Lent.az-ın müsahibi Xalq Şairi Nəriman Həsənzadədir.
- Nəriman müəllim, necəsiz, özünüzü necə hiss edirsiz?
- Nisbətən yaxşıyam. Arada səfərlərim oldu, bir az yoruldum.
- Bu yaşdan həyat necə görsənir?
- Həyat maraqlıdır. Hansı yaşdan baxırsan bax. Bu, həm də insanın səviyyəsindən asılıdır. Həyata çox gözəl baxıram. Həyat gözəldir. Mənfi tərəfləri də var. O da olmalıdı.
- Nəriman müəllim, sizin haqda bir fakta rast gəldim. Əsgərlikdən qaçmısız. Necə oldu bu?
- Teleqram gəldi ki, anam rəhmətə gedib. Mənim da anamdan başqa heç kimim yox idi. Atamı 1 yaşımda itirmişdim. Onda 20 yaşım var idi. Mayor Eyvazov var idi, komandirim. Yanına gəlib dedim ki, icazə verin, gedim anamı dəfn edim, mənim anamdan başqa heç kimim yoxdur. Dedi, gərək teleqrama hərbi komissar imza çəkə. Hərbi komissar da Qazaxda idi. Yəni mümkün deyildi. Mən duruxub qaldım. Bunu görən kimi qışqırdı ki, əmr edirəm, qayıt xidmət yerinə, keşiyində dur. Mən də cavan oğlan idim. Avtomatı çıxarıb çəkdim üstünə. Əllərini qaldırdı, dedi, icazə verirəm, çıx, get. "Salyan kazarması"dan bayıra çıxanda məni mühasirəyə aldılar. Silahı yerə atmağımı istədilər. Atmadım. Həmin an əhval-ruhiyyə başqa idi. Anamı itirmişdim. Onu da deyim ki, anam xan qızı olub. İstər-istəməz mənim də qanımda o var. Dedim ki, 3-ə qədər sayıram, avtomatları endirməsəz, hamınızı biçəcəm. 1...2... deyəndə hamısı avtomatı atdı yerə. Qohumumuz var idi, avtomatı qoydum onların evinə. Hərbi formada getdim anamın dəfninə. Ağlaya-ağlaya getdim, anamı dəfn edib ağlaya-ağlaya da qayıtdım. Qayıdanda məni məhkəməyə vermişdilər. Məsələ müdafiə nazirinə qədər çatmışdı. Tapşırıq bu idi ki, mənə elə cəza kəssinlər, hamıya görk olsun. Bəxtimdən "Salyan Kazarması"da şairlərlə görüş idi. Mən də gənc şair idim, şeirlər yazırdım. Gecədə Rəsul Rza, Nigar Rəfibəyli var idi. Nigar xanım dedi, Nəriman, sən də şeir oxu. Dedim, yox. İsrar edəndə ağladım.
Dedim ki, məni buradan birbaşa aparacaqlar. 3 il 5 ay həbs kəsiblər. Nigar xanımla Rəsul Rza məni də götürüb apardılar nizami hissəyə. Qısaca onu deyim ki, onlar məni 3 il 5 aylıq həbsdən xilas etdilər. Komandir də bağışladı. Mən ömür boyu o ailəyə minnətdaram.
- Yazıçı Anarla dostluğunuzun kökü həm də buna söykənir?
- Anarın ailəsinə çox böyük hörmətim var. Nigar xanım onun anasıdır, Rəsul Rza da atası. Mən tədqiqat apardım və sübut etdim ki, Nigar xanım Ağa Məhəmməd Şah Qacarın nəvəsidir. Anar da şah nəslindəndir, Qacarın nəvəsidir. Mənə elə gəlir ki, Anar o şahlıq vüqarını saxlayır.
- AYB-də Ağsaqqallar Şurasının sədrisiz. Necə gedir işlər?
