“Ərim bir qadını götürüb qaçdı Rusiyaya, 3 uşaqla qaldım tək...” - REPORTAJ
14 mart 2011 14:03 (UTC +04:00)

“Ərim bir qadını götürüb qaçdı Rusiyaya, 3 uşaqla qaldım tək...” - REPORTAJ

Onunla orada bir neçə dəfə rastlaşmışdım. Əslində onun kimilərinə Bakıda istənilən addımda rast gəlmək mümkündür. Qərara almışdım ki, onların biri ilə söhbət edim. Amma bu qarının özünü kifayət qədər sakit aparması, digər dilənçilər kimi fəryad qoparıb kömək diləməməsi və ya insanların qabağını kəsib yalvar-yaxar pul istəməməsi ani olaraq diqqətimi çəkdi. Qapqara kəlağayıya bürünmüş bu yaşlı qadın həm də kifayət qədər sakit bir yerdə - Bakı Apelyasiya Məhkəməsinin də yerləşdiyi Zahid Xəlilov küçəsinin Hüseyn Cavid prospekti ilə kəsişməsində, Texniki Universitetin arxasındakı səkidə oturub əllərini açaraq kiminsə nəsə verəcəyini gözləyir...

İki gün, günün müxtəlif vaxtlarında onu müşahidə etdim. Dilənçilər, xüsusən də paytaxt dilənçiləri haqda tez-tez eşitdiyim söhbətlərdən biri də bu idi ki, onların əksəriyyətinin dolanışığı normal insanlarınkından da yaxşıdır. Diqqətlə baxdıqda ilk baxışdan onun qaraçı olmadığını bildim.

Onu izlədiyim ilk gün düz axşam gecə saat 11-ə kimi oradan tərpənmədi. Küçə tamamilə boşaldıqdan sonra yavaş-yavaş yerindən qalxaraq yaxınlıqdakı yol kənarında köhnə, istifadə olunmayan avtobus dayanacağına oxşayan üstü beton örtüklü, yanları açıq yerə tərəf getdi. Burada xeyli köhnə taxta parçaları, bir qədər də tullantı parça-paltar və içi zir-zibillə dolu olan selofan kisələr yığılmışdı. Buranın yeganə şəraiti ondan ibarət idi ki, üstünü örtən beton örtük altında duranı qardan-yağışdan qoruyurdu. Arxa tərəfini universitetin hasarı tuturdu, yanları və qabağı isə tamamən açıq idi, köhnə avtobus dayanacaqlarına oxşayırdı. Bu “sığınacaq”da o tək deyildi - üzü-başı kir içində olan, kirli saqqalı və saçı sinəsinə qədər uzanmış, paltar əvəzinə demək olar ki, cır-cındıra bürünmüş bir kişi də vardı burda. Alnının sağ tərəfi əl içi boyda əcaib formada içəri batmışdı. Nə vaxtsa güclü travma aldığı hiss olunurdu. Onu Yasamal tərəfə yolu düşənlərin çoxu tanıyar. Bu barədə bir qədər sonra.

Qarı ortalıqda qalanmış kiçik ocağın qırağında oturan kişiyə heç baxmadan tullantıların arasında kiçik bir torba götürüb, kənara çəkildi. Bir kənara çəkilib torbasından nəsə çıxardıb, qurdalanmağa başladı. Bu zaman kişi ona acıqla nəsə dedi (görünməmək üçün bir qədər kənarda olduğuma görə nə dediyini eşitmədim). Arvad ona reaksiya vermərdi, öz işində idi. Təxminən beləcə 40 dəqiqə keçdi. Bir də baxdım ki, artıq arvad basını zibil dolu kisələrin üstünə qoyaraq yuxulayır. Az sonra həmən kişi də ocağı kənarında cır-cındıra bürünərək uzanıb yuxulamağa başladı.

Səhəri gün də təxminən eyni şey təkrar oldu...

