Millət vəkili Qənirə Paşayeva Cəlilli kəndində seçicilərlə görüşüb
15 oktyabr 2015 14:55 (UTC +04:00)

Millət vəkili Qənirə Paşayeva Cəlilli kəndində seçicilərlə görüşüb

Millət vəkili Qənirə Paşayeva Cəlilli kəndində seçicilərlə görüşüb. Lent.az-ın məlumatına görə, Q. Paşayeva ötən 10 illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində tovuzluları Milli Məclisdə layiqincə təmsil etmək üçün var qüvvəsi ilə çalışıb. 

“Bu 10 ildə sizə vicdanla, məsuliyyətlə, layaqətlə, sizin layiq olduğunuz səviyyədə xidmət etməyə çalışdım” - deyən Q. Paşayeva ona göstərilən etimad çərçivəsində beynəlxalq təşkilatlarda, bir sıra ölkələrlə dostluq qrupunun üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi fəaliyyəti zamanı da seçicilərini və ölkəmizi ləyaqətlə təmsil etmək üçün bütün gücü ilə çalışdığını deyib.

 

Qənirə Paşayeva bildirib ki, tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə  ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq: "Namizədliyimi yenidən irəli sürməkdə məqsədim budur".

 

“Bütün fəaliyyətim boyu sizi özümdən əvvəl düşündüm və sizin etimadınızı bir an belə itirməmək üçün çalışdım” - deyən millət vəkili vurğulayıb ki, prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən ölkəmiz üçün bundan sonra da hər kəs əlindən gələni etməlidir. Qənirə Paşayeva 105 saylı dairəni təmsil edən millət vəkili kimi daim fəaliyyəti ilə bağlı seçiciləri qarşısında hesabat verdiyini vurğulayıb. Seçki platforması barədə də ətraflı məlumat verən və hər bir seçicinin 1 noyabr seçkilərində fəal olmasının vacibliyini deyən Qənirə Paşayeva seçkilərin azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib.

 

Görüşdə iştirak edən seçicilər Qənirə Paşayevanın deputat kimi fəaliyyətindən razılıqlarını ifadə ediblər,  onun 10 illik millət vəkili fəaliyyəti dövründə tovuzluların Milli Məclisdə səsi olduğunu və hər zaman kənd sakinləri ilə bağlı məsələlərə böyük həssaslıq və qayğı ilə yanaşdığını deyiblər: "Siz hər zaman bizim yanımızda oldunuz. Biz  də səsimizlə sizin yanınızdayıq və inanırıq ki, bundan sonra da bizi layiqli şəkildə təmsil etməyə davam edəcəksiniz”.

 

Seçicilər görüş zamanı müəyyən problemlərin həlli ilə bağlı fikir və təkliflərini də Qənirə Paşayeva çatdırıblar və onların həlli istiqamətində də dəstəyini əsirgəməyəcəyinə inandıqlarını bildiriblər.  Millət vəkili Qənirə Paşayeva 2 gün öncə büdcə müzakirələri zamanı Cəlillidə “Təzə məhlə” adlanan ərazilərdə yaşayan sakinlərin evlərinin  təbii qazla təmin edilməsi məsələsini təkrar Milli Məclisdə  qaldırdığını və hökumətdən onun həllini xahiş etdiyini, bu mövzunu “Azəriqaz” rəhbəri Əkbər Hacıyev ilə dəfələrlə müzakirə etdiyini və  kömək etməyi xahiş etdiyini deyib və məsələnin yaxın zamanlarda həllini tapacağına inandığını bildirib.  Kənddə yeni məktəb binasının tikilməsi,  qaz,  elektrik və su təminatında görülən işlərin Cəlillinin  inkişafına öz müsbət töhfəsini verdiyini deyən millət vəkili Q. Paşayeva su ilə bağlı kəndin bəzi hissələrində həllini gözləyən problemlərin həlli istiqamətində “Azərsu” və  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə bir millət vəkili olaraq müraciət edərək kömək göstərilməsini xahiş etdiyini bildirib.

 

Eyni zamanda kənd bağçası ilə bağlı icma layihəsi ilə bağlı məsələnin yaxın zamanlarda həlli üçün müvafiq qurumlarla müzakirə apardığını deyən Qənirə Paşayevanın onların bu məsələnin yaxın zamanlarda  həlli üçün söz verdiklərini deyib.  Millət vəkili Q. Paşayeva Cəlillidə sakinlərlə görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili həmçinin, həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı rayonda bu sahəyə cavabdeh qurumla həmin müraciətlərə qısa zamanda baxılmasına dair müzakirələr aparıb.  Bir sıra seçicilər məhkəmələrlə, aliment ala bilməmələri ilə bağlı da Q. Paşayevaya müraciətlər ediblər. Sakinlər iş yerlərinin artmasına xidmət edən layihələrə böyük ehtiyac olduğunu  xüsusi vurğulayıblar. Millət vəkili kənd sakinləri ilə görüşdən sonra bir sıra vətəndaşları tək-tək dinləyib, onların problemlərinin həlli istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358

Oxşar yazılar