- Ağsaqqallar şurasının üzvləri Xalq şairləri, Xalq yazıçılarıdır. Bəzən görkəmli adamları ora dəvət edirəm, görüşlər təşkil edirəm. Xalq yazıçılarını, şairlərini səfərbər etmək istəyirəm ki, bu günümüzlə bağlı çıxışlar etsinlər. Yenə bu yaxınlarda görüşlərimiz olacaq. Qazilərlə də görüşümüz olur. Özbəkistan səfirini də dəvət etmişdik.
- İlk şeirlərinizi xatırlayırsız?
- Həmişə bu sualı verəndə Gəncədə oxuyanda ilk yazdığım şeiri yadıma düşür. İlk dəfə tələbə vaxtı yazmışam.
- Nəriman müəllim, siz həm də sevgi şairi kimi tanınırsız. Çox maraqlıdır, sizin sevgi hekayəniz necə olub?
- Həyat yoldaşımla bağlı bir detal deyəcəm sizə. Gəncədə institutda oxuyurdum. O qız da Gəncədə bacımın yanında qalırdı. Bacımın əri qardaşı qızını gətirmişdi ki, bacım tək qalmasın. Evdə oturmuşduq, heç kəs yox idi. Dedik ki, gəl gedək gəzməyə. Qapını bağlayıb düşdük aşağı. Vağzaldan şəhərə qədər dəmir yolu gedir. Dəmiryolunun bir tərəfində o gedirdi, bir tərəfində mən. Arada dönüb bir-birimizə baxırdıq. Gəncə körpüsünə qədər getdik, bir tərəfdə o dayandı, bir tərəfdə mən. Bu qədər paklıq, sadəlik o elə gözəldir ki... Gecə oturub saat 3, 4-ə qədər bir-birimizə məktub yazırdıq. Bacım soruşurdu ki, niyə yatmırsız? Deyirdim, dərs edirik.
- Eyni evin içinə məktublaşırdız?
- Bəli. Bu, həyatımda bütöv bir mərhələdir. Sevdiyim qadınla ailə qurmuşam. Ancaq qəribədir ki, mən institutda 1-ci kursda oxuyanda o 8-ci sinifə gedirdi. Onu bacım kimi görürdüm, bilmirdim ki, onun mənə hisləri başqadır. Deyirdim, Sara, get instituta, gör filan qız necədir? O da gəlib hamısını pisləyirdi, hərəsində bir nöqsan tapırdı. Bu mənə sonradan çatdı. Qadın ürəyiylə zarafat etmək olmaz. 94 yaşım var, bəzən əzab çəkirəm. Ona görə ki, Sara ola-ola başqa qızlara şeir yazırdım. Buna necə dözürdü? Özümü ittiham edirəm. Onun qəlbinə dəymişəm. Həyat yoldaşım ola-ola başqa qızlara şeir yazırdım. Şairlik qəribədir, oğul, bir gözəli gördün, ona şeir yazırsan. O gözəl, bu gözəl... Bir dəfə mənə dedi ki, kaş mühəndisə ərə gedəydim, mən də xoşbəxt olaydım. Sonra dedi, yox, sənsiz yaşaya bilməzdim. İndinin özündə də onun xatirəsi qarşısında üzr istəyirəm. Əzab çəkirəm. Amma nə olsun? Vaxtında olmalıydı hər şey. Əsərlərim Akademik Milli Dram Teatrında səhnəyə qoyulurdu. Mənimlə görüş keçirirdilər, sonra tamaşa başlayıdı. Müxtəlif qonaqlar olurdu. Mənimlə əlaqə yaradırdılar, onlara şeir yazırdım. Şöhrət insanı sadiq qalmağa qoymur. Sara da hamısını ürəyinə salırdı. İndi səmimi deyirəm, buna görə əzab çəkirəm. Bunları danışıram ki, indiki gənclik bu səhvi eləməsin.
- İndi sevənlərə nə tövsiyə edərsiz?