Nəhayət, üçüncü gün yaxınlaşıb arvadla salamlaşdım. Səkinin kənarında oturduğu daşın üstündən yavaşca başını qaldıraraq qara çadrasını yana itələyib salamımı aldı. Bir az ordan-burdan söz saldıqdan sonra kimliyi və həyatı il maraqlanmağa başladım... Adı Nurgilə, atasının adı Əlidir. Öz soyadını unudub, ərinin soyadına isə nifrət etdiyi üçün dilinə belə gətirmək istəmir. Yaşı 60-dan yuxarıdır, amma dəqiq neçə olduğunu xatırlamır. Böyük Vətən müharibəsini xatırladığını iddia edir:

- Mənim köküm bakılıdır, ana tərəfim isə dağlıdır. Anamın anası Zeynəb Xanlarovanın anası ilə xalaqızıdır. Özüm də elə burada yaxınlıqda - “Sovetski” deyilən yerdə doğulmuşam. Atam o vaxt müharibəyə getdi qayıtmadı, anam əslən Cəbrayıldan olan Allahverdi adlı bir kişiyə ərə getdi. Anam ərə gedəndə nə bacım vardı, nə qardaşım. Ərə gedəndən sonra o kişidən başqa oğlanları və qızları oldu. Atalığım demək olar ki, mənimlə maraqlanmırdı. Ona görə də 18 yaşımda məni təsadüfən məhəlləmizdə görüb bəyənən, özümdən 14 yaş böyük bir kişiyə verdi. Ərə getdiyim o kişi rayondan idi (necə nifrət edirdisə, heç adını da demədi), bizim qonşu həyətdə qohumları kirayə qalırmış, məni onlara gəlib-gedəndə görüb. Məni alandan bir-iki ay sonra atalığımla davaya qalxdı ki, bəs yaşadığı otaqlardan biri onun arvadına (mənə) düşür. Çünki o vaxt yaşadığımız həyət elə rəhmətlik atamdan qalmışdı, atalığım anamı alandan sonra evimizə girmişdi. Həyət böyük idi, yan-yana çoxlu otaqları vardı. Beləcə anamın da atalığıma yalvarmasından sonra otaqların birinə köçdük. Təxminən iki il normal yaşadıq, ərim şəhərdəki ayaqqabı fabrikində usta işləyirdi. Nədənsə bir müddətdən sonra o, arabir gecələr evə gəlməməyə başladı. Soruşanda ağzına gələni deyir, məni döyürdü. Ona görə də çox vaxt qorxumdan dinmirdim. Lakin bir gün hər şey aydın oldu... xəbər çıxdı ki, ərim Balaxanıdan bir qadını da götürüb, Rusiyaya qaçıb. Üç körpə ilə (1 qız, 2 oğlan) qaldım tək. Artıq anam xərçəngə tutulub yerdə yatırdı, bir həyətdə yaşamamıza baxmayaraq atalığım heç anamı görmək üçün belə məni yanlarına buraxmırdı. O vaxt hökumət məni kimilərinə dayaq dururdu. Xahiş-minnət etdikdən sonra məni ərimin işlədiyi fabrikdə xadimə kimi işə götürdülər. Birtəhər uşaqları böyütdüm...

- Ərindən bir xəbər çıxmadı bəs?

