırasında öz layiqli yerini tutması istiqamətində yeni bir mərhələ başladı. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı.

Heydər Əliyevin misilsiz idarəçilik və qeyri-adi təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycan hərtərəfli dinamik inkişaf yoluna qədəm qoydu, ölkə  iqtisadiyyatın, mədəniyyətin, elmin bütün sahələrində sürətli tərəqqi dövrü yaşadı, tarixi nailiyyətlər qazandı. Xalqın, respublikanın taleyi  məsuliyyəti bir rəhbər , bir lider kimi bu müdrik şəxsiyyəti daim düşündürürdü. Onun ictimai rəydə yekdilliklə qəbul edilən lider imici obyektiv təməllərdən, həyata keçirilən nəhəng quruculuq planlarından, layihələrdən, ali insani keyfiyyətlərdən qaynaqlandığı üçün xalqda bu böyük dövlət xadiminə sarsılmaz inam, dərin məhəbbət yaranmışdı. Heydər Əliyev dövrünün mövcud şərtləri altında xalqının mənafeləri naminə fədakarlıqla çalışmış görkəmli dövlət və siyasi xadimi olaraq xalqın inamını qazanmağa nail olmuşdur.

Artıq Milli Qurtuluş tariximizdən 23 il keçir. 23 il bir tarix kimi qısa səslənsə də, dövlətçiliyimiz və əldə etdiyimiz uğurlar baxımından heç də qısa bir dövr kimi xarakterizə olunmur. Azərbaycanın 23 il ərzində nail olduğu istər daxili, istərsə xarici uğurlar, ictimai ahəngdarlıq, imza atdığımız qlobal miqyaslı layihələr belə deməyimizə zəmin yaradır. Əldə olunan hər bir nailiyyətimizin banisi, səbəbkarı Ulu Öndər olmuşdur.  Bugün Azərbaycanın qazandığı çoxşaxəli uğurların arxasında Heydər Əliyev tərəfindən əsası qoyulan gələcək perspektivləri də ehtiva edən milli inkişaf strategiyası dayanır. Prezident İlham Əliyevin inamlı fəaliyyətinin əsasında duran amil də məhz bu prinsiplərə sadiqliyidir.

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar