"30 il əvvəl məni ancaq bu sual düşündürürdü" - Baş prokuror
14 iyun 2023 11:17 (UTC +04:00)

"30 il əvvəl məni ancaq bu sual düşündürürdü" - Baş prokuror

0

"1990-cı illərin ortalarında müdrik dövlət xadiminin prokurorluğa olan diqqət və qayğısının, aktual cinayət işlərinin istintaqı ilə yaxından maraqlanmasının və dəstəyinin şahidi oldum".

Lent.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev "Xalq" qəzetinin “Heydər Əliyev Xatirələr işığında” layihəsi çərçivəsində verdiyi müsahibəsində bildirib:

"1990-93-cü illər Azərbaycanın çox ağır, taleyinin həll olunduğu günlər idi. Həmin illərdə demək olar ki, dövlət inistitutları anarxiyaya təslim olmuşdu, ölkə xaosa sürüklənirdi. Azərbaycan Müstəqilliyini itirmək təhlükəsi qarşısında idi. Təbii ki, mən kənarda yaşasam da Vətənimdə baş verən bütün prosesləri ürək ağrısı ilə izləyirdim. 

Açıq etiraf edim ki, nədən Heydər Əliyevi hakimiyyətə dəvət etmirlər sualı  düşüncəmi məşğul edən ən aktual suala çevrilmişdi. Axı o insanın bütün ömrü bu ölkənin inkişafına, qurulmasına, rifahının yüksəlişinə xidmətdə və Azərbaycanı ən yaxşı şəkildə idarə etməkdə keçmişdi. 

Mənim kimi düşünənlər yüz minlərlə, milyonlarla azərbaycanlı var idi. Biz Moskvada bunu öz dostlarımız, diaspor nümayəndələri arasında çox müzakirə edirdik".

Baş prokuror qeyd edib ki, məhz bu gün, 15 iyun 1993-cü ildə sanki Allah ona üz tutan insanların səsini eşitdi:

"Nə yaxşı ki, Heydər Əliyev öz xalqının xahişini qəbul edib, doğma Azərbaycanı xilas etməyə razılıq verdi. Bunu ona görə deyirəm ki, Heydər Əliyev hakimiyyətdən gedəndən sonra ona qarşı çox böyük ədalətsizliklər olmuşdu. Azərbaycanın o zamankı rəhbərliyi hətta ona məxsus olan mənzili belə əlindən almış və əşyalarını boşaltmışdı. Azərbaycanı qurub-yaradan insana qarşı bundan böyük ədalətsizlik ola bilərdimi? Amma Heydər Əliyev bu ədalətsizliyi unutdu və Azərbaycanı xilas etmək üçün hakimiyyətə qayıtdı.

Ona görə də Heydər Əliyev Bakıya gələndə xalq artıq gördü ki, Azərbaycana dövlət qayıtdı, Azərbaycana dövlətçilik, dövlət atributları qayıtdı və Azərbaycana lider, dövləti yetərincə idarə edəcək şəxsiyyət qayıtdı. 

Xalqın gələcəyə inamı, ümidi özünə qayıtdı. Əlbəttə heç kim bilmirdi ki, dövləti və dövlətçiliyi necə, hansı yolla xilas etmək olacaq? Azərbaycan müstəqilliyini hansı vasitələrlə qorumaq mümkün olacaq? Amma xalq bir şeyi bilirdi ki, bütün bu sualların cavabını Heydər Əliyev tapacaq. Zaman da bu etimadı, inamı təsdiqlədi. 

Təbii ki, mən də bir azərbaycanlı gənc hüquqşünas kimi istəyirdim gəlib, qürur duyduğum insanın rəhbərliyi altında öz ölkəmin dövlətçiliyinin möhkəmlənməsində yaxından iştirak edim. Ona görə də 1993-cü ildə mən Rusiya Federasiyası prokurorluğundan köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olundum və xidməti fəaliyyətimi burada davam etdirməyə başladım. 1990-93-cü illərdə ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, müstəqilliyin itirilməsi təhlükəsi, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, xaos və anarxiyanın tüğyan etməsi fonunda prokurorluqda da rəhbərliyin tez-tez dəyişməsi qurumun fəaliyyətinə öz mənfi təsirini göstərməyə bilməzdi".

"90-cı illərin ortalarından Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində müstəntiq kimi fəaliyyət göstərdiyim zaman ölkədəki hərc-mərcliyin, itaətsizliyin, daxili çəkişmələrin alətinə çevrilmiş, ayrı-ayrı qrupların nəzarətində olan cinayətkar dəstələrin qanunsuz əməlləri ilə bağlı apardığım cinayət işlərinin istintaqı zamanı bir daha müdrik dövlət xadiminin prokurorluğa olan diqqət və qayğısının, aktual cinayət işlərinin istintaqı ilə yaxından maraqlanmasının və dəstəyinin şahidi oldum", - deyə Kamran Əliyev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2213

Oxşar yazılar