- Yox bala, cəhənnəmə gedən kimi, o gedən getdi, heç xəbəri də gəlmədi. Uşaqları da zülm-zillətlə böyütsəm də, onların da heç axırı gətirmədi. Böyük oğlum yaxşı sənətkar idi, özünə ev də almışdı. Amma 39 yaşında qəfil dünyasını dəyişdi, indi arvadı heç məni qapıdan içəri buraxmır. O biri oğlum da burada - köhnə ata yurdumdadır. Neçə ildir şəkər xəstəsidir. Müalicə olunmayıb deyə, düz 5 ildir yer ilə birdir - yataq xəstəsidir. Arvadı onun-bunun paltarını yumaqla həm onu, həm də uşaqlarını dolandırır. Utandığımdan onlara gedə bilmirəm. Əsas yaşadığım yer qızımın evidir. O da ərə gedəndən sonra “Neftçilər” metrosu yaxınlığında kirayə yaşayır. Onun da adı yaşamaqdır bala, əri körpə uşaqla onu başlı-başına buraxıb başqa qadınla gəzir. Qazandığını başqa qadınlara xərcləyir. Çox vaxt heç evin kirayəsini də vermir, qızım şirniyyat sexində şirniyyat bişirən işləyir. Elə vaxt olur, başqasının da növbəsinə işləyir ki, həm evin kirayəsini, həm də çörək pullarını çıxarda bilsin. Amma çox vaxt çıxarda bilmir. Bir-iki dəfə gözümün qabağında tavandan ip bağlayaraq özünü asmaq istəyib, amma balaca qızının ağlamasına dözməyib, özünü saxlayıb. Çox vaxt da hirsini mənim üstümə tökür.

- Niyə?

- Nə bilim, bala... evdə məni görəndə elə bil bütün başına gələnlərin səbəbkarını görür. Heç pensiyamı qoymur gəlib mənə çatsın. Axırıncı dəfə nə vaxt öz pensiyamı almışam, heç xatırlamıram. Evdə olan vaxt günümü qara edir. Ona görə də, çox vaxt evə getmirəm, günə 60 qəpik, 1 manat, birdən olur 2 manat dilənib yığıb, gördüyün o betonun altında zibilliyin arasında gecələyirəm. Amma orada məndən başqa gecələyən o cır-cındırlı kişinin də birdən tutması tutur, məni söyüb qovur. Onda da əlacım kəsilib qızımın yanına gedirəm. Həmən gün də bəxtim gətirsə, yaxşı pul dilənib yığa bilsəm qızım əlimdəkini alıb məni evdə sakit buraxır. Ancaq o da tək-tük hallarda olur. Ay bala, bu yaşda yaşamaq üçün edə biləcəyim dilənçilikdir, onu da yaxşı bacara bilmirəm. Mənə bu gündən belə çox şey lazım deyil, yaşamaq üçün sakit dörd divar arası daxma, bir də bir qarın çörək. Heç olmasa, öləndə insan kimi ölüm.

- O kişi səni burdan niyə qovur?

- Mən iki ildən çoxdur gəlib burada dilənirəm, çünki burada böyümüşəm - buraları yaxşı tanıyıram. O da təxminən bir il olar bura yığışıb. Əvvəllər Hüseyn Cavid bağında, kolluqların arasında gecələyirdi. Oraları “remont” eləyəndə onun da oradakı “yuvası”nı dağıtdılar. Başı havalıdır, birdən öz-özünə qışqırır, kiminsə qarasına söyür. Amma nə heç kimlə danışır, nə də heç kimdən bir qəpik pul götürür. Bir dəfə burada yaxınlıqdakı imarətdən çıxan bir qadın sumkasından çıxarıb onun qabağına bir “50” lik atdı. Bu da eləmə tənbəllik, qadın gedəndən sonra pulu götürüb parça-parça etdi. Axmaq... heç olmasa mənə vermədi. Ancaq zibillikdəki qutulardan artıq “produkt”, çörək axtarıb tapıb onunla yaşayır. Deyir əvvəllər alim olub, amma sonra tutulub, türmədə bərk döyüblər. Hər şeyini də əlindən alıblar. Hərdən özü mənə belə deyir... Həm də bayaq tutması tutmuşdu, ya da nə idisə məni yaman söyüb yanından qovdu... deyəsən bala bu gecə də qızımın əlinin altında olacam.