- Sadiq olsunlar. Heç vaxt peşman olmayacaqlar. Başqa qızlara uymasınlar. Cavanlıqdır. Burada bir qız görüb eşqinə düşürsən, orada birini. Sadiq qalmaq çox çətindir. Qala bildinsə, böyük şəxsiyyətsən. Mənim kimi əzab çəkməyəcəksən.
- Bu, əslində, bir çox şairdə var. Məsələn, Mikayıl Müşfiq "Yenə o bağ olaydı" şeirini Dilbər Axudzadə ilə evli ola-ola başqa bir qadına - Arifə Məmmədxanlıya yazıb. Hətta deyirlər ki, fərqli qadınlara göndərib deyib ki, sənə yazmışam. Bu niyə belədir?
- Şair gözəlliyə pərəstiş edir, ona görə. Gözəldir, ağlını aparır... Mürəkkəb məsələdir. Sədaqət əvəzsizdir.
- Nəriman müəllim, Nazim Hikmət sizə ev alıb. Niyə aldı o evi?
- Maraqlı bir tarixçəsi var. Moskvada "Qorki" adına institutu oxuyanda Nazim Hikmətin evinə gedib gəlirdik. Xəlil Rza, İbrahim Kəbirli və mən qatarla Moskvadan Bakıya gəlirdik.
Plenumda iştirak etmək üçün. Yolda Nazimlə görüşdük. O da Bakıya gəlirdi. Bir az söhbət edəndən sonra Nazim bir şeir oxudu. Sonra dedi, siz oxuyun. Hansınızın şeiri xoşuma gəlsə, onlara gedəcəm. Üçümüz də şeir oxuduq, dedi, Nərimangilə gedəcəm. İbrahim Kəbirli dedi, Nərimanın Bakıda evi yoxdur axı. Bu söz xətrimə dəydi. Nə olsun yoxdur, qohumumun evinə aparacaqdım. Birdən xəbər gəldi ki, qonşu kupedə "Baksovetin" sədri gedir. Nazim Hikmət getdi onun qəbuluna. Məni çağırdılar. Qatarda Nazim "Baksovetin" sədrindən mənim üçün ev istədi. O da dedi ki, siz Bakıdan qayıdana qədər Nərimanın evi olacaq. Mənə Münəvvər Kələntərlinin evini verdilər. Evdə heç bir əşya yox idi. Qonşular hərəsi bir şey gətirdi. Mən sonra o evi iki gənc şair vardı, onlara verdim. Amma çox təəssüf edirəm, kaş onu xatirə saxlayaydım.
- Mir Cəlal Paşayev də sizə ev verib...
- Bəli. Özü də Mir Cəlal müəllim o evi oğluna almışdı, amma mənə hədiyyə etdi. Bu evi isə Prezident İlham Əliyev verib.
- Nəriman müəllim, istəyirəm sizə doğma olan şeirlərinizdən birinin tarixçəsini danışasız...
- Gözlədə-gözlədə qocaltdın məni
Mən ki yuxudaydım, oyatdın məni...
Balaxanı rayonunda görüş keçirilmişdi. O görüşdə bir qadın mənə yaxınlaşdı və dedi ki, məni gözlədə-gözlədə qocaltdın. Bu şeiri həmin qadının dilindən yazmışam.
- Niyə "məni gözlədə-gözlədə qocaltdın" deyib? Bəlkə, haçansa ona "söz" vermisiz?
- Xeyr, ilk dəfə idi görürdüm o qadını. Mən hələ də onu axtarıram. O qadın son zamanlarda mənə zəng etdi, dedi ki, yanına gəlmək istəyirəm. Dedim, gəl... Nömrəsini də kitablarımın birinə yazmışdım. Bilmədən həmin kitabı kiməsə hədiyyə etmişəm. Sonradan kitab hədiyyə etdiyim adamlara bir-bir zəng edib deyirdim, görün, orada bir nömrə yazılmayıb ki? Dedilər ki, yox. Amma hələ də axtarıram onu. Planlaşdırıram ki, Balaxanıya, həmin məktəbə gedib o qadını tapım...
Foto - İlkin Nəbiyev ©️ APA GROUP