Nurgilə nənə ilə bir az da söhbət etdikdən sonra ona çox mane olmaq istəmədim. Həmin o kişinin “məkanların”da olduğunu görüb, ona yaxınlaşdım. Axşam düşməyə başladığı üçün, haradansa tapıb gətirdi ağac qırıqlarını əli ilə qırıb yığıb özünə ocaq hazırlayırdı. Həmin təsvir etdiyim bu köhnə dayanacağa oxşayan yerdə hər cür zir-zibil tapıb toplamışdı. Cırıq selofan kisələrin orasını-burasını bağlayıb, içini zibillə doldurub özünə “yastıq- döşək” düzəltmişdi. Bundan başqa, burada boş su butulkalarından tutmuş kağız-kuğuza qədər hər şey vardı. Salam verdim... heç elə bil onunla deyiləm - öz işində idi. Yenə salam verdim, öz işindədir. Yenə də, yenə də... o demək olar ki, mənim varlığımın fərqinə varmırdı. Təxminən yarım saata qədər onu müxtəlif sual atəşinə tutdum ki, nəsə bir cavab versin. Daşdan səs çıxdı, ondan çıxmadı. Əksinə, sakitcə öz işində idi. Yenə də növbəti suallarımı verərək əlimi qaldırıb şəklini çəkmək istəyirdim ki, qəfil başını qaldıraraq üstümə necə qışqırdısa telefonum əlimdən düşdü:

- Nə istəyirsən məndən? Nə lazımıdır? Yeri çıx get işinlə məşğul ol də, özümü onsuz da pis hiss edirəm... O əclaflar kimi şəklimi niyə çəkirsən? Rədd olun burdan... Xata- balanızı məndən uzaq edin də...

- Mən sənə nə pislik edəcəm axı?...Ona peşəmi dedim və onunla ancaq söhbət etmək istədiyimi bildirdim... beləcə istəyimi ona izah edirdim ki, sözümü ağzımda qoydu...

- Çənəni yorub mənə mollalıq eləmə mənə, get işinlə məşğul ol, əl çək məndən - deyə qışqıraraq yenidən başladı ocağını qurdalamağa...

Ondan sonra nə illah etdim heç başını qaldırıb üzümə baxmadı.... Bu zaman yaxınlıqdakı xarici markalı bir maşına bir oğlan və bir qız minirdi. Qapını açıb avtomobilinə minmək istəyən oğlan onu görcək nə fikirləşdisə bizə tərəf gəldi. Mən bir az kənara çəkilib guya kimisə gözləyirəmmiş kimi gəzişməyə başladım. Oğlan ona yaxınlaşıb, ocaq qalamaq istədiyini görüb nisbətə özündən razı halda kişiyə dedi:

- İstəyirsən benzin verim?

“Dostum” heç oğlanın cavabını mənimkindən fərqli olaraq dərhal verdi. Kirli saç-saqqalının altından qəzəbli gözləri ilə olana baxdı:

- Neynirəm? Maşınım var mənim?

- Ocağını yandırmağa lazım deyil?

Qoca görkəminə yaraşmayan müdrikliklə cavab verdi:

- Mən ocağımı səni kimisinin benzini ilə yandırmıram. Xahiş edirəm, məni rahat burax...

Daha sonra oğlan bir-iki söz soruşmağa cəhd etsə də kişi bu dəfə də onu yanında “yox” kimi qəbul etdi və öz işi ilə məşğul olmağa başladı...

Məndə artıq şübhə yox idi ki, onun kifayət qədər ruhi sarsıntısı var. Ona görə də onunla daha çənə döyməkdən daşınıb oradan uzaqlaşdım. Mən oradan uzaqlaşanda Nurgilə nənəni də orada görmədim, yəqin bu “məkan”dan da qovulduğu üçün özünə cəhənnəm bildiyi qızıgilə getmişdi.

Nurgilə qarının “ev” yoldaşı olan bu kişi ilə söhbət etmək həvəsim məni rahat buraxmadı. Sabahı bir də vaxt tapıb ora gəldim. Yuxarıda qeyd etdiyim ki, Yasamalda “Elmlər” tərəfə ayağı düşənlərin çoxu onu görməmiş olmaz. Mən də elə tələbəlik illərindən onu ara-sıra buralarda görürdüm və hamı da onun cır-cındır içində olmasına baxmayaraq heç kimdən heç nə götürməməsi barədə danışırdı. O, mən deyərdim digər küçədə yaşayanlardan bəlkə də ona görə diqqəti cəlb edir ki, heç kimdən bir qəpik də götürmür. Növbəti gün mən ora gələndə Nurgilə qarı yol kənarında oturub adi günlərdəki kimi dilənirdi. Onların “məkanına” yaxınlaşdım, kişi cır-cındırına bürünüb tüstüləyən balaca ocağının kənarında dizlərini qucaqlamışdı. Mən ona yaxınlaşan kimi o nifrətlə:

- Mənim axırıma çıxmaq istəyirsən? Səni kim göndərib?!

- Məni heç kim göndərməyib. Bir az sakit ol. Dünən sənə nə iş gördüyümü də dedim, sənin haqqında yazmaq istəyirəm...

Sözümü yenə ağzımda qoydu:

- İstəyirsən padşah ol... Məni heç nə maraqlandırmır......(bir qədər susur). Mən də bir vaxt jurnalist idim. Ona görə indi yaşamağıma peşmanam... çıx get, bala, çıx get...

Müxtəsər, nə qədər cəhd etsəm də onunla ətraflı söhbət etməyə nail olmadım, amma düz iki saat ondan əl çəkməyərək az-çox məlumat ala bildim. Deməyinə görə, adı Məhəbbət soy adı Mikayıloğludur. Əslən Lənkəran rayonundandır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. Sovet İttifaqı dağılana qədər müxtəlif qəzetlərdə fəal müxbir olub. İttifaq dağılana yaxın Bakı şəhər rayonlarının katiblərindən birinin rüşvətxorluğu ilə bağlı silsilə yazılarına görə sifarişlə həbs olunur. Bakıdakı sovet həbsxanalarının birində onu möhkəm döyürlər. Alnındakı əcaib batıq da, dediyinə görə, onun nişanəsidir: “Məni qeyri-qanuni düz bir il Bayılda işgəncə ilə saxladılar. İttifaq dağılana yaxın bütün sənədlərimi, hər şeyimi əlimdən alıb, buraxdılar. Ağır travma almışdım, bir az xəstəxanada müalicə etdilər, sonra gördülər pulum yoxdur, “arxamdan bir təpik vurub” bayıra atdılar məni. Hamı məndən üz döndərmişdi - ailəm, qohumlarım. Elə o vaxtdan mən də hamıdan üz döndərmişəm... heç kimin mənimlə işi olmasın, mənim də heç kimlə işim yoxdur...” Daha danışmadı, mən də daha dərinə gedib heç nə soruşmadım. Çünki qızışdıqca o vaxtdan indiyə qədər yaxınlarının, qohumlarının, ümumiyyətlə kimi tanıyırdısa qışqıraraq hamısının qarasına ağır söyüşlər söyüb ağlayırdı.

Əslində Məhəbbət çox adamı tanıyır. Söhbətindən aydın olurdu ki, SSRİ-nin dağılması və Azərbaycanda müstəqil dövlət qurulan ərəfədə baş vermiş bütün proseslərdən xəbərdardır. Siyasi xadimlərdən tutmuş, Xalq Hərəkatının üzvlərinə qədər kimlərin adlarını çəkmədi və həmin tanınanlardan, onlardan indi də vəzifədə olanlardan kimlərin haqqında nələr danışmadı?! (Sadəcə onun təhlükəsizliyi üçün o barədə yazmağa ehtiyac görmədim). Deyir, intihar etməyi özünə acizlik sayır, amma o dünyaya çox tələsir. Elə onunla bir yerdə burda gecələyən Nurgilə qarını da hərdən ona artıq suallar verdiyi üçün burdan qovur...

P.S. Mən oradan uzaqlaşanda ani olaraq çevrilib ona baxdım, bu dəfə çox arxayın və sakitləşmiş kimi büzüşüb arxamca baxırdı.... Nələr vardı o baxışlarda, nələr...

Mübariz ASLANOV

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1439

Oxşar yazılar